Şəhid qızı

 

Bakının “NizamiKino Mərkəzinin foyesində qələbəlik idi. Azərbaycanın Milli Qəhrəmanı, polis mayoru Ənvər Fərəcova həsr olunmuş “Vətənə dönənim...” adlı sənədli filmin nümayişi başa çatsa da, tamaşaçılar kino mərkəzini tərk etməyə tələsmirdilər.

Onlar qəhrəmanın döyüş dostları, doğmaları, keçmiş məktəb və universitet yoldaşları, çoxsaylı gənclər idi. Bir dəstə gənc qəhrəmanın qızı Jalə xanımı dövrəyə almışdı. Onlar Ənvər Fərəcovun igidliyi barədə övladının dilindən daha çox məlumat eşitmək istəyirdilər.

Jalə danışır, danışdıqca gah doluxsunur, gah özünü ələ alıb təmkinli olmağa çalışır, gah da atalı günlərinin xoş xatirələrinin təsiri altında üzünə ilıq bir təbəssüm çökürdü.

Jalənin atalı illərinin sayı cəmi 12 olub. O, həmin illərinağıllı günləradlandırır. Çünki onların həyatı çox gözəl idi. Ənvər Goranboy rayonundan olsa da, əvvəlcə ailəsi ilə bir müddət İmişlidə Gəncədə yaşamışdı. Sonra Türkmənistanın Bezmein şəhərinə köçmüşdülər. Ənvər Fərəcov daxili işlər orqanlarında çalışır,  Emma xanım məktəbdə dərs deyir, Nemət Jalə xoşbəxt böyüyürdülər.   

Ənvər Fərəcov Bezmeində özünün yaxşı işi xidməti ilə, ən ağır cinayətlərin üstünün açılması üçün apardığı uğurlu əməliyyatlarla, ümumiyyətlə, igidliyi ilə ad-san qazanmışdı. Jalə bu barədə evdə, həyətdə, küçədə, məktəbdə - hər yerdə eşidirdi onun balaca ürəyi sanki böyüyüb köksünə sığmırdı. Atasına sevgisi bir az da artırdı.

Qız uşaqlarının ataya sevgisi sonsuz olur. Xüsusilə, Azərbaycan ailəsində... Bu sevgi mentalitetimizdən, daxili dünyamızdan, qanımızdan-canımızdan gəlir. Hər bir qız atası ilə qürurludur, atasını kürəyi arxasında yenilməz bir dağ bilir.

Qız övladı da atanın ciyərparası, onun üçün çox əziz dəyərlidir. Öz zərifliyinə, qəlbinin incəliyinə görə...

Ənvərin ailəsində belə idi. Oğulun öz yeri vardı, qızın öz yeri. Atanın sevgisi hər ikisinə bol-bol çatırdı. Boş vaxtını uşaqlara sərf edirdi. Asudə vaxtı çox az olduğundan ondan səmərəli istifadə etməyə çalışırdı. Uşaqlar üçün maraqlı əyləncələr təşkil edir, onları təbiətin qoynuna gəzintiyə çıxarırdı.

Ənvəri qonşu ölkədə yüksək rütbə, perspektivli karyera, ailəsini isə daha gözəl firavan həyat gözləyirdi. Lakin vətəninin torpağına düşmən susayan oğul bu cür, Jalə demişkən, nağıla bənzəyən həyatı qəbul edə bilməzdi. Qərar qəti idi:  Azərbaycana dönmək!

1990-cı ilin yayında Türkmənistandan köçüb Gəncədə məskunlaşdılar. Belə ki, Ənvəri Gəncə Dəmir Yolu İdarəsinin mühafizə sisteminə işə göndərmişdilər. Bir il burada çalışdı. Sonra ona Goranboy Rayon Polis Şöbəsinin Todan bölməsində pasport-masa rəisi vəzifəsini etibar etdilər. Bu isə cəbhənin ən qaynar yerində, gündəlik hadisələrin mərkəzində, birbaşa döyüş meydanında olmaq demək idi. Ənvər Fərəcov hər gün ölümlə üz-üzə dayanırdı.

Jalə hər dəfə atası haqqında  danışanda o günləri sanki təzədən yaşayır:

- 1991-ci il avqustun 18-də 12 yaşım tamam olurdu. Atam söz vermişdi ki, həmin gün imkan daxilində evə dəyəcək. Lakin o gəlmədi. Biz artıq bilirdik ki, cəbhədə vəziyyət gərgindir. Nigarançılıqdan anam heç süfrə açmadı. Sonra üstəlik, atamın mühasirəyə düşdüyünü eşidib daha böyük təlaş keçirdik... Amma ertəsi gün atam sağ-salamat evə gəldi, bizə ayaqüstü baş çəkdi. Biz onu heç vaxt belə yorğun görməmişdik. Dünən baş verənləri bir kəlmə ilə qısaca çatdırdı: “Yeganə arzum o idi ki, şəhidliyim qızımın ad günündə olmasın”.

Ənvər həmin hadisədən düz bir ay sonra döyüş meydanında qəhrəmanlıqla həlak oldu.

Jalə söyləyir ki, ilk vaxtlar elə bil atamdan küsmüş kimi incik-incik ağlayırdım. Ağlıma sığışdıra bilmirdim ki, o məni, bizi tərk edə bilər. Bəlkə bu, uşaqlığımdan irəli gəlirdi, bəlkə belə hallarda insanlar ümumiyyətlə, bu cür hisslər keçirirlər?.. Amma zaman keçdikcə mən ata həsrəti ilə yanaşı, bir qürur hissi yaşamağa başladım bu qürur getdikcə artdı. İndi bu qürurla mənim övladım da yaşayır.

Ənvərin şəhidliyindən sonra bir müddət Gəncədə yaşayan ailə Bakıya köçdü. Övladlarının hər ikisi ali təhsil aldı, ailə qurdu, özləri ata, ana oldular. Əlbəttə, şəhid yadigarını göz bəbəyi kimi qoruyan neçə-neçə qeyrətli Azərbaycan qadınlarından biri olan Emma xanımın qanadları altında. Ənvər Fərəcovun uğrunda canından keçdiyi övladlarını əmanət qoyub getdiyi vətən onları unutmadı...

Jalənin atası ilə bağlı sözü-söhbəti bitib tükənmir:

- Ata itkisinin ağrı-acısını yaşamaq çox çətindir. Amma düşünəndə ki, sənin atan haqq işi üçün, vətən üçün, torpaq üçün şəhid olub, təsəlli tapırsan. Çünki onun qoyub getdiyi təmiz və şərəfli ad tək sənin üçün deyil, övladların, nəvə-nəticələrin üçün də əvəzsiz mənəvi sərvət, başucalığı, fəxrdir.

Bu gün Azərbaycan xanımları 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edirlər. Onların arasında “Təki vətən sağ olsun” deyən mərd şəhid anaları, övladlarına həm ata, həm ana olan şəhid xanımları, ata həsrətini qürurla qoşa yaşadan şəhid qızları da var. Bayramınız mübarək, əzizlərimiz! Bu bayramı qeyd etməyə sizin daha çox haqqınız var.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 8 mart.- S.8.