Azərbaycan Yazıçılar
Birliyinin sədri xalq yazıçısı
Anara
Hörmətli Anar müəllim!
Sizi – Azərbaycanın görkəmli
yazıçısını və tanınmış ictimai xadimini anadan olmağınızın
80 illiyi münasibətilə
ürəkdən təbrik
edirəm. Sizə cansağlığı, yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətinizdə
müvəffəqiyyətlər arzulayıram.
Sizin istedadlı nasir, publisist və dramaturq olaraq çoxəsrlik ənənələrə
malik ədəbiyyatımızın
daha da zənginləşməsində
müstəsna xidmətləriniz
vardır. Ən müxtəlif janrlarda qələmə aldığınız
əsərlərdə Siz
söz sənətkarlarına
məxsus yüksək
məharətlə müasirlərimizin
mənəvi aləminin
dolğun təsvirinə
nail olmuş, ardıcıl
ədəbi-fəlsəfi axtarışlarınızla
bədii fikrimizin yeni inkişaf mərhələsinin yaradıcılarından
biri kimi səmərəli fəaliyyət
göstərmisiniz.
Mövzu aktuallığı, üslub
fərdiliyi, dil səlisliyi və dərin həyatiliyi ilə səciyyələnərək
yüksək əxlaqi
keyfiyyətlər aşılayan
nəsr əsərlərinizin
geniş oxucu auditoriyasının zövqünün
formalaşmasında təsiri
təqdirəlayiqdir. Daim rəğbətlə
qarşılanan səhnə
əsərləriniz və
dahi şəxsiyyətlərimizin
ömür yolunu özünəməxsus parlaq
boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi
daha da artırmışdır.
Hər biri uzunmüddətli araşdırmanın məhsulu
olub ədəbi-mədəni
fikir tariximizin bütün məqamlarını
ehtiva edən məqalə və esseləriniz intellektual potensialınızın aydın
təzahürüdür.
Dilimizin saflığının qorunması
uğrunda mübarizə
yaradıcılığınızın mühüm istiqamətlərindən
birini təşkil etmişdir. Xalqımızın böyük sənətkarlarının
övladı olmaqla yeni tarixi şəraitdə
azərbaycançılıq məfkurəsinin inkişafında
xidmətləriniz danılmazdır.
Azərbaycan Yazıçılar Birliyinin
sədri vəzifəsində
Siz otuz ildən bəri uğurla çalışmaqdasınız. Ümidvaram ki,
ölkəmizin mədəni-ictimai
həyatında bundan sonra da fəal
iştirakınızla gənc
ədəbi nəslin
milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün
bilik və bacarığınızı əsirgəməyəcəksiniz.
Ən xoş arzularla,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 mart 2018-ci il.
Azərbaycan.- 2018.- 14 mart.- S.1.