Əmin amanlıq bayramı

 

Novruz gəlir, Yaz gəlir

 

Builki qış mülayim keçdi. Havaların şaxı sınıb. Elimizdə-obamızda baharın nəfəsi duyulur. Gün doğan kimi şəfəqləri gömgöy zəmilərə, meyvə bağlarına, yamyaşıl yamaclara düşür.

Dağlardan əsən xəfif meh çəməndəki otlara sığal çəkir. Qayalardan kəkliklərin, tarlalardan torağayların nəğməsi eşidilir. Çoban da üst-başına əl gəzdirib, sürüsünü otlağa çıxarır. Tütəyinin səsi ətrafa yayılıb ürəklərə rahatlıq gətirir.

Səhərçağı yollarda gediş-gəliş çoxalıb. Dağ kəndlərindən aşağı enən maşınlar Lerik şəhərinə yan alır. Burada asfalt küçələr, sıralanmış evlər, bağlı-bağatlı həyətlər, tərtəmiz meydanlar, fəvvarələr göz oxşayır. Ötən Novruz bayramlarından bəri şəhərdə xeyli quruculuq işləri görülüb, yeni məhəllələr salınıb.

Leriki şöhrətləndirən təkcə təbiəti, ab-havası deyil, uzunömürlü ağsaqqalları ağbirçəkləri, ziyalıları, qurub yaradan sadə adamlarıdır. Neçə illər əvvəl bu şəhərə qonaq gələn xalq şairi Fikrət Qoca yazıb: “Allah da bəlkə elə, cənnəti uyduranda Lerikdən danışırmış”.

Lerik şəhərində bir əsrin dizini qatlayan Xanımcan Yusubova, Xanım Talışlı, Bacı Əliyeva, Racı Cəlil qızı kimi ipək xasiyyətli el anaları ömür sürürlər, xoşbəxt qocalıqdan razılıq edirlər. Novruz bayramı ərəfəsində Uzunömürlülər muzeyinin əməkdaşları ilə 104 yaşlı Racı nənənin görüşünə getdik. Evin giriş qapısında bizi nəvəsi Əflatun qarşılayıb içəri apardı. Dəhliz boyu səmənilər, gül dibçəkləri düzülmüşdü. Xonçalarda boyanmış yumurtalar, şəkərbura, paxlava, alyanaq almalar, qovurğa, çərəzlər, rəngbərəng şamlar göz oxşayırdı.

Xalı döşənmiş qonaq otağına keçdik. Ağbirçək ayağa durub görüşdü, yer göstərdi. Evin gəlini Rəhilə xanım süfrə açıb çay gətirdi. Racı nənə gəlişimizdən sevindiyini söylədi:

- Qonaq evin yaraşığıdır. Düşdüyü yerin şənliyi, şuxluğu birə-beş artır, ağrı-acı yaddan çıxır. Ev yiyəsi gözünün yağını ona yedirtməyə çalışır, olanından qoyur süfrəyə. Elimizin gözəl adəti var, hər şeyin yaxşısını qonağa saxlar.

Söz sözü çəkdi, söhbət Novruz bayramından düşdü. Ağbirçək arxada qalan illəri yada saldı. Dedi ki, bu bayram özü ilə şadyanalıq gətirir. Oğlanlar at çapardılar, qurşaq tutub güləşərdilər. Sonra meydan oyunları başlanardı.Çılınqağac”, “Çilədi”, “Qayışgötürdü”, “Ənzəlioyunları bir-birini əvəz eləyirdi. Qızlar dəstə bağlayıb özlərini ərik ağaclarının altına verərdilər. Hulumcuq asıb yellənərdilər.

Elə ki toran düşdü, çal-çağır birə-beş artardı. Tonqal qalanardı, əl-ələ verib tonqalın ətrafında oynaya-oynaya oxuyardıq:

 

alma, qızıl alma,

Nimçəyə düzül, alma.

Bilsəydim yar göndərib,

Saxlardım yüz il, alma.

 

Novruzun birinci günü səhərin gözü açılar-açılmaz geyinib-keçinərdik, qonşu qızlara qoşulub üz qoyardıq bulaqlara. Səhəngləri, bardaqları suyla doldurardıq. Bərəkət bol olsun deyə, qabların içinə xırda bir daş da atardıq. Ovuclarımızı suyla doldurub bir-birimizə səpərdik. Evə dönüb yatanların üzünə su çiləyib oyadardıq. Künc-bucağa da səpərdik ki, aydınlıq olsun, azar-bezar ocaqdan uzaqlaşsın.

Racı nənə söhbətinə azca ara verdi. Stəkandakı çaydan 2-3 qurtum içdi, yaddaşını yoxlayıb sözünə davam etdi:

- On beş-on altı yaşım olardı. Axırıncı çərşənbə axşamı anam məni qulaq falına göndərdi. Qonşumuzun qapısında dayanıb qulaq asdım. Xoş sözlər eşidib şad qayıtdım. Ertəsi gün eşitdiklərimi tay-tuşum olan qızlara danışdım. Qəhqəhə çəkib gülüşdülər. Səndə gözü olan var, bu gün-sabah elçilərin gələrdedilər. Elə oldu. İki aydan sonra məni Ağaverdiyə nişanladılar.

Evlənməyimizdən 9 il keçirdi. Müharibə başlandı, ərimi çağırıb yola saldılar. Ailənin ağırlığı dörd il üstümə düşdü. Kişi davadan qayıdıb gəldi. Biz 7 övlad böyütdük. Oğlan evləndirdik, qız köçürtdük. Otuz beş il olar rəhmətə gedib.

Söhbətə ağbirçəyin oğlu Əjdər qoşuldu:

- Anam zərbəçi kolxozçu olub. Yayda taxıl biçib, payızda kartof yığıb. Alın təri ilə bizi böyüdüb, ev-eşik sahibi olmuşuq. Əlindən zər tökülərdi. Xalça, kilim, corab toxuyardı. Son illər gözlərinin nuru azalıb. Evdə bekar durmağa səbri çatmır. Gücü çatan işdən yapışır, həyət-bacada gəzib dolanır.

Ağbirçək Novruz etiqadlarından da söhbət saldı. Dedi ki, axır çərşənbədə gözə gələn adamın falına baxmaq üçün xəmir yoğururlar. Yeddi dənə qoz boyda kündə tutub peçin üstünə atırlar. Kündələr göz-göz olursa, həmin adam gözə gəlib, yox əgər adi qaydada qızarırsa, göz dəyməyib. Qorxunu götürmək üçün bir ovuc un götürürlər. Qorxan adamı divarın yanında saxlayıb unu divara atırlar. Divarda şəkil alınır. Deməli, adam divardakı şəkildən qorxub. Axır çərşənbədə qorxanların başından su tökürlər ki, qorxunu yuyub aparsın.

Novruzda yasaq olunmuş bəzi adətləri ilk dəfə el anasından eşitdik: Axırıncı çərşənbədə axşam şamı yarımçıq söndürməzlər. Qonşuya ağartı, ələk, borc un verməzlər. Kimə borcun, verəcəyin varsa, ödəməlisən. Yoxsa bu borc daha da çoxalar. Bayram gecəsi ağlamaq olmaz. Çünki göydəki mələyin xoşuna gələr. O, istər ağlayan həmişə ağlasın.

Yerli təşkilatlar uzunömürlü ahıllara xüsusi qayğı göstərirlər. Racı nənə də bu qayğıdan kənarda qalmayıb. Dövlətdən təqaüd alır, övladları ilə hər cür şəraiti olan evdə yaşayır. Rayon icra hakimiyyətinin nümayəndələri ilin əvvəlindən ona üç dəfə baş çəkib bayram sovqatı aparıblar. Mərkəzi xəstəxananın həkimləri səhhəti ilə maraqlanırlar. 34 nəvənin, 50 nəticənin, 25 kötükcənin nənəsidir.

Racı nənə ilə görüşüb ayrılanda arzularını soruşduq. Əllərini yuxarı qaldırdı: “Bizi yaradandan həmişə əmin-amanlıq istəmişəm. Bu bayramda da birinci arzumdur. Gün o gün olsun torpaqlarımızın azad edilməsi xəbərini gətirəsiz. Ömrümün yarısı, xoşbəxt günlərim hələ qabaqdadır”, - dedi.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar journalist

 

Azərbaycan.- 2018.- 15 mart.- S.7.