Nazirlikdə 8 Mart - Beynəlxalq
Qadınlar günü münasibətilə
tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Qadınlar günü münasibətilə nazirliyin qadın əməkdaşlarını təbrik edib, onlara xoş arzularını çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının da olduğunu söyləyərək onlara təbriklərini ünvanlayıb.
Nazir qeyd edib ki, qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edən ölkəmiz milli qanunvericiliyini gender bərabərliyi ilə bağlı mütərəqqi yanaşmalara uyğun qurduğunu qeyd edərək 2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2,3 milyonu ötüb”.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, hətta bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edir: “Buna misal olaraq, əmək müqavilələrinin 40-44 yaşlarında olanlar üzrə 50,8, 45-49 yaşlarında olanlar üzrə 54,4, 50-54 yaşlarında olanlar üzrə isə 53,5 faizi qadınlarla bağlanıb”.
Əmək fəaliyyəti ilə məşğul olan qadınların gələcək sosial təminat hüquqlarına malik olmaları üçün onların sosial sığorta sisteminə cəlb olunması istiqamətində də müvafiq işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 40,4 faizini və ya 1,5 milyona yaxınını qadınlar təşkil edir: “Nazirlik tərəfindən qadınların aktiv məşğulluq tədbirlərinə cəlb olunması da diqqətdə saxlanılır. 2017-ci ildə Nazirliyin məşğulluq orqanları tərəfindən münasib işlə təmin edilənlərin 28 faizə qədəri, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 51,3 faizi, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunanların isə 36,6 faizi qadınlardan ibarət olub. Aztəminatlı ailələrin kiçik ailə biznesinə çıxışına imkan yaradılması üçün icra olunan özünüməşğulluq proqramı çərçivəsində ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim olunmaqla ailə təsərrüfatları yaradanların 322 nəfərini qadınlar təşkil edib. Cari il ərzində də proqrama cəlb olunanların təqribən 30 faizdən çox hissəsinin qadınlardan ibarət olması nəzərdə tutulur”.
Ölkəmizdə sosial təminat sisteminin əhatə etdiyi şəxslər sırasında da qadınların mühüm yer tutduğunu qeyd edən nazir bildirib ki, hazırda əmək pensiyaçılarının 57,2 faizə, sosial müavinət və təqaüd alanların 40,5 faizə qədəri, nazirliyin xətti ilə Prezident təqaüdü ilə təmin olunanların isə 33,6 faizi qadınlardır. Müvafiq qanunvericilik aktlarında yaşa görə pensiya və ya yaşa görə müavinət hüququnun yaranmasında çoxuşaqlı qadınlarla, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlarla bağlı güzəştlər də müəyyən olunub. Beşdən çox uşağı olan qadınlar isə 18 yaşadək uşaqlarının hər birinə görə aylıq sosial müavinətlə təmin olunurlar. Prezidentin 23 fevral 2018-ci il tarixli Sərəncamı ilə həmin müavinətlərin məbləği bu il martın 1-dən artırılıb.
Nazir əmək və məşğulluq haqqında ölkə qanunvericiliyində də qadınlara münasibətdə milli-mənəvi dəyərlərdən irəli gələn yanaşmaların əksini tapdığını vurğulayıb: “Əmək qanunvericiliyi qadınların əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə əməyə cəlb olunmasını qadağan edir. Eləcə də hamilə və ya 3 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlarla bağlı milli qanunvericilikdə bir sıra güzəştlər və əlavə təminatlar müəyyən olunub”.
Tədbir bayram
münasibətilə qadınlara gül dəstələri
və hədiyyələrin təqdim olunması ilə
yekunlaşıb.
Azərbaycan.- 2018.- 8 mart.- S. 4.