Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq
mühiti yaranıb
Martın 10-da Bakıda Azərbaycan
jurnalistlərinin VII qurultayı keçirilib.
AZƏRTAC xəbər verir
ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət
himni səsləndirildi.
İştirakçılar
ötən qurultaydan keçən dövr ərzində
dünyasını dəyişmiş jurnalistlərin xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov qurultayı
açaraq bildirdi ki, məclisdə iştirak etmək
üçün 166 üzv təşkilatdan 241 nümayəndə
qeydiyyatdan keçib. Yetərsay var və qurultayımız
işə başlaya bilər.
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov dövlətimizin
başçısı İlham Əliyevin qurultay
iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra qurultayın sədarəti,
katibliyi, say və mandat komissiyalarının yaradılması
üçün təkliflər oxundu, səsə qoyularaq qəbul
edildi.
Qurultayın gündəliyi
səsə qoyularaq qəbul edildi.
Qurultay “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcidin sədrliyi ilə
işini davam etdirdi.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov Azərbaycan
jurnalistlərinin VI qurultayından ötən dövrdə
görülən işlərlə bağlı hesabat məruzəsi
ilə çıxış etdi. Hesabat dövründə əldə
olunan nailiyyətlər, mövcud problemlər və onların
həlli yollarından danışan MŞ-nin sədri bildirdi
ki, Azərbaycan jurnalistlərinin VI
qurultayından bu günədək Şuraya ümumilikdə
3145 şikayət daxil olub. İlkin mərhələdə
baxılan 3145 məsələdən 2213-ü katiblikdə həllini
tapıb, tərəflər arasında anlaşma əldə
olunub. Digər 932 halda şikayətçi
və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən
məsələlər və onlarla bağlı toplanmış
materiallar baxılmaq üçün Şuranın müvafiq
komissiyalarına göndərilib. 932
şikayətin 711-i şikayətlər üzrə komissiyada,
159-u reket jurnalistikaya qarşı mübarizə
komissiyasında, 14-ü mətbuat ilə dövlət
qurumları arasında problemlərin həlli komissiyasında,
48-i sosial-iqtisadi komissiyada araşdırılıb.
Şikayətlər üzrə komissiyada baxılan 711 məsələdən
584-ü komissiya səviyyəsində həllini tapıb, digər
127 məsələ barədə çıxarılan rəylər
qərar qəbulu üçün idarə heyətinə təqdim
edilib. Reket jurnalistikaya qarşı mübarizə
komissiyası tərəfindən araşdırılan 159
şikayətdən 104-ü barədə təqdimat
hazırlanaraq yekun qərar qəbulu üçün idarə
heyətinə göndərilib. İdarə
heyəti hesabat dövründə şikayətlər üzrə
komissiyanın 127, reket jurnalistikaya qarşı mübarizə
komissiyasının 104 rəyinə əsaslanaraq, ümumiyyətlə,
231 qərar çıxarıb. Qurultaylararası
dövrdə MŞ İdarə Heyətinin 35, şikayətlər
üzrə komissiyanın 76, reket jurnalistikaya qarşı
mübarizə komissiyasının 29, mətbuat ilə dövlət
qurumları arasında problemlərin həlli komissiyasının
18 iclası keçirilib. Bundan başqa,
müxtəlif məsələlərlə bağlı
Şuranın sosial komissiyasının 11, hüquq, iqtisadiyyat,
dil, təhsil, bölgə mətbuatının inkişafı
komissiyalarının hər birinin 9 iclası keçirilib.
Şuranın apellyasiya qrupu 5, Ahıl Jurnalistlər
Məclisi 39 dəfə toplanıb.
Əflatun Amaşov deyib ki,
bu gün Azərbaycanda mediaya sistemli dövlət
qayğısı mövcuddur. Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu uğurla fəaliyyət göstərməkdədir.
Qurum KİV-lərin layihələrini maliyyələşdirməklə
onların cəmiyyət üçün faydalı təşəbbüslərinə
yaşıl işıq yandırır. Ancaq
müasir dövr tələb edir ki, mediamız daha da güclənsin,
reklamdan, satışdan əldə etdiyi gəliri
çoxaltsın. Qarşımızda dayanan
növbəti məsələlərdən biri də internet
üzərindən yayımlanan media vasitələrinin səmərəliliyinin
artırılmasıdır. Bu sahədəki
qanunvericilik bazasında xeyli təkmilləşmələr
aparılıb. Belə media vasitələri
hüquqi münasibətlər sistemində öz yerlərini
tuta biliblər. Ancaq onların artan rolundan
cəmiyyətimizin inkişafı naminə istifadə etməliyik.
Sonra MŞ-nin nəzarət-təftiş
və mandat komissiyalarının hesabatları dinlənilib. Hesabatlar,
ümumilikdə, mətbuatın ümumi problemlərini və
təşkilati məsələləri əhatə edib.
Sonra məruzələr ətrafında
müzakirələr aparılıb.
Qurultayda Naxçıvan Mətbuat
Şurasının sədri Rövşən Hüseynov, Milli
Məclisin deputatı Aqil Abbas, “Səs” qəzetinin baş
redaktoru Bəhruz Quliyev, “Azərbaycan” qəzetinin baş
redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov,
BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor
Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş
redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov,
MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Cənubi
Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri
Azər Həsrət, “APA Holdinq”in prezidenti Vüsalə
Mahirqızı, “İki Sahil” qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr
müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli, “Xalq qəzeti”nin baş
redaktoru Həsən Həsənov və digərlərinin
çıxışları dinlənilib. Çıxışlarda
Azərbaycanda mətbuatın inkişafı, həm
yazılı, həm də elektron medianın maddi-texniki
bazasının, jurnalistlərin sosial müdafiəsinin
möhkəmləndirilməsi istiqamətində görülən
işlərdən danışılıb. Natiqlər Mətbuat Şurasının hesabat
dövründəki fəaliyyətini qənaətbəxş
qiymətləndiriblər.
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov qurultayda
çıxış edib. Ümummilli liderimiz
Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin
Azərbaycanda uğurla inkişaf etdiyini bildirən Əli Həsənov
deyib ki, bu gün burada səsvermə keçirildi,
özünüz hər şeyi gördünüz. Kimin nə deməsindən asılı olmayaraq, bu
gün Azərbaycan mediasından kənara atılmış
müəyyən nümayəndələr bu qurultay, burada
seçiləcək yeni heyət, sizin jurnalist fəaliyyətiniz
haqqında da mənfi rəy formalaşdırmağa
çalışacaqlar. Bundan qorxmayın,
buna qeyri-adi hal kimi baxmayın. Nə qədər
ki, cəmiyyət, insanlar, həyat var, opponentlər də
olacaq. Sadəcə olaraq, onlara opponent kimi
baxın, çalışın onların sizə hansı
formada öz fikirlərini, nifrətlərini ifadə etmələrindən
asılı olmayaraq, Azərbaycan xalqına, jurnalistinə
uyğun bir formada cavab verin və öz haqqınızı
qoruyun. Kənar təsirlərə məruz
qalmayın.
Prezidentin köməkçisi
deyib ki, ölkədən qaçan bəzi şəxslər
bu gün Azərbaycanın rəmzlərini təhqir edirlər. Həmin şəxslərə
olduqları xarici ölkələrin pasportları verilərək,
Azərbaycana qarşı təlimatlandırılırlar.
Xarici ölkələrin müvafiq orqanları
qarşısında öhdəlikləri olanlar Azərbaycan
dövlətinə qarşı çirkab
yağdırırlar. Azərbaycan mətbuatında
isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət
yetirməlidirlər. Mətbuat milli dəyərlərimizi,
milli rəmzlərimizi müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri
də imtina ediblər. Həmin adamlar “Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana
qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq
media göstərməlidir.
Azərbaycanda jurnalistika ilə
hakimiyyət arasında gözəl tərəfdaşlıq
mühitinin yarandığını vurğulayan Əli Həsənov
bildirib: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti
vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin
verdiyi imkanlardan onun yaradıcı insanlarının,
akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində
yaxşı nümunələr formalaşdıran
jurnalistikanın və digər kateqoriyadan olan insanların
maliyyələşməsi, maddi-mənəvi tələbatının
ödənilməsi üçün istifadə edirsə,
bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin
milli sərvətindən pay almaq qəbahət hesab
olunmalıdır? Bu məsələdə
opponentlik etmək istəyənlərə qarşı siz
öz münasibətinizi sərgiləyə bilərsiniz.
Nəyə görə öz dövlətindən, milli sərvətindən
aldığın pay qəbahət sayılmalıdır, amma
antiazərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə
qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn
xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək
normal hal hesab olunmalıdır? Baxın, bu
gün sizi ittiham edənlər özləri hansı mənbədən
maliyyələşirlər".
Mətbuat Şurasının reket nəşrlərlə
bağlı “qara siyahı” hazırladığını
xatırladan Ə.Həsənov reket nəşrlərdə
çalışanları doğru yola dəvət edərək
deyib: “Olan və olmayan kompromatları toplayıb insanları
şantaj etmək yaxşı hal deyil. Bu
işin axırı yoxdur. Siz
özünüzü təhdid etdiyiniz insanların yerinə
qoyun. Mən o insanlarla mübarizə
aparmıram, onları doğru yola çağırıram.
Mətbuat Şurası qəbul etdiyi etik
normaları müdafiə etməlidir. Hesab
edirəm ki, “Mətbuat Şurası haqqında” qanun qəbul
edilməsinin zamanı çatıb”.
Prezidentin köməkçisi
partiyaların dövlətdən dəstək almasına
etirazın da düzgün olmadığını qeyd edərək
deyib ki, təminatı olan siyasi partiyaların parlamentdə təmsil
olunaraq dövlətdən dəstək alan
partiyaları ittiham etməyə haqları yoxdur. Mən elə buradan müxalifət partiyalarına
üzümü tuturam. O müxalifət partiyalarına
ki, Azərbaycanın qanunları çərçivəsində
bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən
öz qanuni maliyyələşmə haqlarını
alıblar. Bunun nəyi pisdir? Amma o
partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə
bəlli deyil və sizin gözünüz qarşısında
da hamıdan yaxşı yaşayırlar, hamıdan
yaxşı təmin olunublar, övladları, özləri
dövlətin daxilində və xaricində kifayət qədər
yüksək təminatlı həyat sürürlər,
onların sizi tənqid etməyə, ittiham etməyə
haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə
siz jurnalistlər çatdırmalısınız.
Sonra qurultayda Azərbaycan Mətbuat
Şurasının İdarə Heyətinin tərkibinin
genişləndirilməsi məsələsi müzakirə
olunub.
Mətbuat
Şurasının Nizamnaməsində bu məsələ ilə
bağlı təklif səsə qoyularaq qəbul edilib. Dəyişiklik
nəticəsində İdarə Heyətinin tərkibi
genişlənib, üzvlərin sayı 17-dən 23-ə
çatıb. Şuranın 11 jurnalistdən,
7 ictimaiyyət nümayəndəsindən və 5 internet
informasiya resursu təmsilçisindən ibarət İdarə
Heyəti formalaşıb. Bundan başqa, İdarə Heyətinin
2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və
2 internet informasiya resursu təmsilçisindən ibarət
ehtiyat üzvləri də seçilib.
Azərbaycan jurnalistlərinin
VII qurultayında səsvermə nəticəsində
Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri
seçilib.
Sonda qurultayın qətnaməsi
qəbul olunub.
Bununla da Azərbaycan jurnalistlərinin VII
qurultayı başa çatıb.
Azərbaycan.- 2018.- 11 mart.- S.1-2.