Bir ana tanıyıram...

 

Bir ana tanıyıram - əsrə bələdçilik edir. bu illəri, özü demişkən, hədər yerə keçirməyib. Doqquz övlad böyüdüb, 21 nəvəsi, 13 nəticəsi var. Hər biri öyünməyə, fəxr etməyə layiqdir. Lap uşaqlıqdan halal yaşamağı öyrəniblər, acizlik göstərməyiblər. İşin çətininə-asanına baxmayıblar.

Bir tikə çörək üçün hər cür zəhmətə qatlaşıblar. Zərdabın Seyidlər kəndində yaşayan Kubra Alxasova övladlarından danışanda qürur keçirir, onları belə böyütdüyünə görə ürəkdən sevinir. Deyir ki, heç birindən gileyim yoxdur. Ataları Əşrəf kişi dünyasını dəyişəndə Kubra xalaya sonuncu dəfə demişdi ki, doqquz övladımı əmanət qoyub gedirəm. Bilirəm, çətin olacaq. Onları böyütmək, ərsəyə gətirmək, yurd-yuva sahibi etmək o qədər   asan deyil. Amma əl-ələ verin, çətin günləri sovuşdurun. Uşaqların fərasətinə, bacarığına bələdəm. Hər şeyi sənə, bir Rzaya tapşırıram. Bir-birinizi qoruyun...

Kubra xalanı çox sorğu-suala tutanda, ötən  günləri xatırladanda kövrəlir: “Övlad böyütmək çətindir. Dörd oğul, beş qız övladı böyütdüm. qədər çətin olsa da, bir kimsəyə ağız açmadım, minnət götürmədim. Təsərrüfat işlərində çalışdım, hər gün 150-160 kiloqram pambıq toplayırdım. Uşaqların ehtiyaclarını ödəmək üçün hər cür zəhmətə qatlaşırdım. Uzun illər kolxozda sağıcı işləmişəm. Onda da işin çətinliyindən qorxmamışam. Son illərdə övladlarım da köməyimə çatıb. Kimin gücü nəyə çatırsa, ailəmizdən əsirgəmir”.

Kubra xala elə danışırdı ki, sanki övladlarına yenidən layla çalırdı: - Ana laylası, ana mahnısı... Dünyada ən ülvi, ən nəcib səs. Bu səsdə daxili təlaş, övlad taleyi üçün narahatlıq, nigarançılıq var. Doqquz övladını bu həzin laylanın səsi ilə böyüdüb Kubra xala. İllər ötdükcə nəvələri, nəticələri dünyaya gəlib. 21 nəvənin nənəsi olmaq o qədər asan deyil. Kubra xala deyir ki, heç birinə fərq qoymuram. İstəyimi, məhəbbətimi elə bölürəm ki, heç biri zərrə qədər inciməsin. Çoxunu əsgərliyə yola salanda nənə xeyir-duası vermişəm. Dönə-dönə nəsihət etmişəm ki, bu torpağı övlad məhəbbəti ilə sevin, sevgi ilə qoruyun. Onlardan əsgər məktubu alanda o qədər sevinirəm ki...

Ağbirçək bir ananın xeyir-duası ilə böyüyən uşaqlar bu yurdun varislik ənənələrini doğrultmaq, qorumaq üçün çox görürlər. Kəndin-kəsəyin ehtiyaclarına da şərik olurlar. Harada olsalar da, tez-tez doğma yurda, Kubra xalaya baş çəkirlər, hal-əhval tuturlar, ehtiyacını öyrənirlər. Kubra ana deyir ki, belə vərdişlər lap uşaqlıqdan yaranır. Ana laylası ilə qana, cana hopur. Övladlar böyüdükcə, yaşa dolduqca onlara çəkilən zəhmətin dəyərini özləri anlayır, hər şeyə qiymət verirlər. Elə ki bu vərdişləri uşaqlıqdan aşılaya bildin, onda onların gələcəyindən arxayın ola bilərsən.

Kubra xala yaşının bu çağında da öz kiçik təsərrüfatlarında bacardığı işin qulpundan yapışır. Nar ağacına qulluq etməyi hər şeydən çox sevir. Deyir ki, elə nar ağacı da uşaqlar kimi kövrək olur, şıltaq olur. Nazını çəkmədinsə, qulluq etmədinsə, qədərincə bar vermir. Bir vaxtlar kövrək çilik kimi torpağa sancdığı nar ağacları bu gün bar-bəhər verir. Kubra ana deyir ki, heç vaxt uşaqların payını kəsmir. Axı bura ata ocağıdır, hər kəsin qisməti var...

Kubra ana çox şeydən danışdı. Bu yaşında əsas məşğuliyyətini soruşanda sakitcə deyir ki, ömrümü-günümü nəvələrimə-nəticələrimə sərf edirəm. Körpələrin xoşbəxt böyüdüyünü görəndə sevinirəm. Elə bilirəm ki, nənə üçün bundan böyük mükafat ola bilməz.

Son günlər Kubra anaya gələn məktubların, telefon zənglərinin, teleqramların sayı xeyli artıb. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün övladları, yaxınları, doğmaları onu təbrik edir, xoş arzularını bildirirlər. Kubra ana belə təbrikləri ömrünün bir naxışı, xoş günü sayır.

Yaxşı deyiblər ki, qadın ürəyi kəpənək qanadı qədər həssas, kövrək olur. Gərək onu qorumağı bacarasan. Yoxsa dünyada sülhün, əmin-amanlığın sədası bir qədər azalar. Anaların, qadınların səsi dünyanın ən kövrək mahnısıdır, bəşəriyyətin sülh nəğməsidir. Gərək bu kövrək səsi, unudulmaz bəstəni qoruyaq.

Kubra xala son olaraq qadınları bayram münasibətilə təbrik etdi, onlara dünyanın ən xoş arzularını, istəklərini çatdırdı. Dedi ki, bir kəlmə xoş söz də qadınları ovundurmaq üçün kifayət edər. Təki bu sözü vaxtında-vədəsində deyə biləsən...

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan. - 2018.- 8 mart.- S.10.