ANA - şərəfin, şanın ucalığında
dayanan varlıq!
Ana və Vətən! Bu iki müqəddəs varlıq bir-biri ilə əkiz yaranıb, ayrılsalar cənnət cəhənnəmə dönər. Bəlkə elə buna görə peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! “Ana” sözünün Vətənlə qoşalaşması hər iki ifadəni daha da qüvvətləndirir, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.
Ana ailədə
böyük bir
varlıqdır, müqəddəsdir. Ana qardaşa
bacı, həyan, sirdaşdır. Ana yurddaşdır
- yurd daşıdır.
Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu
baxışlarla gözləyəndir.
Ana kişinin çiyindaşı, məsləkdaşı,
ömür-gün dostu,
həyat yoldaşıdır.
Ana varlıqlar içərisində hər
kəsdən başdır,
namusdur, qeyrətdir.
Ana həm də el-obada ağbirçək -
yolgöstərəndir...
8 Mart -Beynəxlaq
Qadınlar Günündə
anaları anmaq, xatırlamaq, onların xidmətində dayanmaq müqəddəs borcdur. Maraqlıdır, görəsən, bu əlamətdar tarixi hadisə rəsmiləşənə
qədər analar günü olmayıbmı?!
Çox
güman ki, bunun ən birinci
səbəbi ilin hər gününün analara həsr olunmasıdır.
8 Mart qadın
və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə
nəzər salsaq görərik ki, bu bayram heç
də romantik hadisələr nəticəsində
yaranmayıb. Həmçinin
“qadın bayramı”nın qeyd olunması daha qədim tarixə malikdir. Hələ qədim romalılar
mart ayında qadınlar
bayramını qeyd ediblər. Həmin gün matronalar
(qədim romalılarda
böyük ailə anası deməkdir) həyat yoldaşlarından
hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunublar. Hətta qul qadınlar
bayram günü bütün işlərindən
azad olunur və hədiyyələrlə
mükafatlandırılırdılar.
Gözəl və yaraşıqlı
paltarlar geyinərək
romalı qadınlar ilahə Vestanın məbədinə gedirdilər.
Bütün bunlarla yanaşı, ötən əsrin
90-cı illərindən analarımız
daha müqəddəs
bir obraza çevrildilər, həm
də səhnədə
deyil, həyatda. Qarabağın
qanlı-qadalı illərində
dəhşətli qırğınlar
törədilən, yer
üzündən silinən
bir yurd, yaddaşlarda daşlaşan
Xocalıya dönüb
isti qucağında, qundağında körpəsi
boğulan, yurdu dağıdılan, fəryadları
qulaqlardan getməyən,
diri-diri tonqallara qalanan balalarına əli yetməyən ağbirçək bir obrazı xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz
erməni vandallarının,
daşnakların amansız
təcavüzünə məruz
qaldılar. Sinəsi parçalanıb
bətnindən balası
çıxarılan analarımız
da oldu, düşmənin qanlı
baxışlarına və
vəhşiliyinə dözməyib
şüşə parçasıyla
damarlarını doğrayıb
canına qəsd edən də. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından
özlərini Tərtər
çayına atan ana-bacılarımızı unutmaq
mümkündürmü?! Belə analar bağrı yarılan, əli xınalı, qırmızı gərdəyi
qana boyalı gəlin, yaşmaqlı ağbirçək nənə
kimi yazıldılar yaddaşlara... Analarımız
itkin, əsir balalarını laylalarla deyil, bayatı-ağılarla
harayladılar:
Yağı, nələr eylədin?
Karvanımı əylədin.
Bir balamı apardın,
Bəs o birini neylədin?!
Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar həyatın mənası,
bəzəyi və əbədi gözəlliyidir.
8 Mart - Beynəlxalq
Qadınlar Günü
ilə bağlı ümummilli lider Heydər Əliyevin söylədiyi fikirlər
bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində
ən gözəl bayramdır. Çünki bu, qadınlara
həsr olunubdur.
İnsan
cəmiyyətində qadının
rolu, əhəmiyyəti
məlumdur. Qısaca onu
demək olar ki, qadınsız insan yoxdur, qadınsız
həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda
göstərdikləri bütün
başqa xidmətlərlə
yanaşı, ona görə ən yüksək qiymətə
layiqdirlər ki, onlar anadırlar”.
Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında
dövlət qadın
siyasətinin həyata
keçirilməsi haqqında”
6 mart 2000-ci il tarixli fərmanının
icrası ilə əlaqədar həyata keçirilən tədbirlərin
nəticəsi belə
deməyə əsas verir ki, ölkəmizdə
qadınların təhsil,
məşğulluq, sahibkarlıq
fəaliyyəti, rəhbər
vəzifələrdə təmsil
olunma göstəriciləri
ildən-ilə yüksələn
xətt üzrə inkişaf edir. Zaman keçdikcə Azərbaycan
cəmiyyətində qadının
rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın
fəal iştirakçısına
çevrilir. Qadınlarımız taleyüklü məsələlərin
həllinə qərar
vermək səlahiyyəti
əldə etməklə
bu günün lideri rolunu oynayırlar.
Azərbaycanın Birinci vitse-prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu mənada örnək kimi beynəlxalq miqyasda Azərbaycan qadınının
parlaq obrazıdır.
Qadınlarımız Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə
seçib-seçilmək hüququ
qazanaraq ölkəmizin
ictimai-siyasi həyatında
yaxından iştirak etməyə başlamışlar. Ölkə rəhbərinin
dediyi kimi, “Sürətlə maariflənən
qadınlarımız yüz
illərdən bəri
formalaşmış milli
dəyərlərə sadiq
qalmaqla ana dilimizin, mədəniyyətimizin
və mənəviyyatımızın
ən etibarlı dayağı olmuşlar.
Keçmişimizin unudulmaz səhifələrindəki
möhkəm iradəyə
malik görkəmli qadın şəxsiyyətlərin
yüksək ləyaqətinin,
ağbirçək analarımızın
müdrikliyinin daşıyıcıları
kimi müasir Azərbaycan xanımları
öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də
xalqa və cəmiyyətə fədakarcasına
xidmət edirlər”.
8 Mart Birləşmiş
Millətlər Təşkilatı
tərəfindən 1975-ci ildən
Beynəlxalq Qadınlar
Günü kimi qeyd edilir. Xalqımızın şərəfli, çoxəsrlik
qədim tarixinin səhifələrinə müdrik
hökmdar, cəsur sərkərdə, istedadlı
şair və sənətkar qadınlarımızın
adları qızıl
hərflərlə yazılıb.
Qadınların özünəməxsusluqları
odur ki, onlar xarakter baxımından bir-birinə
bənzəməzlər: zərif
olduqları qədər
də güclülükləri
ilə diqqət çəkirlər. Onları
birləşdirən yeganə
bir ad var - ana! Qadınlar fərqli, analar
isə eyni olurlar. Onlar istəkləri, arzuları,
sevinc və kədərləri ilə
bir-birlərinə bənzəyirlər.
Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur - gözlərinin nurunu, saçlarının
qaralığını, gecələrin
bal yuxusunu balasından əsirgəmirlər.
Beşik başından
ayrılmayan ana balasının nağıllı-noğullu
dünyasını qurur,
onu əzizləyir...
Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad
açan balalar, təəssüf ki, (xüsusən də oğullar) heç də həmişə bu müqəddəs varlıqların “kirpikləri
ilə od götürmələrini” dəyərləndirə
bilmirlər.
Bədii əsərlərdə
obrazlaşdırılmış belə nümunələr
az deyil.
S. Rüstəmin “Ana və
poçtalyon” şeirinin
qəhrəman obrazı
olan ananın oğul yolu gözləməkdən gözləri
tor gətirmədimi?
Dörd ay vardı,
ananın gözləri
yol çəkirdi,
Başqa bir dərdi yoxdu,
oğul dərdiydi
dərdi...
...Yerəmi batdı oğlum,
göyəmi çıxdı
oğlum?
Bəlkə mən yanılmışam,
Əzəldən yoxdu oğlum”?
Oğlundan məktubu gec-gec gətirən poçtalyonu
qınayan, sonralar isə onun özünün
yolunu gözləyən
ananın dərdi bir idisə, olmuşdu min.
Budur anaların müqəddəsliyi, bütün
varlıqlardan yüksəklikdə
dayanmaları, yaxud cənnətin onların ayaqları altında olmasını təsdiqləyən
səbəblər...
8 Mart bir
çox postsovet ölkələrində, həmçinin
Azərbaycanda da müstəqillik əldə
etdikdən sonra öz mahiyyətini qoruyub saxladı. Bu gün qadınlara diqqət, qayğı və sevgi özünü
müxtəlif formalarda
göstərir. Onlar gül-çiçək,
müxtəlif hədiyyələr,
həmçinin gözəl
sözlər, şeirlərlə
mükafatlandırılırlar.
...Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən adilikdən ali kürsülərədək ucalan vətəndaşdır, həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyiricidir, toxucudur... Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, səhnə xadimidir, rəssamdır... Kim deyil ki, analar?! Sənət dünyasının sevilənlərinin sırasında, önündə gedəndir! O, siyasətçidir, o, alimdir, o, diplomatdır -Sara xatun kimi! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə Milli Qəhrəman anasıdır!..
Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, dözülməz dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını sevib əzizlədiklərinə görə analar əbədilik qazanıblar! Analar ölməzdirlər!!!
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2018.- 8 mart.- S.9.