Milli Məclisin 100 illik yubileyi
münasibətilə parlament
komandalararası futbol turnirinə start verilib
Azərbaycanın futbol komandası
beynəlxalq turnirə qələbə ilə başlayıb
Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər.
Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar.
Azərbaycan-Latviya qarşılaşmasından əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıblar. Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Azərbaycan komandasının heyətində Emin İmanov fərqlənib. İlk hissə komandamızın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandasının üzvü Musa Qurbanov 38-ci dəqiqədə ikinci topu rəqib qapısından keçirib. Matçın 48-ci dəqiqəsində Emin İmanov dubl edərək komandamızın qələbəsini rəsmiləşdirib.
Beləliklə, görüş 3:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.
Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Türkiyə təmsilçiləri 20-ci dəqiqədə Oktay Çanakın qolu ilə hesabı açıblar. Qarşılaşmanın 26-cı dəqiqəsində Abdulla Öztürk hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə də üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri matçın 34-cü dəqiqəsində Kəzim Kırçının qolu ilə rəqibi üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur ediblər - 3:0. Matçın 44-cü dəqiqəsində polşalı müdafiəçilərin səhvindən yararlanan Türkiyə komandasının təşkil etdikləri hücumu uğurla başa çatdıran Kəzim Kırçı özünün ikinci, komandasının isə dördüncü qolunu rəqib komandanın qapısından keçirib. Oyunun 49-cu dəqiqəsində isə Polşa komandası vurulan qollardan birinin əvəzini çıxıb. Olszoşka adını tabloya yazdırıb - 4:1. Lakin bu da oyunda sonuncu qol olmayıb. Qarşılaşmanın 55-ci dəqiqəsində Tahir Ağdərə dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub – 5:1. Beləliklə, görüş 5:1 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.
Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.
Yarışın “A” qrupunda Azərbaycan və Latviya,
“B” qrupunda Polşa və
Türkiyə komandaları yer alıblar. Ukrayna komandası isə birbaşa
yarımfinala vəsiqə qazanıb. “B” qrupunda
qalib gələcək komanda
yarımfinalda Ukrayna kollektivi
ilə qarşılaşacaq. “A” qrupunun qalibi isə birbaşa finala yüksələcək.
Azərbaycan.-
2018.-10 mart.- S.2.