Eyni taleyin yolçuları...
Üç ana, üç bacı, üç
nənənin yurdsuzluq ağrıları
Onlar, əslində, üç deyillər. Rəmzi olaraq üçünü seçdik. Ataların müdrik kəlamlarına pənah gətirən analarımız, bacılarımız, xala-bibilərimiz il boyu ailənin qayğılarını zərif çiyinlərində daşıyırlar.
Kəlbəcər rayonunun Barmaq Binə kəndində 1938-ci ildə dünyaya göz açan, uşaqlıq və gənclik illərini yazda, yayda yaylaqda, qışda isə oylaqda keçirən Səmayə nənə ömür-gün yoldaşı Yəhya Mehtiyevlə böyük bir külfət saxlayıb.
Zaman ötüb, dövran dəyişib. Doğulduğu və gözəl növraqlı günlər keçirdiyi, ömür sürdüyü kənd Kəlbəcərlə Göyçə mahalının arasında sərhəd idi. Ermənilər bu kəndə dəfələrlə basqın etsələr də, oğlanları Gəncəli, Mirzəli və məktəbyaşlı Seyfəli də atalarına qoşularaq düşmən qarşısına çıxaraq 5 il mühasirədə qalan kəndi qoruyublar.
Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti sığınacaq tapan, Kəlbəcərin işğal olunduğu 1993-cü ilin aprel günlərini acı xatirələrində, hələ də qurumayan göz yaşlarında saxlayan Səmayə nənəyə baş çəkdik. Özündən yox, vaxtsız, erkən itirdiyi, öldüsü-qaldısı bilinməyən, “yetkin balam, itkin balam” deyib sızıldadığı Mirzəlisindən yazmağımızı xahiş etdi. Əli yetməyən Kəlbəcərindən və burada ayrılığa dözməyib yolla getdiyi yerdə dizləri əsib yıxılaraq yurdsuzluq intizarına son qoyan, Kəlbəcərdə şəhid olan vətən oğullarının 360-dan çoxunu İslam qayda-qanunlarına, milli-dini adət-ənənəyə uyğun yuyub-kəfənləyərək ünvanlarına yola salan Yəhya kişidən söz açmağımızı istədi.
O ağır günləri yadına saldıqca qəlbindən od alan ağbirçək təngnəfəs olsa da, aramla danışdı. Dedi ki, 1993-cü ilin qara aprel günlərində həyat yoldaşı Yəhya oğlanları ilə düşmən qabağında, Yellicə və Dikyurd keşikçi məntəqələrindəki əsgər və polislərimizin yanında olublar. Son anlara kimi “postu” tərk etməyiblər. Kəndə dönəndə gözlərinə inanmayıblar: balaları Quzey yoluna səpələnib onları axtarırmış...
25 ildir yurd həsrətini çəkən Səmayə nənə Bakıda doğmaların qoltuğuna sığınmağa məcbur olub. Kəlbəcərsizlik dərdinə dözə bilməyən ailə üzvləri qarşıda onları hələ nələr gözlədiyindən xəbərsiz idi.
Bakıda oxumasına və yaşamasına baxmayaraq, könüllü cəbhəyə yazılıb döyüşlərə yollanan ikinci oğlu Mirzəli Mehtiyev də 1994-cü ilin yanvar-fevral aylarında gedən “Murovdağ əməliyyatı”nda kəşfiyyatçı qrupla dağlara üz tutdu. Feyruz Alışov, Şahin Süleymanov, Mirzəli Mehdiyev, Babək Məmmədov, Famil Allahverdiyev, Müşfiq Abbasov, Natiq Məlikov, Xalid Hümbətov kimi neçə-neçə qorxmaz, cəsur oğullar o “əməliyyat”ın qurbanına çevrildilər.
Bu ayrılığı da yurdsuzluq dərdinin üstünə qoyub Azərbaycanı başdan-başa dolaşan, oğlundan soraq almaq istəyən ata-ana heç nəyə nail olmayıb: yurd da əldən gedib, oğul da. Təkcə öz oğlunun yox, qardaşı oğlu, mayor Tahir Mehtiyev, erməniyə qan uddurmuş Famil Mikayılov və qardaşı, bölük komandiri, şair Sabir Mikayılov, oğlu Mirzəli, bir sözlə, nəsildən itirdiyi yeddi oğul dərdi onun də qədd-qamətini əydi!
Ananın səsi titrəyir və susur. Ulu Tanrı kaş möcüzə yarada: gözü yolda, qulağı səsdə olan bütün həsrətliləri sevindirə.
Bu sevincdən 25 ildir itkin oğlunun uzaq yollarına göz dikən Səmayə nənəyə,
qardaş-bacılara da
pay düşə...
Səmayə nənəni ağladan dərd oğlunun şəhid olması deyil. Şükür edir
ki, Mirzəlinin Mədəniyyət və
İncəsənət Universitetini
bitirib əsgərliyini
də Murovdağda, Kəlbəcər istiqamətində
başa vuran, atasına çox bənzəyən Tacəddin
adlı oğul yadigarı var...
Mirzəli kimi bir igid,
qorxmaz, cəsur oğulun bilinməyən taleyi atanı qəfil yıxdı, anasının isə gözlərinin nurunu aldı.
Bu da ömür-gününü qaçqınlıq-köçkünlükdə
keçirən səksən
yaşlı Səmayə
nənənin intizar dolu baxışlarındakı
həsrət, niskil, ayrılıq dərdi. Hər Novruz bayramında diləyir ki, itkinindən bir soraq çıxaydı kaş...
Kəlbəcərin sağ qolu Göyçə,
solu isə Laçın idi. Dağları kimi, insanları da bir-birinə mənən dayaq, təbiətən, xaraktercə
də oxşar olublar. Bu gün də elədirlər: dərdləri, nisgilləri,
qayğıları arzu-diləkləri
qoşalaşıb: doğma
yurdlara qayıtmaq, oralarda yenidən məskən salmaq, dərd-səri atmaq...
O yurdlardan uzaq düşənlərdən
biri, ixtisasca dil-ədəbiyyat müəllimi
olan Bəsirə Məmmədli ilə görüşümüzdə bir başqa nisgillə qarşılaşdıq.
Səmayə nənədən fərqli yaş, düşüncə, yurda
bağlılığın başqa bir formasını duyduq.
Məmmədli Bəsirə Zakir
qızı 1975-ci ilin
elə bu vədələrində Laçın
rayonunda anadan olub. Laçın şəhərindəki 1 nömrəli orta məktəbi bitirib.
Uşaqlığı dağlarda
keçən balaca Bəsirənin arzuları
böyük olub: oxumaq, ali
təhsil almaq, doğma yurda müəllim kimi dönmək. Arzularının qanadında Bakıya
pərvazlanmaq istərkən
erməni vandalları
doğulduğu Laçın
dağlarına göz
dikdi. Laçın
rayonu 1992-ci il
may ayının 18-də ermənilər
tərəfindən işğal
ediləndə doğma
yurd yerlərindən,
isti ocaqdan, dağlardan qovulanlardan biri də onların
ailəsi olub.
1998-ci ildə N.Tusi adına
ADPU-nun Filologiya fakültəsini
bitirib. O zamandan Laçın rayon 32 nömrəli
tam orta məktəbdə
çalışıb. Hazırda həmin
məktəbdə təşkilat
işləri üzrə
direktor müavinidir.
Fəaliyyətə başladığı vaxtdan nizam-intizamı, işinə məsuliyyətlə
yanaşması onu məktəbin müəllim
və şagird kollektivinə sevdirib.
Yeni nəslin təlim-tərbiyəsində,
vətənpərvərlik ruhunda yetişməsində
əlindən gələni
əsirgəməyən Bəsirə
müəllimə daim
dövlətçilik ənənələrinə
sadiq qalan bir pedaqoji kollektivdə
çalışdığı üçün özünü
xoşbəxt sanır.
Amma arzusu orta təhsil aldığı, özünün
də titrək addımlarla üz tutduğu məktəbdə
müəllimləri ilə
çiyin-çiyinə çalışmaq
olub: “Məktəb idarəçiliyi və yeni təhsil innovasiyaları ilə bağlı kurslarda iştirak etmişəm. “Beş qönçə” və “Azərbaycan qadınları
müstəqillik yollarında”
kitablarının redaktoru
olmuşam. Mətbuatda hərbi-vətənpərvərlik
mövzusunda onlarla məqaləm dərc edilib. Dövri mətbuatla sıx
əlaqə yaratmışam.
Məcburi Köçkün Qadınların Milli Şəbəkəsinin koordinatoruyam.
Məcburi Köçkün Qadınların Təşəbbüs
Qrupunun namizədi kimi 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə
deputatlığa namizəd
olmuşam”.
Bəsirə xanımın qohum-əqrəbası
Bakı, Ağcabədi
və Beyləqanda məskunlaşıb. Atası Zakir 40 il
elektrik mühəndisi
işləyib. Qardaşı
Sahib Şuşa musiqi kollecinin tar şöbəsini bitirib, lakin sonradan atasının yolunu davam etdirərək elektrik mühəndisi ixtisasına yiyələnib.
Bacısı Şuşa mədəni-maarif
kollecini bitirib. Laçının Sarıbaba dağının
ətəyindəki Seyidlər
kəndi ata-baba yurdu olub. Bəsirə 4-5 il
həmin kənddə
nənəsi ilə yaşayıb…
O, 25 ildir ki, nə yazın
gəlişini duyur, nə də Novruz bayramının. Deyir ki, axı bu
gün əsir və girovluqda min bir zülm və
zillətə qatlaşan
qadınlarımız - ana-bacılarımız
var. Onlarsız kimin könlü açılar
ki, bayram əhvali-ruhiyyəsində olsun?!
İnşallah, biz bayramlarımızı doğulduğumuz yurd yerlərində qələbə
ilə qeyd edəcəyik.
17 yanvar
1976-cı il tarixində
Xocalı şəhərində
doğulan, 1 yaşına
kimi orada yaşayan, “Xocalı Soyqırımını Tanıtma”
İctimai Birliyi Binəqədi rayon şöbəsinin
rəhbəri, şəhid
nəvəsi kimi tanınan Ayna Novruzova da o dəhşətli günlərdən
salamat çıxan uşaqlardandır. 80 yaşlı
atası Allahyar müəllim 26 ildir Xocalı müsibətlərini
yaddaşında və
dərdli-nisgilli misralarında,
özü isə ictimai fəaliyyətində
yeni nəslə çatdırır, daha geniş auditoriyalarda təbliğ edir.
Xocalılılar əsasən Goranboy rayonundakı Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıblar. Ona görə də qəsəbə rayon mərkəzi kimi tanınır. Lakin onların bir qismi Göygöl rayonunun Hacıməlik kəndi ərazisində yeni salınmış qəsəbədə, həmçinin Binəqədi yaxınlığındakı “Gənclik şəhərciyi” kimi tanınan yeni yaşayış məhəlləsində məskunlaşıb. Dünya yola salmış, ömrünün ixtiyar çağlarında isə ikiqat yurd nisgili ilə bala soraqlayan, itkin, əsir, girov, yaxud şəhid olduğu bilinməyən, oğul yolu gözləyən ana-bacılar burada da az deyil. Bir vaxtlar Laçında dünyaya göz açıb, Xocalıda ocağı qaralan, çırağı sönən Kübra nənə kimi gözüyaşlılara təsəlli, ümid verməyi özünün vətəndaşlıq borcu hesab edən Ayna Novruzova yolunu tez-tez bu qəsəbədən salır, doğmalarına baş çəkir. İllərdir ki, erməni vandallarının o gecə törətdiyi vəhşiliyi nəinki respublikamızda, artıq qardaş Türkiyənin müxtəlif bölgələrində də “Xocalıya ədalət!” kampaniyasını necə apardıqları ilə bağlı onlara məlumat verir, hər bir kəsi bu işdə fəal təbliğatçı olmağa çağırır.
Məcburi köçkünlük həyatı yaşamağa başlayandan atası Allahyar müəllimin də beş nəfərlik ailəsi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıb.
11 il öncə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi yarananda o da könüllü olaraq təbliğatçı qrupun üzvlərindən birinə çevrildi. Adıçəkilən təşkilatın qadınlar şurasının sədridir. Deyir ki, təbliğatın coğrafiyası genişləndikcə dünya erməni vandalizmi haqqında əsl həqiqəti öyrənir və onların antiinsani əməllərini lənətləyir. Bu illər ərzində nəinki Azərbaycanda, artıq Almaniya, Türkiyə, Rusiya kimi böyük və nüfuzlu ölkələrdə də Xocalıya ədalət istəmişik.
Ayna Novruzovanın təsəllisi odur ki, Azərbaycanın haqq səsi artıq eşidilir. Bu isə intizarın, həsrətin sonu deməkdir.
Qarabağda separatizm baş qaldırandan Azərbaycan qadınlarının taleyinə bax beləcə ağrı-acı, göz yaşı da yazıldı. Doğma yurdunu, balasını, ailəsinin başçısını, qardaş-bacısını... itirən anaların 8 mart bayramı heç yada da düşmədi. Necə düşsün? Axı elə şəhid balaları oldu ki, onların doğum günü məhz 8 mart günü idi. Bəs 8 mart tarixində düşmən gülləsindən al qana bələnən igidlərimiz azmı oldu?!
Bəli, rəmzi seçdiyimiz hər üç qadının obrazında da deyə bilərik ki, onları cəmiyyətin parlaq siması adlandıranlar, ailənin isti ocağına bənzədənlər yanılmayıblar. Hansı evdə-ailədə qadın, ana, bacı nəfəsi varsa, ora ilin bütün fəsillərində bahar təravətli olur: səliqə-sahman ilə...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2018.- 10 mart.- S.5.