ABŞ-ın Stanford Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

 

ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasında yer alan Stanford Universitetində Xocalı soyqırımına həsr olunmuş geniş anım tədbiri keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Bu film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Həmid Azəri 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmişmüasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra icma fəalları, o cümlədən Samir Lütvəliyev və Anar Usubov (Xocalı soyqırımının şahidi), çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin salındığını, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişbu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildiriblər.

Daha sonra “Zülmətdən qaçarkən” filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alimjurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tanınmış azərbaycanlı kamança ifaçısı İmamyar Həsənovun ifasında həzin musiqilər səsləndirilib.

 

Azərbaycan.- 2018.- 8 mart.- S.6.