Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı
genişlənir
İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Nümayəndə heyətinə İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Neft Fondunun, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yüksək vəzifəli rəsmiləri daxil idi.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, önünə əklil qoyub. Sonra Azərbaycan nümayəndə heyəti Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi ilə tanış olub.
Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və daxili işlər naziri Giorgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, Azərbaycan və Gürcüstanın birgə beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olduğunu qeyd edib. Bildirilib ki, Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun böyük potensialı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə keçirdiyi görüşdə də layihənin xüsusi önəminin vurğulandığını, bu imkandan daha geniş yararlanmaq perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb: “Əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Birgə səylər nəticəsində məqsədə nail olacağıq”.
Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17 faiz, ixrac 13 faiz artıb. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3 milyard ABŞ dolları investisiya yatırıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən birinci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb. Azərbaycanın SOCAR şirkəti Gürcüstanda uğurla fəaliyyət göstərir.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Bakıda görüşünü xatırladan Dmitri Kumsişvili dövlətimizin başçısının BTQ və digər regional layihələrə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirib.
* * *
Səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə də görüşüb. Görüşdə Giorgi Kvirikaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, enerji və nəqliyyat sahələrində birgə irimiqyaslı layihələr həyata keçirilir və bu layihələr iştirakçı ölkələrə böyük fayda gətirir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev qonşu Gürcüstanla əlaqələrin inkişafını qeyd edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Ölkələrimizin iqtisadi-ticarət, investisiya, turizm, sosial və s. sahələrdə əməkdaşlığını qeyd edən Şahin Mustafayev nəqliyyat-tranzit və yükdaşımalar sahəsində əlaqələrin genişləndiyini, Azərbaycanda yaradılmış əlverişli infrastrukturun yük daşımalarının daha da artırılmasına, nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. Bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulayan nazir Şahin Mustafayev layihənin yükdaşıma sahəsi ilə yanaşı, sərnişindaşıma və turizmin inkişafında da əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.-8 mart.- S.1; 4.