Qadınların cəmiyyətdə layiqli yer tutması dövlətimizin siyasətinin prioritetlərindən biridir
Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi martın 7-də “Azərbaycan
qadınının Seçki
Hüququnun 100 illik yubileyi” çərçivəsində
8 mart - Beynəlxalq Qadınlar
Gününə həsr
olunan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklillər qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları metronun “Nizami” stansiyası qarşısında ucaldılan “Azad qadın” heykəlinin önünə gül-çiçək dəstələri düzüblər.
“Absheron Mariot JW” otelində 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
“Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qadınlar” filmi nümayiş etdirilib.
Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunu oxuyub.
Daha sonra ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət sahələrində, ictimai-siyasi həyatda mühüm xidmətləri olan bir qrup qadına fəxri adların vəsiqələri və “Tərəqqi” medalı təqdim olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin respublikamızın ictimai-siyasi həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadının fəxri adlar və “Tərəqqi” medalı ilə təltif olunması barədə imzaladığı sərəncamlar bu gözəl bayramda ən böyük hədiyyədir. Azərbaycan qadını milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində, həm də dövlət quruculuğunda fəal iştirak edib və bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Cəmiyyətin bütün sahələrində təmsil olunan müasir Azərbaycan qadını ana olmaqla bərabər, bacarıqlı siyasətçi, sahibkar, müəllim, hərbçi, həkim, mühəndis, neftçi, hakim, alim və dövlət məmurudur.
Komitə sədri vurğulayıb ki, hazırda dünya dövlətlərinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Azərbaycanda qadına, onun hüquqlarının müdafiəsinə yüksək diqqət və qayğı göstərilir. Qadının ailədə, işdə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin siyasətinin prioritetlərindən biridir.
Son illər ölkəmizdə qadınlar üçün geniş imkanların yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində çox mühüm işlər görülüb.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm qayğıkeş ana kimi, həm də ictimai-siyasi fəaliyyəti ilə qadınlara örnəkdir. Biz fəxr edirik ki, ilk Avropa və IV İslam Həmrəyliyi oyunları Azərbaycanın birinci xanımının rəhbərliyi ilə yüksək səviyyədə keçdi. Bu, Azərbaycan qadınının yüksək intellektini və peşəkarlığını bir daha dünyaya göstərmiş oldu. Mehriban xanım ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bütün bunlar Mehriban xanım Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləyir”, - deyə Hicran Hüseynova bildirib.
Mərasimdə çıxış edən BMT-nın Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasseti deyib ki, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və qloballaşma prosesində mühüm yer tutur. Cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkan yaradılması əsas məsələlərdən biridir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yüksək milli mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olan Azərbaycan qadınının müstəqillik illərində böyük inkişaf yolu keçdiyini qeyd edib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ictimai həyatda qadınlara xüsusi diqqət və qayğı göstərir, onların əməyini yüksək qiymətləndirir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin ictimai-siyasi həyatında fərqlənən bir qrup fəal qadına diplomlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycan.- 2018.- 8 mart.- S. 4.