Azərbaycan - Gürcüstan əməkdaşlığı
yüksək səviyyədədir
Gürcüstanın
Baş naziri Georgi Kvirikaşvilinin Azərbaycana rəsmi səfəri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 12-də ölkəmizdə
rəsmi səfərdə olan Gürcüstanın Baş
naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Giorgi Kvirikaşvilini qarşıladı.
Sonra rəsmi foto çəkdirildi.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşü oldu.
Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab Baş nazir.
Mən sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Şadam ki, ticarət dövriyyəsi artır. Şadam ki, Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu, onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir.
Əlbəttə, bizi birləşdirən bir çox önəmli qlobal layihələr var. Biz keçən ilin oktyabr ayında sizinlə bərabər onlardan birinin açılışını qeyd etdik – Bakı-Tbilisi-Qars. Bu il Cənubi Qafqaz qaz kəmərinin, TANAP layihəsinin istifadəyə verilməsi nəticəsində əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq. Yəni, bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır. Məhz həmin münasibətlər əminəm ki, bundan sonra da xalqlarımızın maraqlarına xidmət edəcək.
Bir daha sizi salamlayıram. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və səfərin çox yaxşı nəticələri olacaq.
***
Baş nazir Giorgi Kvirikaşvili dedi:
-Hörmətli cənab Prezident.
Səmimi qəbul üçün Sizə minnətdarlığımı
bildirirəm. Şadam ki, bu səfər baş tutdu. Bu, bizim
üçün xüsusi
bir hadisədir. Çünki Azərbaycan Gürcüstanın
strateji tərəfdaşıdır.
Sevindirici haldır ki,
bizim iqtisadi əlaqələrimiz yüksələn
xətt üzrə inkişaf edir. Keçən il
ikitərəfli münasibətlər
xüsusi inkişafla yadda qaldı.
Azərbaycan Gürcüstan üçün
birinci investisiya tərəfdaşıdır. Bu yaxınlarda dərc olunan statistik məlumatlara görə, səfərlərin sayına
görə də Azərbaycan Respublikası
Gürcüstan üçün
birinci yerdədir.
Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələri çox mühüm əhəmiyyətə
malikdir. Azərbaycan qazı
“Cənub Qaz Dəhlizi” layihəsinin seqmentləri olan Trans-Anadolu və Trans-Adriatik kəmərləri
ilə sonradan Avropaya nəql ediləcək. Bu layihələr iqtisadi və geosiyasi baxımdan çox mühümdür. Regional formatlarda əməkdaşlığımız
çox vacibdir.
Həm siyasi məsləhətləşmələr,
həm də qlobal formatda əməkdaşlığımız mövcuddur. Gürcüstan hər zaman Azərbaycanın mövqeyini
dəstəkləyir. Bu,
bizim strateji əlaqələrimizin göstəricisidir.
Azərbaycanın ilk respublika elan
olunmasının 100 illiyini
təbrik edirəm.
Bu, həm Gürcüstan,
həm də Azərbaycan Respublikası
üçün çox
mühüm tarixdir.
Ümid edirəm ki, biz bunu layiqli şəkildə
qeyd edəcəyik.
Bir daha səmimi qəbul üçün minnətdarlığımı bildirirəm.
***
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstanın
Baş naziri Giorgi Kvirikaşvilinin şərəfinə rəsmi
nahar verildi.
Azərbaycan.- 2018.- 13 mart.- S.1-2.