Səmimiyyət və ünsiyyət şairi
Cabir Novruz - 85
Bədii yaradıcılığa XX əsrin 50-ci illərində gələn Cabir Novruzun “Görüş” adlı ilk şeiri 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap olunub. “Mənim muğamatım” adlı ilk şeir kitabı isə 1959-cu ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb.
Cabir Novruz lirik “Mən”i olan
sənətkar idi. Onun poeziyası üçün leksik və
sintaktik təkrirlər, lirik-psixoloji ovqat, fikir və
düşüncə, xüsusi danışıq təhkiyəsi,
emfatik vurğular (xitab, nida, əmr intonasiyası), qafiyə
tezliyi və dəyişkənliyi səciyyəvi xüsusiyyətdir.
C.Novruz səmimiyyət və ünsiyyət
şairi idi. Onun poetik sözü həyəcanlıdır,
daxili aləminin səsi şeirlərinin nəbzində vurub.
Milli ədəbi dildən ustalıqla istifadə
edib.
C.Novruz poeziyasında xəyal,
təsəvvür, xatirə, təəssürat,
qavrayış - hissi idrak səviyyəsi daha geniş rol
oynayıb, birinci şəxsin təhkiyəsinə
bağlılıq, xitab, münasibət, həsbi-hal, monoloji,
dialoji tərəfdaşlıq, lirizm bolluğu çoxluq təşkil
edib. C.Novruz avtoportret şairidir. Özünü
dərindən ifadə edib, özünüetiraf şeirlərində
güclü olub. “Mənim nəslim”, “Haçan ki
dönərəm o doğma kəndə”, “Qar yağır”,
“Unudulmuş kənd”, “Qalxdım dağlara”, “Onda külçə
idim, şeir külçəsi”, “Bulaq suyu, dağ havası”,
“El içində unudurlar”, “Dəyişdirmərəm”, “Sən
gələndə” və başqa bədii nümunələrində
sənətkarın tərcümeyi-halı aydın
görünür.
Cabir Mirzəbəy oğlu
Novruzov 1933-cü ildə Xızı rayonunun Upa kəndində
doğulub.
1947-1951-ci illərdə M.Ə.Sabir adına
Pedaqoji Texnikumunda, bir il ADU-da oxuduqdan sonra Qorki adına Ədəbiyyat
İnstitutunda təhsil alıb. “Bakı qəzeti”ndə ədəbi
işçi, “Azərbaycan” jurnalında şöbə
müdiri, baş redaktor,”Ulduz” jurnalında, “Ədəbiyyat qəzeti”ndə
baş redaktor, Azərbaycan Yazıçılar Birliyində
katib olub, 1995-2000-ci illərdə Azərbaycan
Respublikasının deputatı kimi fəaliyyət göstərib.
SSRİ yazıçılarının
qurultaylarına nümayəndə seçilib. SSRİ Yazıçılar İttifaqı İdarə
Heyətinin üzvü olub.
C.Novruzun poeziyasında mətn
əsasən bir predmetlə bağlı olub, obyekt dəyişməyib. Onun şeirlərinin
nəqletmə, mühakimə təhkiyəsində fəlsəfi-əxlaqi
məziyyətdən çox psixologizm keyfiyyəti
güclü olub. Onun şeir mətnində
çarpaz, məsnəvi və qurşaq qafiyələr
aparıcıdır. Az hallarda
bayatı qafiyələrdən istifadə edib.
“Gecə qatarlar keçər”, “Poza
bilmərəm”, “Sənin məhəbbətin”, “23
yaşım”, “Füzuli”, “Təki dava olmasın”, “Deməyin nə
sözdü, nə söhbətdi bu”, “Şair dostlarıma” və
başqaları 1950-ci illərin şeirlərindən olub bədii
təəssüratın nəticəsidir.
C.Novruz 1960-cı illərdə
“İnsan məhəbbəti”, “İllərin ömrü”,
“Bizim əsr”, “Adi həqiqətlər” kitablarını
çap etdirib.
1960-1980-ci illərin şeirlərində
dünyaya baxış Azərbaycandan başlayıb. O, doğma torpağı
şeir qədər müqəddəs bilib, onu tərənnüm
edib. Doğma yurdu şair üçün vətənpərvərliyin
beşiyidir. Dil, musiqi, saz və
sözdür. Azərbaycan şair
üçün “Yer üzündə bir ölkədir” - mənalı
rəssamlıq əsəri, adını tarixlərə nəqş
etmiş şəxsiyyət, rəssam qəlbli təbiətin
özüdür. “Mənim muğamatım”, “Dəryaları
yavaş-yavaş quruyan dünyam”, “Beşmərtəbə”,
“Mən göz açdım adın ilə”, “Nə qədər
ki sağam”, “Batan buruğun xatirəsinə” şeirləri vətən
mövzusundadır.
Sənətkar şeirlərində
dünyadakı haqsızlıqlara güclü etiraz edib,
ölkələrin silahlarla yüklənməsindən qeyzə
gəlib. Bu
baxımdan “Ulu dünya, hayıfsan”, “Doludur dünya”, “Sərt
üzündən tanıdım”, “Dünya necə
dünyadır”, “Dəryaları yavaş-yavaş quruyan
dünyam”, “Bir dünyam var” və başqa şeirlərində
dünyanın silahlanmasına, vəfasızlığına,
müəmmalarına, adiliklərinə və heyrətlərinə
fərdi münasibət bildirib:
Ulu dünya, gözəl dünya,
hayıfsan,
Nə yaxşı ki hələ
sağsan, dirisən...
Heç nə qədər
raketin var, sayıbsan?
Heç nə qədər silahın
var, bilirsən?..
C.Novruz uşaq, kənd,
şəhər mövzusunu şeirlərində daim əks
etdirib, onların surətini rəsmləşdirib. Bu obyektlər
sənətkarın portreti üçün zəmin olub.
Şairin təsəvvürü, xəyal və ovqatı kara gəlib, bacı, qardaş, ata, ana, nənə,
baba, nəsil təsvir predmeti götürülüb, etnoqrafik
cizgilər şeirlərin lirik müəyyənliyini təmin
edib. Müharibə mövzusu şairin xəyalından
keçib. Atasının cəbhəyə
yola düşməsi, ayrılığın çətin
anları, ağlayan qoca qarı, sakit-sakit yağan qar xəyalını
ləpələyib.
C.Novruzun
yaradıcılığında ana-övlad mövzusu
mühüm yer tutur. Onun “Mən bizim anaları günəşlə tən
tuturam”, “Anam Qızılgülə”, “O kiçik kəndinə
sığışan anam”, “Gözüm görə-görə
qocalır anam”, “Ana muzeyləri yaradaq gəlin”, “Ən əziz,
ən şirin, ən acı günlər”, “Qətran kimi qara
saçlar ağarıb tamam”, “Həmidə xalanın xatirəsinə”,
“Bilmirəm”, “Bir ana qucağında bir körpə
aparırdı”, “Mənim ölməz şeirlərim”,
“İnana bilmirəm”, “Mənim nəyim
çatışmır”, “Anam, can vermə, can vermə” (1987),
“Bundan belə” (1987), “Onun təki” (1987), “Qara gözlüm”
(1986) kimi şeirlərində şairin ana-övlad məhəbbətinin
bədii ifadəsi təsirlidir. “Mən bizim
anaları günəşlə tən tuturam” şeirində
şair əyilməz analara sevgi dolu mahnılar oxumaq istəyib.
Mən bizim analara həyat səsi
deyirəm,
Bir ümman dərinliyi,
dağ zirvəsi deyirəm.
Hər əzaba tab edən, hər zəhmətə
qatlaşan,
Torpaq ilə döyüşdə
tunclaşan, poladlaşan,
Qabarlı əllərilə bizə
şöhrət gətirən
Qızıl bayraq gətirən,
qızıl hörmət gətirən
O əlləri qızıla mən
tutmaq istəyirəm,
Onların heykəlini yaratmaq
istəyirəm.
C.Novruzun “Bir ana
qucağında bir körpə aparırdı” şeiri
lirik-epik başlanğıcdadır. Burada səmimi bir
lövhə yaradılıb. Bir ana
qucağında körpə aparır. Ətraf
ona diqqət kəsilib. Bütün şəhər
elə bil bu lövhəyə dalıb, bir ana qucağında
bir körpə aparır. Şair bu
halı diqqətlə, duyğu və düşüncələrinin
bütün rəngləri, hərarətiylə
müşahidə edib. Bu körpəyə
ad gəzirlər, beşik axtarırlar, başına
dönüb qadasını alırlar. Nənə
yorğanını bərk-bərk qucaqlayıb, xalası bələyinə
gözmuncuğu bağlayıb, əmisi əsgər kimi
dalınca yeriyir. Şair dünyaya gələn
insan övladını əziz tutur. Bu körpə nə
qədər arzu və istəklərin təzəliyidir! C.Novruz şeiri romantikasız, uçuşsuz deyil.
Sənətkar 1960-1990-cı
illərin şeirlərində uşaqları, həm də
uşaqlıq çağlarını tərənnüm edib. “Bir yaşım”, “Adım gəldi
bu dünyaya”, “Verin mənə o uşaqlıq illərimi siz”,
“Firuzə”, “Uşaqlara borcluyam”, “Xoş gəlmisən”, “Ramilə”,
“Baharsız balalar”, “Ağasının dənizi”, “Laylay”,
“Bapbalaca bir gəlinsən”, “Böyüməyə tələsmə”
şeirlərində uşaq həyatının ovqatı, vərdişləri,
duyğu və düşüncələri təbii əks
olunub.
Ata-övlad məhəbbətinin
səmimi ifadəsi “Mənim ölməz şeirlərim”
üçün səciyyəvidir. Müşfiq, Vüqar, Mirzə -
şair oğulları bir şeir, bir nəğmədir onun nəzərində.
Məsnəvi qafiyəli şeirdə yüksək
ahəng, səmimiyyət, güclü ata-övlad məhəbbəti
təsirli ifadəsini tapıb.
C.Novruz epik süjet və təhkiyədən
uzaq şairdir, başdan-başa hissiyyatlı lirikdir. Onun səmimi
poeziyasında ümumən bir insan obrazı var. Bu, onun
özündən başlayıb lirik-psixoloji ovqatda
bütün insanlarda davam edir. Belə
başlanğıc körpə, uşaq, gənc, qoca,
müdrik, kəndli, əkinçi, fəhlə, alim, müəllim,
həkim, neftçi, mühəndis və b. insanın maddi həyat
təsvirindən çox onların lirik-psixoloji, mənəvi-ruhi
aləminə aiddir. C.Novruz lövhə, təsvir,
epik təhkiyə yox, lirika ustasıdır. “Ürək”,
“O insanlar hardadır”, “Qoruyun”, “Çətindir, asandır”, “Mənim
qoca babam belə deyərdi”, “İnsan... İnsan”, “Gəlib-gedir
insanlar” (1986), “Tələsin, insanlar, gecikin, insanlar”, “Hər
yerdə insanlar sevinirdilər”, “Dənizdə insanlar gözəl
görünür”, “Dünyanın”, “Gələnlər, gedənlər,
qalanlar” və s. şeirləri ümumən insan
obrazının ehtizazlı nümunələridir.
1970-1977-ci illərdə sənətkar
“Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”,
“Bir dünyam var”, “İnsan himnləri” kitablarını
çap etdirib. Şair həyat, kainat, dünya,
insan və insanlığa poetik çağırışla səslənib.
“Ömür keçir karvan kimi”, “Ulu dünya,
hayıfsan”, “Anam vardı, dünyam vardı” kitabları
C.Novruzun 1980-ci illərdə nəşr edilmiş
toplularıdır. Sənətkar məhəbbət
mövzusunda da qiymətli şeirlərin müəllifidir, ana
təbiəti vəsf edən əsərlər yazıb.
“Kəlbəcərin dağlarında turac gördüm”,
“Ceyranbatan gölünə”, “Çölləri varaqlayarkən”,
“Xəzərindir” (1956), “Maralgöl sükutu” (1972),
“Yaşasın insan”, “Getdim dağlardan, gəldim dağlara” və
başqa şeirlərində müəllif gəzib-gördüyü
yerləri kitab-kitab vərəqləyib, Ceyranbatan
gölünü Xəzərin nəvəsi bilib,
Maralgölün sükutuna dalıb, Xəzərin heyranı
olub və s.
1990-cı illərdə
C.Novruz “Vətən əbədi qoruqdur” (1992),
“Özünü qoru, xalqım” (1996) kitablarını çap
etdirib. Vətəndaş şair Milli Məclisin deputatı
kimi 20 Yanvar, Xocalı hadisələrinə etiraz səsini
ucaldıb, xalqın faciəli həyatını bütün
hissiyyatları ilə ifadə edib. “Özünü
qoru, xalqım”, “Azərbaycanı sevin, sevin Azərbaycanı”
şeirlərində xalqı birliyə çağırıb.
Onun “Kaş millətdə ruh yaşasın”
şeirində milli ruh, milli şüur yanğısı təsirli
ifadə edilib.
Cabir Novruzun şeirlərində
əslə, kökə bağlılıq həmişə
güclü olub. “Məni taparsınız şeirlərimdə”,
“Məni tonqalda yandırın” nümunələrində
Qarabağ dərdlərinin ifadəsi təsirlidir. Şair millətə və dövlətə
etinasızlıqla, xalq malını talayanlarla barışa
bilməyib (“Nədir bu millətin günahı, Allah”,
“Dözmək olmur daha, xalqım”).
C.Novruzun “Xalq”, “Vətəni qorudun, sənindir”,
“Olum, ölüm vaxtı gəlib”, “Haray, məmləkətim”,
“Yurduna ağlayan ana”, “Dərd, şəhidlik”, “Azərbaycan dərdi”,
“Qarabağ”, “Ana, qurban olum dualarına” şeirlərində
Qarabağın azadlığı, torpaq-ərazi birliyi
yanğıyla ifadə olunub.
Vətənpərvər
şairin poemaları da lirikdir, epik süjet planında deyil. “Əli Kərim xatirəsi”,
“Qərbi Berlin”, “İnsan himnləri”, “İtmiş kəndin
nağılları”, “Azərbaycan”, “İnsan məhəbbəti”,
“Cəfərlə görüş” poemaları vətən təəssübkeşliyi,
humanizm və beynəlmiləlçilik
mövzularındadır.
C.Novruz tərcüməçiliklə
də məşğul olub. Onun Y.Bukovdan (“Səməd”),
Y.İsayevdən (“Yaddaşın məhkəməsi”,
“Yaddaşın üfüqləri” (1984), S.Marşakdan (“Yekə
cib”, 1964), B.Oleynikdən (“Torpaq üstə dayanmışam”,
1980), R.Rojdestvenskidən (“Sizin üçün
yaşayıram”, “Mənim şair dostum”), O.Süleymenovdan
(“Şəhriyarın nəfəsi”) tərcümələri
maraqla qarşılanıb.
2000-ci illərdə C.Novruzun
“İnsanı tanımaq olmur” (2001), “İtmiş əlyazmalar”
(2005) kitabları çap olunub. Prezident sərəncamı
əsasında seçilmiş əsərləri isə
2004-cü ildə nəşr olunub.
Cabir Novruz XX əsr Azərbaycan
poeziyasında yeri və mövqeyi olan sənətkardır. Onun bədii
yaradıcılığı tədqiqat predmeti olub,
haqqında məqalə və monoqrafiya yazılıb, AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun yeddi cildlik əsərlərinin VI cildində
portret-oçerki verilib.
Görkəmli şair 2002-ci
ildə dünyasını dəyişib. Fəxri
xiyabanda dəfn olunub.
Əlizadə
ƏSGƏRLİ,
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru
Azərbaycan.- 2018.-
13 mart.- S.6.