Azərbaycan ilə Gürcüstan
arasında ikitərəfli əlaqələr uğurla
inkişaf edir
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə martın 12-də ölkəmizdə
rəsmi səfərdə olan Gürcüstanın Baş
naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən Baş nazir Artur Rasi-zadə münasibətlərimizin strateji xarakter daşıdığını və əsrlər boyu ölkələrimiz arasında mövcud dostluğa əsaslandığını bildirib. Azərbaycanın Baş naziri ölkələrimizin iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Gürcüstan arasında qurulan iqtisadi əlaqələr üzrə göstəricilərin müsbət olduğunu qeyd edib, münasibətlərimizin daha da möhkəmlənməsi üçün tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, iqtisadi və humanitar sahələrlə yanaşı, müdafiə sahəsində əlaqələr də inkişaf edir.
Baş nazir Artur Rasi-zadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq vurğulayıb ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və bu, Azərbaycanın prinsipial mövqeyidir.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili regiondakı sabitlikdə maraqlı olduqlarını bildirərək deyib ki, Gürcüstan da bütün beynəlxalq formatlarda münaqişələrin ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn normaları əsasında tənzimlənməsinin tərəfdarıdır. İkitərəfli münasibətlərin böyük perspektivi olmasından məmnunluğunu ifadə edən qonaq Azərbaycan ilə birgə həyata keçirilən qlobal neft, qaz və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb, ticari-iqtisadi münasibətlərdə müsbət dinamikanın olduğunu sevindirici hal kimi dəyərləndirib.
***
Görüşdən sonra Gürcüstanın Baş
naziri Giorgi Kvirikaşvilinin şərəfinə şam yeməyi verilib.
Azərbaycan.-
2018.- 13 mart.- S.2.