Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Ölkəmizdə xalçaxalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xarici bazarlarda satışının təşkilini, xalçaxalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, bu sahədə maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni təmin etmək məqsədilə Füzuli rayonunun Horadiz qəsəbəsində, Şəmkir, Quba, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ və Tovuz rayonlarında xalça istehsalı emalatxanalarının istismara verilməsi nəticəsində 1600 yeni yeri yaradılmışdır.

Bu sahədə işlərin davam etdirilməsinin və daha da genişləndirilməsinin vacibliyini nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Lənkəran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla  təchizatı və  infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2018-ci il

 

Azərbaycan.- 2018.- 18 mart.- S.1.