Cənub bölgəsində Novruz
büsatı
Novruz bayramı Azərbaycanın hər yerində xüsusi təmtəraqla qeyd edilir. Hər bölgədə bu qədim bayrama hazırlıq və Novruz təntənələri bir-birinə çox bənzəyir. Ancaq hər bölgə təbiətinə, məişətinə xas xüsusiyyətləri, özünəməxsusluqları ilə bayrama yeni rənglər, çalarlar verir. Ölkəmizin cənub bölgəsində də hər il böyük sevinclə, sevgi ilə qeyd edilən Novruz bayramı təntənələri mahiyyət etibarilə digər bölgələrdən ciddi şəkildə fərqlənmir, amma müəyyən özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Cənub bölgəsində də Novruz mərasimi bir-birinin davamı olan bayramlar kimi keçirilir. Baharın gəlişinə, əslində, qışdan hazırlıq görülür. Belə ki, dekabrın 20-dən 21-nə keçən gecə bu bölgədə əsrlərdən bəri qeyd olunan Çillə bayramıdır. Burada əhali bahar kimi qışın gəlişini də bayram edir. Həmin gün bazarda ən çox alınan və satılan boranı və qarpız olur. Çünki çillə axşamı ağ boranı bişirilməli, qarpız kəsilməlidir. Bu təamları süfrələrinə düzməklə gələn qışın mülayim və ruzili-bərəkətli keçməsi arzulanır.
Çillə axşamı nişanlı qızların evinə qış xonçası aparılır. Folklorşünas alim Yədulla Ağazadə çillə adət-ənənələrinin cənub bölgəsində yaşamasını əhalinin oturaq həyat tərzi və tarixi köklərilə əlaqələndirir. Çilləyə xalq arasında şəbi yəzda, yəni ən uzun qış gecəsi də deyilir. Xalq bunu bayram kimi keçirməklə qışdan qorxmadığını, yaza böyük həvəslə, inamla getdiyini göstərir. Çillə axşamı niyə məhz boranı və qarpız yeyildiyini isə folklorşünas alim belə açıqlayır ki, əksliklər özünü həm qarpızda, həm boranıda göstərir. Belə ki, boranı günəşin, qarpız soyuğun, qışın rəmzidir. Qarpız kəsməklə insanlar qışdan çəkinmədiklərini ifadə edirlər. Boranı isə istiliyin rəmzidir. Qədim inanclara görə, hər kəs çillə axşamı ürəyində niyyət tutub çillə qarpızından və ya boranısından bir dilim yesə, həm niyyətlərinə çatar, həm də növbəti qışa qədər azar-bezardan qurtular.
Böyük çillə 40 gün, yəni dekabrın 21-dən fevralın 1-dək davam edir. Əvvəlcədən edilmiş niyyətə görə, Böyük çillə müddətində bir çox evlərdə səməni halvası bişirirlər. Bu da sadəcə bir şirniyyatın hazırlanması deyil. Səməni halvasının bişirilməsi şənliyə çevrilir.
Cənub bölgəsinin folklorunda Böyük çillənin də özünəməxsus yeri var. Uzun qış gecələrində qohumların, qonşuların, dostların evlərinə qonaq gedilir, nağıllar, əfsanələr, rəvayətlər danışılırdı. Xüsusilə Böyük və Kiçik çillə haqqında müxtəlif əfsanələr, nəğmələr, deyimlər söylənilir, söhbət gecənin yarısınadək uzanırdı. Bu insanların bir-birinə daha yaxın olmalarına, sevinclərini, dərdlərini bölüşmələrinə imkan yaradırdı. Təəssüf ki, texnikanın sürətlə inkişaf etdiyi dövrümüzdə həmin adətlər unudulmaqdadır.
Fevralın 1-dən başlayan və 20 gün davam edən Kiçik çillə müddətində qış əsl üzünü göstərir. Kiçik çillənin ilk günlərindən Xıdır Nəbi bayramına hazırlıq görülür. Bu bayram Kiçik çillənin təxminən 10-cu gününün tamamında keçirilir. Xıdır Nəbidən sonra qışın şaxtası, yağan qarın qorxusu olmur. Çünki artıq yerə, göyə hərarət, el dili ilə desək, “oğru buğ” gəldiyinə inanırlar.
Kiçik çillədən sonra, fevralın 21-dən martın 20-dək olan dörd həftəlik müddətə boz ay deyilir. Həmin vaxt ərzində tədricən su, od, hava, torpaq oyanır, təbiət dirçəlir. Kiçik çilləni əhatə edən üç həftədə “oğru buğ” gəlirdisə, bundan sonra artıq “doğru buğ” hərarətli nəfəsi ilə suya, ağaclara, havaya, torpağa “sığal çəkir”.
İnsanlar inanırlar ki, boz ayın ilk çərşənbəsində soyuq küləkləri isti küləklər əvəz edir, suya, torpağa hərarət gəlir. Mərhum folklorşünas Azad Nəbiyevin yazdığına görə, “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi”, “Torpaq çərşənbəsi” adlarıyla qeyd olunan dörd çərşənbə Ab-Atəş-Bad-Xak teoloji düzümü ilə əlaqədardır. Dörd çərşənbə boyunca təbiətlə bərabər insanlar da canlanır. Qız-gəlinlər ev əşyalarını, xalça-palazı çölə, təmiz havaya çıxarırlar. Kişilər mal-qaranı otlaqlara aparırlar.
İlk çərşənbəni ona görə “Su çərşənbəsi” adlandırırlar ki, əsən yel dörd ünsürdən əvvəlcə suyu oyadır. Su çərşənbəsinə “əzəl çərşənbə” də deyilir. Novruzun birinci çərşənbəsi günü axar suya gedər, su ilə bağlı müxtəlif inanclara uyğun mərasimlər keçirər, fallar açarlar.
Xalq inamına görə, su həyat, külək isə bərəkət deməkdir. Çünki külək əsməsə, bitki böyüyüb inkişaf etməz, ağaclar tumurcuqlamaz. Buna uyğun olaraq, “Yel çərşənbəsi” haqqında da müxtəlif nəğmələr, bayatılar söylənilir. İnsanlar Novruzun nəfəsini daha yaxından hiss edir, ev əşyalarını havaya verirlər.
Üçüncü çərşənbədən baharın nəfəsi daha aydın duyulur. Ağacların dibi yumşaldılır, gövdəsi ağardılır. Novruz bayramına hazırlıqlar da sürətlənir. Bayram şirniyyatlarını bişirməyə başlayırlar. İnanclara görə, evdə, həyətdə hər şey təzələnməlidir. Həyət-baca silib-süpürülür, divarlar çöl tərəfdən ağardılır, bayrama təzə paltarlar alınır, ya da dərziyə sifariş edilir. Bayram alış-verişi bazarları da canlandırır. Bu çərşənbədə də insanlar bir-birini çərşənbə bayramı münasibəti ilə təbrik edir, gözəl arzular diləyirlər. Qız-gəlinlər adət-ənənələrimizə uyğun olaraq nəğmələr oxuyur, fallar açırlar.
Axır çərşənbə həftəsində bütün evlərdə bayram çörəkləri, halvalar, müxtəlif şirniyyatlar bişirilir. El arasında “kül çərşənbə” də deyilən İlaxır çərşənbə axşamı əvvəlcə böyüklər - həm kişilər, həm də qadınlar qəbir üstünə gedir, doğmalarının məzarını ziyarət edir, dualar oxuyurlar. Qəbir üstə şam yandırır, evdən gətirilən bayram şirniyyatlarından, xüsusən halva-külçələrdən ehsan verirlər.
Cənub bölgəsində İlaxır çərşənbə, Novruz bayramı şənlikləri elliklə qeyd edilir. Adətə görə, İlaxır çərşənbədə şər qarışan vaxt hamı evdə, həyət-bacada olmalıdır. 7 yerdə küləşdən tonqal üçün yer hazırlanır, alqış sədaları altında evin böyüyü tonqala od vurur. Bütün ailə üzvləri, hətta beşikdəki körpələr də tonqal üstündən tullandırılar. Həmin vaxt bu dilək isə mütləq söylənməlidir:
Ağırlığımı yer götürsün,
Mətləbimi Allah versin!
Bu zaman evlərdən fişəng, tüfəng səsləri ucalır, hər kəs öz sevincini, şadlığını bir cür ifadə edir.
İlaxır çərşənbədə gənc subay qızlar qismətlərinə kimin çıxacağını fal açmaqla öyrənməyə çalışırlar. Fal açmalar bayramın ən maraqlı adət-ənənələrindəndir.
Gündüzdən bayram xonçası düzəldilməli, ailə üzvlərinin sayına görə şam düzülməlidir. İlaxır çərşənbəsi axşamı bu şamlar yandırılmalıdır. Bayram gecələri qulaq falına, “qurşaqatdı”ya çıxırlar.
İlaxır çərşənbədə icra olunan mərasimlər Novruz bayramı gecəsi daha geniş şəkildə təkrar edilir. Xonçalar düzülür, qulaq falına çıxılır, evlərə qurşaqlar atılır, bayram təbrikləri ara vermir.
Cənub bölgəsində Novruz bayramı süfrəsi öz qeyri-adiliyi ilə fərqlənir. Novruzda çoxçeşidli bayram çörəkləri, növbənöv plov bişirilir. Cənub bölgəsinin Novruz təamlarından biri də kütüm balığıdır. Deyilənlərə görə, balıq ailəyə ruzi, bərəkət gətirir. Ona görə Cənub bölgəsində, həmin axşam süfrəyə mütləq balıq qoyulur. Bayram axşamı nişanlı qızların evinə ağzında qızıl üzük olan balıq, müxtəlif hədiyyələr göndərilir. Yaşıllığın, təbiətin oyandığını bildirən göy-göyərti və ondan hazırlanmış kükü də bayram süfrəsindən əskik olmur. Ümumiyyətlə, inama görə, İlaxır çərşənbə və Novruz gecələrində süfrədə “s” hərfi ilə başlanan 7 nemətin olması vacibdir. Süfrəyə səməni, müxtəlif xörəklər, şirniyyatlar düzülür. Adətən acılıq gətirən təamlar, yəni soğan, sarımsaq bayram süfrəsinə gətirilmir.
İlaxır çərşənbə günündən xeyli əvvəl xüsusi mərasimlər keçirilməyə başlanılır, bayram nəğmələri oxunur. Xüsusilə İlaxır çərşənbə gecəsində, Novruz ərəfəsində yeniyetmələr, gənclər kosa-keçəl libasında, əllərində təbil-nağara qapı-qapı gəzir, həyətlərə daxil olaraq:
Sizin bu təzə bayramınız mübarək,
Yeni iliniz, ayınız, gününüz mübarək!
- deyə oxuyurlar. Həyətindəki bu xoş mənzərəni, çal-çağırı, səhnəciyi məmnunluqla seyr edən ailə üzvləri tamaşadan razı qalırlar.
Ay xala, xala, dursana,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
Bu nəğməni
eşidən ev sahibləri bayram paylarını gətirib verirlər. Yoxsa nəğmələrin ardı
kəsilməyəcək, yumoristik
səhnə davam edəcək. Yalnız Kosanın
payı veriləndən
sonra dəstə həmin evi tərk edərək başqa evlərə yollanır.
Bayramın səhəri tezdən hamılıqla axar su üstünə gedirlər. Xəstələri belə aparırlar.
Əl-üzlərini yuyaraq:
“Dərd-bəlamı su
aparsın”, - deyirlər.
Dualar edir, arzularını, diləklərini axar suya söyləyirlər.
Təzələnmiş sudan gətirib evə, həyətə səpirlər, hər tərəfə su çiləyirlər. Həmin gün
bütün qapılar
tanış-bilişin üzünə
açıq olur.
İnsanlar bayram şirniyyatları
ilə bir-birinin evinə qonaq gedirlər. Bir-birlərinə:
“Bayramınız mübarək
olsun! Evinizdən, ocağınızdan bərəkət
əskik olmasın”, -
deyirlər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.- 13 mart.- S.7.