Yel çərşənbəsi

 

Təbiətdə oyanmanın, canlanmanın birinci şərti sözsüz ki, havaların isinməsi ilə bağlıdır. Ona görə də Boz ayın dörd çərşənbəsindən biri Yel çərşənbəsi adlanır. O, xalq arasında “Külək oyadan”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, bəzi yerlərdə “Heydər çərşənbə” adları ilə tanınır. Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək bütün dünyanı gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. Sonra isə müxtəlif libaslarda özünü göstərir. Belə ki, türk mifologiyasında yel - libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qış gücdən düşərək son köçünü sürür. Qar əriyir, suyun buzu sınır, torpağın donu açılır, canına hərarət hopur. Bahar yağışları yağmağa, torpağa can verməyə başlayır.

Folklorşünas-alim, professor Azad Nəbiyev araşdırmalarında göstərir ki, əski inamlardan Yel özü tanrıdır, ya da dünyanı idarə edən tərəfindən göndərilən antropomorfdur. Eləcə də müqəddəs kitablarımızda Yel ərzi idarə edən qüdrətli tanrılardan biridir. O, lazım olanda insanları izləyir, onlara kömək edir, qəzəblənəndə isə cəzalandırır. “İncil” və “Zəbur”da Yel allahının qüdrəti xüsusi bir tərzdə vəsf olunur. “Tövratda isə dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs olunur. “Qurani-Kərim”də Yelin böyük Yaradan tərəfindən göndərildiyi qeyd edilir.

A.Nəbiyev yazır ki, zərdüştilər də küləyi müqəddəs saymış, onu tanrı hesab etmişlər. “Avestada deyilir: “...Yelin gücü qüdrətli Hörmüzün gücüdür... Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır”.  Professor M.Adilov isə yazırdı ki, Yelinbaba”, “allahhesab edilməsinin tarixi qədim yunanlara gedib çıxır. Yunan mifologiyasına görə bütün küləklərin mənşəyi tənha bir adada yaşayan Eol ilə əlaqədardır. Eol dörd oğlunu mağarada saxlayır. Onların hər birini növbə ilə dünyanı gəzməyə yola salır. Bu səbəbdən də Yer üzündə dörd cür külək əsir. Yunanların bir sıra digər mifik süjetlərində isə Yel külək tanrısı hesab olunur. Şifahi yaradıcılığımızda Yel-külək tanrısı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Bu mərasim və ayinlər təkcə Novruz şənliklərində deyil, ilin müxtəlif dövrlərində insanın Od, Su, YelTorpaq tanrısına ehtiyacı olan məqamlarda icra olunmuşdur. Bəzilərinin fikrincə, taxıl döyülən zaman keçirilən Yel baba mərasiminin əslində Novruz şənlikləri ilə əlaqəsi yoxdur. Lakin araşdırmalar göstərir ki, Yelin dörd müqəddəs ünsüründən biri kimi ilin başlanğıcında - Novruzda oyandığını, Novruz şənliklərində dörd ünsürdən biri kimi fəal iştirakını nəzərə alsaq, onda aydın olar ki, Yel baba mərasimi öz soy kökü ilə Yel çərşənbəsindəki Yel tanrısına etiqad anlamı ilə bağlıdır. Bu çərşənbədə küləklə, yellə bağlı çoxlu nəğmələr oxunur, mərasimlər keçirilir. Gənclər, yeniyetmə və uşaqlarYel baba”nı tamaşa kimi də oynayırlar.

 

 Yel baba” əkin-biçinlə bağlı xırman nəğməsidir

 

Deyilənə görə, Yel baba ilə Əkinçi baba qardaş imişlər. Bahar torpağa hərarət gətirəndə onlar birlikdə tarlanı şumlayıb əkərmişlər. Bundan sonra tarladakı işlərə Əkinçi baba cavabdeh imiş O, məhsula su verər, ot-alafdan təmizləyib becərər, yetişəndə də biçib xırmana gətirərmiş. Arpa-buğda dənini küləşdən, samandan ayırmaq isə Yel babanın işi imiş. Yel baba başqalarının da taxılını xırmanda sovurub əvəzində pay alarmış. Bir dəfə adamlar yenə arpa-buğdanı xırmanda döyüb gözləyirlər ki, Yel baba gəlib onu sovursun. Amma o, gəlib çıxmır. Səbri tükənmiş insanlar taxılı özləri sovurmağa başlayırlar:

 

Yel baba amana gəl,

Dolanıb xırmana gəl.

Bir bəhanən yoxdursa,

Xəlbirə, samana gəl.

Ay Yel baba, Yel baba,

 Saman sənin, dən mənim.

 

Ləçəyi mindər-mindər,

Yönünü bizə döndər.

Yönünü döndərmirsən,

Mehini bizə göndər.

Ay Yel baba, Yel baba,

Saman sənin, dən mənim

 

- deyə oxuyarmışlar. Elə bu vaxt xırmana yetişən Yel baba eşitdiyi sözlərdən inciyib geri dönür. Adamlar öz əməllərindən peşman olurlar. Hamı Yel babanın dalınca qaçır onu səsləyə-səsləyə oxuyurlar:

 

Ay Yel baba, Yel baba,

Qurban sənə gəl, baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı,

Yelli babam, yel babam,

Telli babam, tel babam,

Güllü babam, gül babam,

Dərdimi gəl bil, babam.

Gəl babam, ay gəl, babam.

Elim, günüm batdı gəl,

Çərpələngim yatdı gəl.

Təknədə qaldı aşım,

Yatdı dəyirman daşım.

 

Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı buğdanı, arpanı sovurub samandan ayırır.

 

Hazırladı:

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 13 mart.- S.7.