Naxçıvanda 8 Mart - Beynəlxalq
Qadınlar Günü münasibətilə
tədbir keçirilib
Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını və muxtar respublika qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib: Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi və yüksəlişi, qabaqcıl dəyərlərə malik olması anaya, qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ana və qadın adının müqəddəs tutulması səbəbsiz deyil. Əsas səbəblərindən biri qədim türk adət-ənənələrinin yaşadılmasıdırsa, ikinci səbəbi isə müqəddəs dinimiz olan İslam dinidir. Bu dinin ehkamları da qadına, qıza və anaya yüksək ehtiram ifadə etmiş, Qurani-Kərimdə qadın hüquqlarına hörmətlə yanaşılması mənəvi öhdəlik kimi qoyulmuşdur.
Qeyd olunub ki, muxtar respublika qadınları da tarixin bütün dövrlərində öz fədakarlıqları və vətənpərvərlikləri ilə seçiliblər. İkinci Dünya müharibəsində Naxçıvandan 127 könüllü qadın iştirak edib, onların hamısı döyüş orden və medalları ilə təltif olunublar. Müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonrakı bərpa işlərində fərqləndiyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunub, qadınlarımızdan 11 nəfəri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Muxtar respublikanın təşkil olunduğu 1924-cü illə müqayisədə bu gün qadınların sayı 5 dəfə artaraq 226 min 847 nəfərə çatıb ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir. Muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513 nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 10 min nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 491 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 692 nəfəri, yaxud 68 faizi, özəl sektorda işləyənlərin 11 min 323 nəfəri, yaxud 20 faizi qadınlardır. Ümumiyyətlə, muxtar respublikada qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33 faizini təşkil edir.
Ali Məclisin Sədri deyib ki, muxtar respublika qadınları təhsil sahəsində də fərqlənirlər. Bunun əyani ifadəsi özünü ali və orta ixtisas məktəblərinə qəbulda qızların fəallığının artmasında göstərir. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların 174 nəfərini, yaxud 60 faizini qızlar təşkil edib. Hazırda muxtar respublikada elmlər doktorlarının 2-si, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Ona görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 147-si Azərbaycan Respublikasının, 133-ü isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 105 qadın orden, medal və nişanlarla təltif olunub.
Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olub.
Təltif olunanlardan Nina Abdullayeva, Kəmalə Əliyeva, Çiçək Əlizadə, Aləmzər İbrahimova, Mahizər Orucova, Xırda Ağayeva, Siyatel Cəfərova və Rəna Fətullayeva əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikanın inkişafına töhfə verəcəklərini bildiriblər.
Tədbirin bədii hissəsində Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının uşaqlarının ifasında kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.
Azərbaycan.- 2018.- 8 mart.- S. 5.