Cocuq Mərcanlıda bir daha sönməyəcək ocaq

 

Lələtəpə ətəyində bayram tonqalı qalandı

 

 ...Günəşin ilıq nəfəsi torpağı isidir. Qış yuxusundan oyanan təbiət yavaş-yavaş canlanır. Yurdumuza bahar gəlir. Həmişə yeni, həmişə təzə olan yazın builki gəlişi tamam başqadır. Bu gəlişin özəlliyi ondadır ki, müdrik xalqımız onu ümidlər baharı kimi qarşılayır. Ürəyimizdə, varlığımızda böyük inam var ki, bu bahar bizə yeni sürprizlər ərməğan edəcəkdir. Təsadüfi deyil ki, Qarabağa böyük qayıdışa məhz apreldə start verildi.

Milli Ordumuzun 2016-cı ilin aprel ayında keçirdiyi uğurlu əks-hücum nəticəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində geniş ərazini nəzarətdə saxlayan Lələtəpə yüksəkliyi erməni hərbi birləşmələrindən azad edildikdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da tarixən bu ərazidə yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün əsaslı bərpa və yenidənqurma işlərinin başlanmasına start verilmişdir.

Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində yaranan təhlükəsizlik şəraitini nəzərə alan respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı 2017-ci ildə bir neçə sərəncam imzalamışdır. Böyük tarixi əhəmiyyət kəsb edən bu sərəncamlar xalqda əhvali-ruhiyyənin, orduda döyüş ruhunun yüksəlməsinə təkan vermişdir.

Mili Ordumuzun şanlı tarixə çevirdiyi Aprel döyüşləri Azərbaycan əsgərinin yenilməz qüdrətini, nəyə qadir olduğunu bütün dünyaya göstərdi.  Erməni qəsbkarları bir daha gördülər ki, Azərbaycan Ordusu qarşısıalınmaz gücə malikdir.

Ümidlər baharı yurdumuza qədəm qoyur. Göz işlədikcə uzanan çöllər zümrüd libasa bürünür. Qış yuxusundan oyanan ağaclar başına əlvan çiçəklərdən çətir tutur. Baharın gəlişi könülləri də duyğulandırır. Üzlərə təbəssüm qonur, dillərə nəğmə düşür. Sanki adamlar bir az da mehribanlaşır, doğmalaşır.

Bu günlər Cocuq Mərcanlıda ikiqat sevinc yaşanır. Uzun illərdən bəri həsrət qaldıqları yurdlarına qovuşan insanlar indi Novruz tonqallarını öz doğma həyətlərində daha gur qalayır, müqəddəs ocaq başında Qarabağın erməni işğalından tamamilə azad olunması üçün dualar edir və birmənalı şəkildə inanırlar ki, qəhrəman Azərbaycan əsgəri xalqın bu istəklərini tezliklə gerçəkləşdirəcək, üzümüzə açılan günəşli səhərləri, yurdumuza gül-çiçəklə, xoş arzu-diləklə qədəm qoyan bu baharı sözün həqiqi mənasında, ümidlər baharına çevirəcəkdir.

Xoş rahiyəli bu bahar günündə - yel çərşənbəsində Cocuq Mərcanlı kəndindəyik. Ermənistan silahlı qüvvələrinin burada yaratdıqları xarabalıqlardan əsər-əlamət qalmayıb. Yeni salınmış asfalt yol, yaraşıqlı evlər, müxtəlif sosialyönümlü obyektlər, yeni tikilmiş məscid, məktəb, uşaq bağçası və s. abadmüasir bir yaşayış məntəqəsini soraq verir. Bərpa və yenidənqurma işlərinin birinci mərhələsi başa çatdıqdan sonra respublika Prezidenti İlham Əliyev keçən ilin iyunun 14-də buradakı açılış tədbirlərində iştirak etmiş, birinci mərhələdə 50 Cocuq  Mərcanlı ailəsinin öz doğma kəndinə qaytmasına xeyir-dua vermişdir. Dövlət başçısının səfərsonrası imzaladığı yeni sərəncamla Cocuq Mərcanlıda yenidənqurma işləri davam etdirilmiş, qısa zaman ərzində daha 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, ərazi nümayəndəliyinin inzibati binası tikilib istifadəyə verilmişdir.

Baharın gəlişi bizim üçün həmişə toya-bayrama çevrilir. Xalqımız Novruzu hər zaman təntənə ilə qeyd edir. Bu gün yaralı Qarabağın bir parçası olan Cocuq Mərcanlıda özgə büsat var. Kənd illər sonra yenidən çal-çağırlı günlərinə qovuşub. Kənd sakini Oqtay Həziyev sevincini bizimlə bölüşür:

- Bu gün bəlkə də hamıdan çox sevinən mənəm. Uzun illər burada tək yaşamışam. Hər gün təhlükə ilə üzləşsəm də, doğma ev-eşiyimdən, isti yuvamdan ayrıla bilməzdim. Amma bu illər ərzində qohum-qardaş üçün, dost-tanışdan ötrü çox darıxırdım. Lələtəpə yüksəkliyi düşməndən azad ediləndə, qohum-qardaş kəndə qayıdanda, elə bil üzümə gün doğdu. Sevindiyimdən uşaq kimi ağladım. İndi kəndimiz yeni həyatını yaşayır. Dövlətimizin qayğısı bizə yaşamaq həvəsi verir, həyatımızı gözəlləşdirir. Prezident İlham Əliyev məni Birinci dərəcəli “Əmək ordeni” ilə təltif etmişdir. Əməyimə verilən bu yüksək qiyməti gərək halal zəhmətimdə doğruldum. Bizə həyat firəvanlığı, xoş güzəran bəxş edən Prezidentə minnətdarıq. Dövlət başçısının böyük qayğısı sayəsində Cocuq Mərcanlı yenidən həyata qayıtdı. İnşaallah tezliklə bütün Qarabağ da işğaldan azad olar.

İndi bu novruzlu günlərdə Cocuq Mərcanlının ocaqları gur yanır. Bu ocaqlar mayasını doğma yurda, ana torpağa bağlı ürəklərdən alır. Vətən sevgisi ilə çırpınan bu ürəklərin odu, alovu isə heç zaman tükənən deyil.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2018.-14 mart.- S.1; 7.