Naftalana müalicəyə və istirahətə gələnlərin
sayı 40 faiz artıb
Aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunda qazanılan uğurlar ölkəmizdə turizmin inkişafına da müsbət təsir göstərmişdir. Bunu ölkəmizə gələn turistlərin sayında da görmək olar.
İndi yerli və xarici turistlər Azərbaycanda keçirdikləri müalicə və istirahətdən məmnun qaldıqlarını söyləyirlər. Belə məkanlar isə respublikamızda çoxdur. Onlardan biri Naftalan kurort şəhəridir. Hər il bu şəfa ocağına gələn minlərlə insan burada sağlamlığını bərpa edir. Dünyada analoqu olmayan naftalan nefti ilə müalicənin əhəmiyyətini nəzərə alan dövlət başçısı da Naftalanın beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi üçün bir neçə sərəncam imzalamışdır.
Ölkə rəhbərinin Naftalan şəhərinə səfərləri zamanı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq son illər burada turizmin inkişafı istiqamətində çoxlu sayda işlər həyata keçirilmişdir. İstifadəyə verilən 5 ulduzlu hotellər, yüksək səviyyəli xidmətlər, eləcə də şəhərin turizm imkanlarının təbliği yerli və xarici turistlərin sayına müsbət təsir göstərmişdir. Elə bunun nəticəsidir ki, keçən il şəfa tapmaq və istirahət etmək məqsədilə Naftalana üz tutan yerli və xarici turistlərin sayı əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu dövrdə şəhərin turizm obyektlərində 35 mindən artıq turist qeydə alınmışdır. Bunun da 7309 nəfəri 62 ölkədən gələn xarici turistlərdir. Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan gələn turistlər çoxluq təşkil etmişdir. Asiya qitəsindən - Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippin, eləcə də Amerika ölkələrindən Kanada, Meksika, Braziliya, Afrika respublikalarından, hətta uzaq Avstraliyadan gələn turistlər də Naftalandan məmnunluqla ayrılmışlar.
Ümumiyyətlə, son illərin statistikası onu göstərir ki, Naftalan nefti ilə müalicə olunmaq üçün gələnlərin sayı ildən-ilə artır. Hazırda şəhərdə fəaliyyət göstərən 3 və 5 ulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi fəaliyyət göstərir. Bu obyektlərdə gün ərzində 2200 qonağı qarşılayıb, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Ehtiyac nəzərə alınaraq şəhərdə yeni sağlamlıq ocaqlarının tikintisi də aparılır. Hazırda yeni xəstəxananın tikintisində işlər sürətlə gedir. Ümumi sahəsi 1,2 hektar, tikinti sahəsi 1300 kvadratmetr olan 65 çarpayılıq xəstəxanada şüa-diaqnostika, cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, mama-ginekologiya, pediatriya, poliklinika və təcili yardım şöbələri, eləcə də stomatoloji kabinet fəaliyyət göstərəcəkdir. Xəstəxananın tikintisində 100 nəfərədək işçi çalışır.
Son illər sahibkarlığın inkişafına yaradılan şəraitdən bəhrələnən iş adamları da bir neçə istirahət mərkəzi inşa etdirmişlər. Həmin mərkəzlərdə də hər il yüzlərlə turist istirahət edib müalicə olunur. Hazırda belə sahibkarlardan biri Naftalan müalicəsinə olan marağı nəzərə alaraq ümumi sahəsi 300 kvadratmetr olan yeni ikimərtəbəli müalicə mərkəzi inşa etdirir.
Naftalan inkişaf etdikcə bu şəhərdə yaşayan insanların həyat şəraiti də yaxşılaşır. İstifadəyə verilən hər bir sağlamlıq mərkəzi sakinlərin işlə təminatını qaydaya salır. Ölkə rəhbərinin sahibkarlığın inkişafı, sərmayələrin cəlb edilməsi və yeni iş yerlərinin açılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar başlanan işlər uğurla davam etdirilir. Hazırda yeni avtovağzal-hotel kompleksinin tikintisində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 50 nəfərədək sakin daimi işlə təmin ediləcək. Yenidən qurulan 10 mərtəbəli “Naftalan” mehmanxanası fəaliyyətə başlayanda 50 nəfərin işlə təminatı mümkün olacaq.
Şəhər sakinlərinə, xarici turistlərə göstərilən iaşə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə ən müasir obyektlərin inşası da sürətlə davam etdirilir. Artıq belə obyektlərdən biri yaxın aylarda istifadəyə veriləcək. Ümumiyyətlə, şəhər əhalisinin iş təminatı daim şəhər icra hakimiyyətinin diqqət mərkəzindədir. Təkcə keçən il dövlət qurumları tərəfindən verilən vakant yerlər əsasında 174 nəfər daimi işlə təmin edilmişdir.
Onu da qeyd edək ki, Naftalanın şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına formalaşır və hər il büdcə gəlirləri artır. Bunun da sayəsində şəhərdə infrastruktur yenilənir. Şəhər sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il əvvəl başlanmış layihələrin icrası uğurla davam etdirilir. Şəhərdə istilik, qaz və su-kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmışdır. Elektrik təchizatının yaxşılaşdırılması istiqamətində başlanan işlər də başa çatmaq üzrədir. Aparılan yenidənqurma işləri çərçivəsində vətəndaşların kommunal sahədə mövcud olan bir sıra problemləri öz həllini tapmaqdadır. Yaşıllaşdırılma istiqamətində də işlər davam etdirilir. Son bir ildə küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında salınan mini istirahət parklarında və piyada yollarının kənarlarında 2000-ə yaxın Eldar şamı və 1000-dən artıq çinar ağacı əkilmişdir. Yaşıllaşdırma qarşıdakı aylarda da davam etdiriləcəkdir.
Sabir ƏLİYEV
Azərbaycan.-
2018.- 11 mart.- S.1-2.