İvan Brayoviç: “Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə
dəstəkləyir”
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə
olan Monteneqro parlamentinin sədri İvan Brayoviçin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizə səfərindən məmnunluğunu ifadə edən İ.Brayoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib.
İ.Brayoviç Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq, ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin önəmini vurğulayıb, sessiya çərçivəsində keçirilmiş məhsuldar müzakirələrin dialoqun və əməkdaşlığın inkişafına əsaslı töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin konstruktiv dialoq və anlaşma mühitində yüksələn xətlə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə baxışlarının üst-üstə düşdüyü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi bildirilib, Monteneqronun Avratlantik təsisatlarda Azərbaycanın etibarlı tərəfdaşı olduğu diqqətə çatdırılıb. Monteneqronun Azərbaycanın “Expo 2025”ə namizədliyini dəstəklədiyi qeyd edilib.
Azərbaycan ilə Monteneqro arasında dostluğun inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu vurğulanıb. Hər iki ölkənin parlament nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində uğurla əməkdaşlıq etdiyi qeyd olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
Monteneqro parlamentinin spikeri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Minsk qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu deyib.
Nazir E.Məmmədyarov Monteneqronun münaqişənin həllinə dair bu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, bütün beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəklədiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, investisiya, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub. Nazir Elmar Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verib və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərindən danışıb.
Həmçinin
görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər
ətrafında müzakirələr aparılıb.
Azərbaycan.-
2018.- 14 mart.- S.3.