Prezident
İlham Əliyev Azərbaycan jurnalistlərini təbrik etdi
Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan Mətbuat Şurasının VII qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, mətbuat-hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin l qurultayında mətbuatın özünütənzimləmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təkliflərlə çıxış etmiş, dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərmişdir. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutmuş və cəmiyyətdə böyük nüfuz qazanmışdır. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirməsi bunu əyani şəkildə təsdiq edir.
Hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycan Respublikasında hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm ki, qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir.
İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcəkdir.
Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm cansağlığı və qurultayın işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 mart 2018-ci il.
Azərbaycan.- 2018.- 11 mart.- S.1.