Azərbaycan qlobal əməkdaşlığın
mükəmməl platforması, sülh və təhlükəsizliyin
etibarlı təminatçısıdır
Azərbaycan
Prezidenti İlham Əliyevin nitqi
Martın 15-də Azərbaycanın
paytaxtında “İnklüziv cəmiyyətlərin
qurulması üçün fərqliliklərin aradan
qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə
başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Forumun açılış mərasimində
iştirak ediblər.
Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirərək dedi:
- Zati-aliləri, xanımlar və cənablar.
Mənim adım İsmail Serageldindir.
Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədriyəm.
VI Qlobal Bakı Forumunun açılış mərasimində
sizi salamlamaq mənim üçün böyük şərəfdir.
Xanımlar və cənablar.
Bütün dünyanın ən yaxşılarının
ictimai maraqlara əsaslanan səmimiyyət və
açıqlıqla dövrümüzün əsas məsələlərini
müzakirə etmək üçün bir araya gəlməsi
ənənəyə çevrilib. Bütün bunları
mümkün edən və müzakirələrimizdə bizə
yol göstərən şəxsi - Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi dəvət
etməklə bu tədbiri açmaq mənim üçün
böyük şərəfdir.
Dövlətimizin
başçısı VI Qlobal Bakı Forumunun
açılışında nitq söylədi.
Azərbaycan
Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Əvvəlcə mən bütün
qonaqlarımıza bu gün bizimlə olduqlarına görə
dərin minnətdarlığımı bildirmək istəyirəm.
Əllidən çox ölkədən bu cür mötəbər
nümayəndə heyətlərini qəbul etmək
böyük şərəfdir. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi kifayət qədər qısa müddət ərzində
çox böyük nüfuza, çox yüksək iş
göstəricilərinə malik qlobal beynəlxalq təsisata
çevrilib. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşəbbüslərindən biridir. Əvvəlcə
mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə
- xanım Vayra Vike-Freyberqaya və cənab İsmail Serageldinə
bu təşkilatı ən mühüm beynəlxalq mərkəzlərdən
birinə çevirmək üçün verdikləri
böyük töhfəyə görə təşəkkürümü
bildirmək istəyirəm. Bu Mərkəz artıq
altıncı dəfədir ki, Qlobal Bakı Forumunu təşkil
edir. Forum qlobal gündəlikdə duran məsələlərin
müzakirəsi məqsədilə kifayət qədər
qısa müddət ərzində dünya platformalarından
birinə çevrilib.
Qonaqlarımız arasında,
artıq qeyd etdiyim kimi, 50-dən çox ölkənin
nümayəndəsi var. Qonaqların sayı 450-dən
çoxdur. Onların sırasında 47 hazırkı və
keçmiş dövlət və hökumət
başçıları var. Daha sonra tanınmış siyasətçilər,
dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin
təmsilçiləri var. Əminəm ki, Forumun gedişi
zamanı beynəlxalq münasibətlərin gündəliyində
olan ən mühüm məsələləri müzakirə
edəcəyik. Həmçinin inanıram ki, dünyada təhlükəsizliyin,
sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın
təmin edilməsi üçün mühüm tövsiyələr
də olacaq.
Azərbaycan artıq bir çox beynəlxalq
tədbirlərə ev sahibliyi edib. Onların arasında
Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin
Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. Daha
sonra - 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV
İslam Həmrəyliyi Oyunları keçirilmişdir.
Bütün bu tədbirlər əməkdaşlığa
xidmət edir, körpülər salır, müxtəlif
ölkələrin və dinlərin təmsilçiləri, fərqli
fikirli insanlar arasında daha böyük anlaşmanı təmin
edir.
Bu il biz “Bakı Prosesi”nin onuncu
ildönümünü qeyd edəcəyik. BMT hazırda bu
prosesi tam dəstəkləyir. O, Avropa Şurası və
İslam Əməkdaşlıq Təşkilatının
üzv dövlətləri arasında əməkdaşlıq
üçün nadir bir platformadır. Azərbaycan hər iki
təşkilatın üzvüdür və onların mədəniyyət
nazirlərinin 2008-ci ildə Bakıda toplantısını
keçirmək təşəbbüsü ilə
çıxış etmişdir. Bu proses davam edir. Hazırda
“Bakı Prosesi” beynəlxalq təşkilatlar və
bütövlükdə xalqlar arasında daha yaxşı
anlaşma üçün genişmiqyaslı fəaliyyətə
əsaslanır.
Artıq qeyd etdiyim kimi, bütün səylərimiz
təhlükəsizliyin, sabitliyin və
proqnozlaşdırmanın, eləcə də xalqlar
arasında sülh şəraitində birgə
yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə
yönəlib. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir,
bizim həyat tərzimizdir. Biz çoxmillətli,
çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik.
Bütün dinlərin və etnik qrupların nümayəndələri
Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq
şəraitində yaşayırlar. Hesab edirəm ki, bu,
indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin
öz təcrübəmizi bölüşmək istərdik.
Fikrimcə, müasir Azərbaycanın bugünkü
inkişafı bunun yeganə düzgün siyasət
olduğunu göstərir.
İnklüziv cəmiyyət
hazırda qlobal gündəlikdə duran məsələlərdən
biridir. Əlbəttə ki, bütün səylərimiz, qeyd
etdiyim kimi, hamımızın dünyada, xüsusən də
regionda ehtiyac duyduğu təhlükəsizliyin möhkəmləndirilməsinə
yönəlib. Əfsuslar olsun ki, Azərbaycan ərazimizin demək
olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın
təcavüzündən əziyyət çəkir. Ermənistan
beynəlxalq hüququn normalarını kobud surətdə
pozur, azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparıb və bunun nəticəsində bir
milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Ermənistan
hərbi cinayətlər, o cümlədən Xocalı
soyqırımını törədib. Həmin
soyqırımı hazırda 10-dan artıq ölkə tərəfindən
tanınıb. Bu soyqırımı nəticəsində 613
dinc, günahsız vətəndaş qətlə yetirilib.
Onların arasında 106 qadın, 63 uşaq var idi. Mindən
artıq şəxs itkin düşüb. Bu, insanlığa
qarşı cinayətdir və Azərbaycana qarşı təcavüzün
bir hissəsi olmuşdur. Dağlıq Qarabağ bizim əzəli
torpağımızdır. Əsrlər boyu azərbaycanlılar
həmin ərazilərdə yaşayıb, yaratmışlar.
Hazırda işğal olunmuş ərazilərimizdə hər
şey dağıdılıb, tarixi binalarımız, abidələr,
qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib.
Bunlar ATƏT-in iki faktaraşdırıcı missiyası tərəfindən
işğal olunmuş ərazilərdə qeydə
alınıb. Bu, eyni zamanda, mədəni irsimizə
qarşı soyqırımıdır. Münaqişənin həlli
beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əsaslanmalıdır.
1990-cı illərin əvvəlində Ermənistan
qoşunlarının işğal edilmiş ərazilərdən
qeyd-şərtsiz və dərhal
çıxarılmasını tələb edən 4 qətnamə
qəbul edilmişdir. Əfsuslar olsun ki, bu qətnamələr
icra edilməyib. Ermənistana heç bir sanksiya tətbiq
olunmayıb. Bu, o ölkədir ki, iyirmi ildən çoxdur BMT
Təhlükəsizlik Şurasının qətnamələrini
pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası,
Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar
oxşar qətnamələr qəbul ediblər. Beləliklə,
tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir.
Münaqişənin hələ də həll
olunmamasının yeganə səbəbi ondan ibarətdir ki,
Ermənistan işğal etdiyi ərazilərdən
çıxmaq istəmir. Nəinki Dağlıq Qarabağ, həmçinin
onun ətrafındakı 7 rayon hazırda işğal
altındadır. Orada bütün Azərbaycan əhalisi etnik
təmizləməyə məruz qalmışdır.
Status-kvo qəbuledilməzdir, davam edə
bilməz. Bu, bizim yox, dünyanın aparıcı dövlətlərinin,
xüsusən də münaqişənin həllində ATƏT-in
vasitəçi mandatına malik olan ölkələrin –
Amerika Birləşmiş Ştatlarının, Fransanın və
Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri
dəfələrlə açıq şəkildə bəyan
etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir.
Status-kvonu dəyişmək üçün Ermənistanın
işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən
dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan
əhalisinə öz doğma yurdlarına qayıtmaq
imkanı yaradılmalıdır. Bu münaqişə
müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir,
o cümlədən bizim o qədər də sabit olmayan
regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir.
Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT
Təhlükəsizlik Şurasının qətnamələri,
Helsinki Yekun Aktı əsasında münaqişənin
mümkün qədər tez həlli təmin edilməlidir.
Bundan sonra regionumuzda sülh bərqərar ola bilər.
Münaqişəyə baxmayaraq, Azərbaycan
inkişaf etməkdə davam edir. İqtisadi və sosial
inkişafımız rəqəmlərdə, vətəndaşlarımızın
bugünkü həyat tərzində, şəhərlərimizin
simasında əks olunur. Biz insan kapitalına böyük həcmdə
sərmayə yatırmışıq. Yeri gəlmişkən,
hazırda “Bakı Ekspo 2025” üçün namizədliyini irəli
sürmüş üç şəhərdən biridir.
Namizədliyimizin gündəliyi insan kapitalı ilə
bağlıdır. Biz bu məsələyə diqqət
yetiririk və açıq bəyan etmişik ki, siyasətimizin
mərkəzində məhz Azərbaycan xalqı dayanır.
Son 15 il ərzində yoxsulluğun və
işsizliyin azaldılması üçün çox işlər
görülüb. Hazırda bu iki göstərici təxminən
5 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu, hökumətimizin
ən böyük nailiyyətlərindən biridir,
çünki 1990-cı illərin əvvəlində olan
çətin dövr hamımızın xatirindədir.
Ölkəmizdə ciddi iqtisadi və sosial problemlər
yaşanırdı. Hazırda Azərbaycan yoxsulluğun və
işsizliyin səviyyəsinin az olmasına görə dünyada
ən öncül ölkələr sırasındadır. Biz
təhsilə, səhiyyə sahəsinə böyük
yatırımlar etmişik. Son 15 il ərzində 3100-dən
artıq məktəb, 600-dən çox xəstəxana
tikilmişdir.
Azərbaycanda əhali ödənişsiz
illik tibbi müayinədən keçir. Hər il 5 milyondan
artıq insan bu imkana malikdir. Bu, həmçinin sosial siyasətimizdir.
O, bizim mövqeyimizə, inkişaf edən iqtisadiyyata əsaslanır,
çünki istək və siyasət kifayət deyil. Siz bu
xidmətləri göstərmək üçün imkanlara
malik olmalısınız. Bu səbəbdən, əvvəlki
illərdə nəinki əhalinin tələbatına cavab
vermək, o cümlədən siyasi müstəqilliyimizi
gücləndirmək üçün biz diqqəti iqtisadi
müstəqilliyin təmin edilməsinə yönəltdik.
Aydındır ki, ölkə iqtisadi baxımdan asılı vəziyyətdə
olduqda, müstəqil xarici siyasəti yürütmək
imkanları məhdud olur. Bizə gəldikdə, sürətli
iqtisadi artım, müstəqil xarici siyasət Azərbaycan
xalqının maraqlarına, universal dəyərlərə əsaslanan
siyasət yürütmək imkanı yaratdı.
Son 15 il ərzində iqtisadi artım
üç dəfədən çox olub. Dəqiq desək,
iqtisadiyyat 3,2 dəfə artıb. Fikrimcə, bu, bir növ
dünya rekordudur. İslahatlarımız Dünya Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, digər
aparıcı beynəlxalq maliyyə təsisatları tərəfindən
yüksək dəyərləndirilir. Davos Dünya İqtisadi
Forumu Azərbaycanı qlobal rəqabətədavamlılıq
baxımından 35-ci yerdə qərarlaşdırdı. Hesab
edirəm ki, bu, tarixi nailiyyətdir - biz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə
görə dünyanın 35 ən qabaqcıl ölkəsi
sırasındayıq. Xatırlasaq ki, biz yalnız 26 ildir
müstəqilik, bu, həqiqətən də böyük nailiyyətdir.
Davos Forumunun digər qiymətləndirməsi İnklüziv
İnkişaf İndeksinə aiddir ki, burada da Azərbaycan
inkişaf etməkdə olan ölkələr sırasında
üçüncü yerdədir. Yəni, bizdən öndə
yalnız dünyanın 30 inkişaf etmiş ölkəsi və
2 inkişaf etməkdə olan dövləti yer alır. Bu,
aparıcı beynəlxalq siyasi və maliyyə
institutlarının bizim islahatlarla bağlı qiymətləndirməsidir.
Bizim islahatlar yaxşı nəticələr verir. Həmin
islahatlar sayəsində ölkəmiz adambaşına
düşən birbaşa xarici investisiyaların həcminə
görə dünyada aparıcı dövlətlərdən
biridir. Son 15 ildə ölkəmizə yatırılan sərmayənin
həcmi 230 milyard dollara bərabər olub və bu vəsaitin
yarısını xarici, yarısını isə daxili
investisiyalar təşkil edib. Bir sözlə, Azərbaycan
iqtisadi siyasətinin uğurlu olduğunu artıq sübut edib
və təbii ki, bu, bizə yalnız ölkə daxilində
deyil, həmçinin regionda da sərmayə yatırmağa
imkan, regional əməkdaşlıq üçün isə
daha yaxşı platforma yaradır.
Əlbəttə, Azərbaycan enerji
ehtiyatları ilə məşhurdur. Yeri gəlmişkən
qeyd edim ki, dünyada ilk neft quyusu məhz Azərbaycanda,
Bakıda qazılıb. O yer bu mehmanxanadan 15 dəqiqəlik məsafədə
yerləşir və həmin tarixi quyu bu gün açıq
havada salınmış muzeyin ərazisindədir.
Bu gün Azərbaycan
özünün enerji potensialını dünyaya
açmış dövlətdir. Biz xarici neft şirkətlərini
Xəzər dənizində işləməyə dəvət
edən ilk ölkə olmuşuq. Həmin əməkdaşlığın
24 illik tarixi var və bu, həm bizim, həm də tərəfdaşlarımız
üçün faydalı əməkdaşlıqdır.
Qonşularımız və dostlarımız Türkiyə və
Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi
mühüm enerji layihələrini həyata
keçirmişik. Hər iki kəmər vasitəsilə Azərbaycanın
karbohidrogen ehtiyatları beynəlxalq bazarlara nəql edilir. Azərbaycan
artıq Xəzər dənizinin digər tərəfində hasil
olunan neftin daşınması üçün tranzit ölkəyə
çevrilib. Azərbaycan öz tərəfdaşları ilə
daha geniş formatda, enerji sektorunda dünyanın ən nəhəng
layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi üzərində
çalışır. Bu da öz növbəsində, tarixi
layihədir. O, 7 dövləti birləşdirir və əlavə
ölkələrin cəlb edilməsi üçün də
yaxşı potensial var. Bu layihənin dəyəri 40 milyard
dollardır və buraya Azərbaycanın təbii
qazının hasilatı, nəqli və paylanması daxildir.
Bakıdan başlayaraq Avropada bitən vahid neft kəmərləri
sisteminin ümumi uzunluğu 3500 kilometrə bərabərdir.
Bu, regionun və Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfədir. Enerji təhlükəsizliyi bir
çox dövlətin milli təhlükəsizliyinin tərkib
hissəsidir. Bu gün Azərbaycan nefti bəzi Avropa dövlətlərinin
enerji balansının 40 faizini təşkil edir və Azərbaycanın
təbii qazı da Avropa ölkələrinin enerji təhlükəsizliyini
gücləndirəcək.
Bu il biz “Cənub Qaz Dəhlizi” layihəsinin
ən mühüm hissəsinin
açılışını qeyd edəcəyik. Yəni,
“Şahdəniz” yatağından ilk qazın nəql olunması,
Azərbaycanı Gürcüstan ilə birləşdirən Cənubi
Qafqaz Qaz Kəməri və Türkiyə ərazisindən
keçən Transanadolu kəmərinin istifadəyə verilməsi.
Bunlar Cənub Qaz Dəhlizinin mühüm seqmentləridir,
işlər plan üzrə davam edir və ümidvaram ki,
tezliklə biz həmin tarixi nailiyyətin - layihələrin
istifadəyə verilməsini qeyd edəcəyik.
Azərbaycan, Gürcüstan və
Türkiyə arasında mövcud olan əməkdaşlıq
təkcə bizim ölkələrə xidmət etmir, o, eyni
zamanda, bütün region üçün əhəmiyyət
kəsb edir. Bizim illər boyu yaratdığımız enerji dəhlizləri
artıq nəqliyyat dəhlizlərinə çevrilir və
yenə də üç dövlət həmrəylik, birlik və
sadiqlik nümayiş etdirir. Ötən ilin oktyabrında biz
daha bir tarixi layihənin açılışını etdik.
Bu, üç ölkəni, ancaq əslində, qitələri
birləşdirən dəmir yolu layihəsidir. Çünki
bu dəmir yolu xətti Asiyadan Avropaya olan ən qısa
marşrutdur. Onun sayəsində Asiyadan Avropaya və geriyə
olan yük daşımaları üçün tələb
olunan vaxt 30 gün deyil, iki həftəyə bərabər
olacaq. Bakı-Tbilisi-Qars layihəsinin ötən ilin
oktyabrında açılışı qlobal əhəmiyyət
kəsb edən hadisədir. Çox şadam ki,
açılışdan qısa bir zaman – altı ay keçməsinə
baxmayaraq, biz bu layihəyə artan marağın şahidi
oluruq. Biz bu layihəyə böyük maraq və ümidləri
olan Asiya, Mərkəzi Asiya və Avropadan olan yeni tərəfdaşları
görürük. Hazırda biz əməkdaşlığın
daha irəlidə olan mərhələsindəyik və burada
səylərimizi əlaqələndiririk ki, bu marşrut
yalnız vaxt baxımından deyil, iqtisadi cəhətdən də
rəqabətli olsun. Yəni, biz yükləri daşıma
vaxtının qısa olması ilə bərabər,
münasib qiymətlə də cəlb edə bilək. Biz həmin
istiqamətdə olduqca fəal çalışırıq.
Bu, bizim fəaliyyətimizin mühüm beynəlxalq əhəmiyyət
kəsb etdiyi bir sahəsidir.
Azərbaycanın beynəlxalq əməkdaşlığa
verdiyi töhfə çoxşaxəlidir. Qeyd etdiyim kimi,
onlardan biri mədəni körpülərin qurulmasına
yönələn səylərimizdir ki, onlar Asiya və Avropa,
Avropa ilə müsəlman dünyası arasında daha
yaxşı anlaşmanın yaradılmasına xidmət edir.
Bizim enerji və nəqliyyat layihələrimiz xalqlara fayda gətirir,
on minlərlə yeni iş yerləri yaradır və bununla da
ölkələrin inkişafına töhfə verir. Bizim
regionda sabitləşdirici amil rolumuz da yüksək qiymətləndirilir.
Beləliklə, biz apardığımız siyasətin bəhrəsini
görürük. Həmin siyasət ki, hər zaman təhlükəsizlik,
sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş
qarşılıqlı əməkdaşlıq və dəstək
üzərində qurulub. Bizə lazım olan məhz budur və
düşünürəm ki, Azərbaycanın
qonşuları ilə qura bildiyi münasibətlər mehriban
qonşuluğun yaxşı nümunəsidir.
Bu gün ilk dəfə olaraq
Bakıda regionun dörd dövlətinin - Azərbaycanın,
İranın, Gürcüstanın və Türkiyənin
xarici işlər nazirlərinin görüşü
keçiriləcək. Bundan öncə biz üçtərəfli
əməkdaşlıq formatlarını qurmuşuq - Azərbaycan-Türkiyə-Gürcüstan,
Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya.
Bütün bu formatlar sabitliyə və sülhə, habelə
iqtisadi inkişafa xidmət edir. Qeyd etdiyim kimi, həyata
keçirdiyimiz enerji və nəqliyyat layihələri
xalqlarımızın mənafeyinə xidmət edir. Biz
uğura yalnız bu yolla nail ola bilərik. Siz nə qədər
vəsait qoysanız belə, qonşularla yaxşı
münasibətiniz olmazsa heç vaxt tranzit ölkəyə
çevrilə bilməzsiniz. Mehriban qonşuluq münasibətləri
hər bir ölkə üçün vacibdir.
Azərbaycan beynəlxalq təşkilatlarda
da güclü mövqeyə sahibdir. Gələn həftə
biz Qoşulmama Hərəkatının xarici işlər
nazirlərinin toplantısına ev sahibliyi edəcəyik. Azərbaycanın
bu mühüm beynəlxalq təşkilatın yeni
üzvü olmasına baxmayaraq, ölkəmiz orada
böyük dəstəyə malikdir və belə bir
toplantının keçirilməsi onun təzahürüdür.
Azərbaycan digər beynəlxalq təşkilatlarda, İslam Əməkdaşlıq
Təşkilatında da fəaldır. Avropa
İttifaqının “Şərq tərəfdaşlığı”
çərçivəsində də fəalıq və
Avropa İttifaqı ilə yeni Tərəfdaşlıq
Sazişi üzərində çalışırıq. Həmin
saziş olduqca geniş sənəd olacaq və siyasət,
iqtisadiyyat, təhlükəsizlik, enerji, nəqliyyat, mədəni
müxtəliflik kimi sahələrdə əməkdaşlığı
əhatə edəcək.
Beləliklə, regiondakı və
dünyadakı rolumuzun nədən ibarət olduğunu və
həmin nəcib məqsədlərə nail olmaq yolundakı
nailiyyətlərimizi qısaca olaraq diqqətinizə
çatdırdım. Bir daha qeyd edirəm ki, bizim siyasətimiz
əməkdaşlığa, dostluğa və tərəfdaşlığa
nail olunmasına yönəlib. Dediyim kimi, müasir Azərbaycanın
nailiyyətləri sübut edir ki, biz düzgün yoldayıq.
İki aydan sonra biz Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edəcəyik.
Biz fərəhlənirik ki, müsəlman dünyasında ilk
demokratik respublikanın baniləri məhz azərbaycanlılar
olublar. Müsəlman aləmində ilk dəfə azərbaycanlılar
azad, insanların bütün hüquqlarının
qorunduğu cəmiyyətdə yaşamaq arzusunu ifadə ediblər.
Bugünkü Azərbaycanın inkişafında Azərbaycan
Xalq Cümhuriyyətinin rolu olduqca böyük olmuşdur. Eyni
zamanda, biz bu gün onların 100 il bundan əvvəl qəbul
etdiyi qərarlarla da fəxr edirik. Onlardan biri qadınlara səsvermə
hüququnun verilməsi olub ki, o qərar bir çox Avropa
dövlətlərindən öncə qəbul edilib. Təəssüf
ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki ildən
bir az qısa olub və respublikanın faciəvi süqutu
hamımız üçün dərs olub.
Həqiqi müstəqilliyin qorunub
saxlanılması onu əldə etməkdən çox
çətindir. Bugünkü Azərbaycan tam mənada
müstəqil dövlətdir. O dövlət ki, gələcəklə
bağlı aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın
inkişafının şahidi ola bilsəydilər, bizimlə
fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm
özümüzə, həm də dünyaya nümayiş
etdiririk ki, insanlar yalnız müstəqillik dövründə,
öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan
bunun bariz nümunəsidir.
Mən Foruma uğurlar diləyir və
bu gün bizimlə olduğunuza görə sizə bir daha təşəkkür
edirəm.
***
Dərin məzmunlu nitqinə görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirən İsmail Serageldin dedi:
- Zati-aliləri, bizə yol göstərdiyinizə
görə Sizə təşəkkür edirəm. İcazə
verin, fürsətdən istifadə edərək Sizi Azərbaycanın
nail olduğu möhtəşəm nailiyyətlər və
Sizin də qeyd etdiyiniz kimi, müsəlman Şərqində
ilk demokratik respublikanın yaranmasının 100 illiyi
münasibətilə təbrik edim. Auditoriya üçün
qeyd edim ki, bu respublika ABŞ-dan əvvəl qadınlara səsvermə
hüququ verib, məhz burada. Həmçinin qeyd edim ki, bu qədər
gənc olmasına baxmayaraq, hazırda Azərbaycan dünyada
35 ən rəqabətqabiliyyətli ölkədən biridir.
Zati-aliləri, bizim Forumla
bağlı bir sıra müraciətlərimiz var. İndi isə
Türkiyə Respublikasının Baş naziri Binəli
Yıldırımı dəvət etmək mənim
üçün böyük məmnunluq və şərəfdir.
***
Türkiyə Respublikasının
Baş naziri Binəli
Yıldırım çıxış edərək dedi:
- Hörmətli cənab Prezident
İlham Əliyev.
Hörmətli Mehriban xanım.
Xanımlar, cənablar, digər
ölkələrdən gələn prezidentlər, Baş
nazirlər, nazirlər, dəyərli qonaqlar.
Bu gün Bakıda mühüm bir
Forumla əlaqədar Sizinlə bir yerdə olmaqdan son dərəcə
məmnunluq duyuram. Bütün iştirakçıları
hörmət və ehtiramla salamlayıram.
Azərbaycanın beynəlxalq məsələlərlə
əlaqədar dialoqu inkişaf etdirmək məqsədilə
qurduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini
yaxından izləyir və təqdir edirik. 2012-ci ildə
qurulmasına baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
son altı il ərzində 20 ölkədə tədbirlər
keçirib, 100-dən çox dövlət və hökumət
başçısını öz sıralarında birləşdirməyə
nail olub. Nizami Gəncəvi XII əsrdə yaşamış
azərbaycanlı, türk elm xadimi, şair və mütəfəkkirdir.
“Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və
Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə”
kimi mühüm və əfsanəvi əsərləri ilə
türk, fars və ərəb dilli ədəbiyyatda öz
imzasını qoymuş önəmli şəxsiyyətdir.
Fürsətdən istifadə edərək, böyük
mütəfəkkir Nizami Gəncəvini hörmət və məhəbbətlə
anırıq. Nizami Gəncəvi hazırda dünyada
yaşanan problemlərin həlli üçün hələ
o dövrdə qızıl açar təqdim edir və deyir
ki, bağlı bir qapının açarını yalnız
alimlərdə axtardığın zaman tapa bilərsən.
Məhz bu baxımdan Qlobal Bakı
Forumu hər il müxtəlif mövzu və devizlə
dünyanın aktual problemlərinin müzakirə olunduğu
mühüm platforma kimi qəbul edilməyə
başlanılıb. Müzakirə olunan mövzularla
bağlı tanınmış və nüfuzlu şəxslərin
fikir mübadiləsi aparmaları bölgəmizin və
dünyamızın ehtiyac duyduğu geniş üfüqlər
açan düşüncələri ortaya qoyur. Forumun builki
“İnklüziv cəmiyyətlərin qurulması
üçün fərqliliklərin aradan
qaldırılması” mövzusu getdikcə qütbləşən
dünyada əhatəli və sülhsevər cəmiyyətlərin
necə qurulması yollarını göstərmək
baxımından son dərəcə əhəmiyyətli məsələdir.
Hər məsələnin mərkəzində
insan amili var. Hamımız gələcək nəsillərə
əmin-amanlıq, rifahın olduğu dayanıqlı dünya
təqdim etməkdə məsuliyyət
daşıyırıq. “İnsanı yaşat ki, dövlət
yaşasın, insanı yaşat ki, dünya yaşasın”
prinsipinə önəm verməliyik. Buna görə də
qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli
bölüşmə, regional rifah və inkişafda
uçurumun azaldılması önəmli hədəflərimiz
arasında olmalıdır. Əlimizdəki rəqəmlər,
təəssüf ki, bu baxımdan nikbin olmağa imkan vermir. Bu
çətinliklərin öhdəsindən gəlmək
üçün çox böyük əmək sərf etməliyik.
Bir tərəfdən, dünyada yeni texnologiyaların, elmin,
kommunikasiyanın inkişafı, “sənaye 4.0”, süni
intellekt kimi yenilikçi texnologiyaların həyatımıza
daxil olması, digər tərəfdən də iş vərdişlərimizin,
peşə və ixtisas növlərinin sürətlə dəyişməsi
dünyanın gələcəyi üçün gözəl
amillərdir. Ancaq bu yeniliklərin bütün dünya,
bütün ölkələr üçün faydalı və
səmərəli olmasından ötrü mütləq şəkildə
daha güclü regional və qlobal əməkdaşlığa
ciddi ehtiyac var.
Bir ölkənin çox inkişaf
etməsi və onun qonşuluğundakı ölkənin
inkişafda geri qalması qlobal qeyri-sabitliyin əsas səbəblərindən
biridir. Cəmiyyətlərin qarşı-qarşıya qala
biləcəkləri problemləri həll etmək qabiliyyətlərinin
inkişaf etdirilməsinin də mühüm əhəmiyyət
daşıdığına inanırıq. Davamlı ictimai ahəng
üçün müxtəlifliklərin ayırıcı
yox, zənginləşdirici amil olduğunu görməliyik.
Müasir dövrdə radikalizm, ksenofobiya, irqçilik,
islamofobiya kimi problemlər barədə təəssüf ki,
daha çox danışılmağa başlanılıb.
Xüsusilə inkişaf etmiş ölkələrdə belə
hallarla qarşı-qarşıya qalırıq. Sülh
içində yaşayan plüralist, demokratik cəmiyyətlər
qurmaq üçün belə dağıdıcı cərəyanlara
qarşı birlikdə mübarizə aparmaq vacib şərtdir.
İrq, cins, sinif, etnik mənsubiyyət fərqlərinə
baxmayaraq, bütün insanlara bərabər imkanın təmin
olunduğu, heç kimin özünü kənarlaşdırılmış
hiss etmədiyi bir cəmiyyətdə sabitlik davamlı olacaq.
Türkiyə olaraq biz bu yanaşmadan
hərəkət edərək insana istiqamətlənmiş,
sülhsevər, dostluğu artırmaq, düşmənçiliyi
azaltmaq istiqamətində sabit siyasət
yürüdürük. Bundan başqa, gənc nəslin təhsilində
bəşəri dəyərlər, tolerantlıq və
müxəlifliklərin zənginlik olduğu ideyasını
daim diqqət mərkəzində saxlayırıq. Bu dəyərlərin
cəmiyyətdəki ədalətsizliyə, nifrətə və
hətta terror kimi təhdidlərə qarşı təsirli
mübarizə üçün şərt və
lazımlı olduğunu düşünürük.
Ölkəmizin zəngin mədəni
müxtəlifliyə malik keçmişə sahib olduğunu
söyləmək istəyirəm. Türkiyə mədəniyyətlərin,
dinlərin qovuşduğu, yüz illər boyunca Asiya ilə
Avropa arasında bir kəsişmə nöqtəsidir.
Türkiyə yüz illər boyunca bu xüsusiyyəti ilə
fərqli mədəniyyətlərə ev sahibliyi edib. Bunun
izlərini mədəniyyətimizdə, dinimizdə, həyatın
bütün sahələrində görmək
mümkündür.
Hörmətli qonaqlar, ölkələrin
get-gedə bir-birindən daha çox asılı olduqları
bir dünyada yaşayırıq. Bu vəziyyətdə
geniş bölgələri, iqtisadiyyatları və
xalqları bir-birinə bağlayan layihələrlə regional
və qlobal rifahı təmin etmək mümkün olacaq. Bir
az əvvəl hörmətli Prezident İlham Əliyevin ifadə
etdiyi kimi, Qafqaz bölgəsində Azərbaycan,
Gürcüstan və Türkiyə olaraq həqiqətən
regional əməkdaşlığa, hətta qlobal rifaha
mühüm töhfə verən önəmli layihələr
həyata keçiririk. Mən bu layihələri yenidən
sadalamaq istəmirəm. Amma bilavasitə özümün də
məsul olduğum Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə
Azərbaycanı, Gürcüstanı və Türkiyəni
maraqlandırmır. Bu, Uzaq Şərqdən ta Qərbi
Avropaya qədər böyük bir coğrafiyanı
maraqlandıran və yüz illər ərzində tarixi İpək
Yolu olaraq istifadə edilən müştərək dəhlizi
müasir dəmir yolu xətti ilə birləşdirən bir
layihədir. Bu layihə ilə Uzaq Şərq, Orta Asiya,
Qafqaz, Anadolu və Yaxın Şərq coğrafiyası ilə
Balkanlar və Avropa birləşdirilir. Eyni qaydada Transanadolu təbii
qaz boru kəməri də bu il tamamlanacaq və beləliklə,
Azərbaycan qazı Anadolu ərazisindən Balkanlara və
Avropaya nəql ediləcək. Bu, əslində regional və
qlobal əməkdaşlığın ən gözəl
nümunələrindən biridir. Bir tərəfdən enerji
təhlükəsizliyinin təmin olunması, digər tərəfdən
də ölkələrin bir-birinin ehtiyacını ödəməsi
baxımından çox əhəmiyyətli bir layihədir.
Türkiyə müttəfiqləri və
dostları üçün etibarlı, özünü
regional sülhə və rifaha həsr etmiş ölkə
olduğunu Yaxın Şərqdə, Balkanda və Qafqaz
başda olmaqla dünyanın bir çox yerində göstərib.
Son yeddi ildə Suriyada yaşanan vətəndaş müharibəsi
və hakimiyyət boşluğundan yaranan miqrant
axınını – 3,5 milyondan çox qaçqını
qonaq qəbul edən, çörəyini, suyunu
bölüşən ölkə Türkiyədir. Əgər
bunlar edilməsəydi, bölgədə
qarışıqlıq daha da artacaqdı və davam edən
terror təhlükəsini nəzarət altına almaq bəlkə
də mümkün olmayacaqdı.
Bu gün və sabah burada keçiriləcək
panel iclaslarında natiqlər, ekspertlər, elm xadimləri
müxtəlifliklər necə ortadan qaldırıla bilər
və ölkələr bir-birinə necə
yaxınlaşdırıla bilər mövzularını ətraflı
müzakirə edəcəklər. Bunun nail ola biləcəyi ən
mühüm amil qarşılıqlı rəğbəti,
dostluq əlaqələrini daha çox gücləndirmək
və BMT-nin qlobal proseslərdə daha çox etibar
artıran quruma çevrilməsidir. Rəqabətin deyil,
problemlərin həllini əsas alan BMT islahatlarının
artıq vazkeçilməz zərurət olduğu da gün
kimi aydındır. Bir tərəfdə insanlar ölür,
kimyəvi qazlar tətbiq edilir, uşaq, böyük,
yaşlı, gənc, amma BMT Təhlükəsizlik
Şurası yalnız rəqabət – ölkələrin
bir-biri ilə rəqabəti uğrunda bu insanlıq faciəsinə
lazımi cavab verə bilmir, bu dəhşətin
qarşısını ala bilmir. Qlobal sülhü,
qardaşlığı təmin etmək yalnız və
yalnız hər kəsin hadisələr qarşısında
ikili standartlara yol vermədən, insanlığa, humanitar dəyərlərə
əsaslanaraq həll yolu təqdim etməsi ilə
mümkün olacaq.
Çox da uzaqda olmayan Dağlıq
Qarabağ problemi illərdir Azərbaycanın qanayan
yarasıdır. Azərbaycan torpaqlarının 20 faizi hərb
yolu ilə işğal edilib, bir milyondan çox insan
evsiz-eşiksiz qalıb, qaçqın və məcburi
köçkün durumuna düşüb. BMT, ATƏT-in Minsk
qrupu, digər beynəlxalq təşkilatlar bunun ədalətsiz
olduğunu bildirdiyi, işğalın aradan
qaldırılmasının vacibliyini qeyd etdiyi halda, təəssüf
ki, bu istiqamətdə lazımi addımlar atılmayıb. Əminəm
ki, haqq gec-tez öz yerini tapacaq və təqsirkarlar layiq
olduqları cavabı alacaqlar.
Bu hisslərlə
çıxışımı bitirərkən Türkiyə
olaraq qlobal məsələlərlə bağlı
mühüm həll variantları təqdim edən və
dünyanın bir çox siyasətçisini, elm
adamını, ekspertlərini bir araya gətirən belə bir
nüfuzlu Forumun tədbirlərindən birinə də
Türkiyə olaraq ev sahibliyi etmək istədiyimizi bildirmək
istəyirəm.
Bizi - dəyərli
iştirakçıları bu mühüm tədbirə dəvət
edərək fikirlərimizi bölüşmək imkanı
yaratdığına görə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinə, onun həmsədrlərinə təşəkkürümü
bildirirəm. Forumun nəticələrinin bizə cəmiyyətlərimizin
rifahı, daha gözəl bir dünya üçün gözəl
nəticələr və fikirlər ortaya qoymasını arzu
edir, hamınıza ehtiramımı bildirirəm.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldin dedi:
- Təşəkkür edirəm, cənab
Baş nazir. Zati-aliləri Prezident Əliyevin icazəsi ilə
düşünürəm ki, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi sizin gözəl Türkiyəyə gəlmək
dəvətinizi qəbul etməkdən məmnun olacaq. Eyni
zamanda, bizim bu toplantı ilə bağlı bir neçə
mühüm müraciət var. Müraciətlərdən biri
İtaliya Respublikasının Prezidenti Zati-aliləri Sergio
Mattarella tərəfindən ünvanlanıb.
İtaliyanın Azərbaycandakı səfiri
Auqusto Massari Prezident Sergio Mattarellanın müraciətini Forum
iştirakçılarına çatdıraraq dedi:
- Zati-aliləri, Azərbaycan Prezidenti
cənab İlham Əliyev.
Zati-aliləri, Azərbaycanın
Birinci vitse-prezidenti, xanım Mehriban Əliyeva, əziz qonaqlar.
İtaliyanın Azərbaycandakı səfiri
olaraq İtaliya Respublikasının Prezidenti, Zati-ailəri
Sergio Mattarellanın müraciətini oxumaq mənim
üçün şərəfdir.
Müraciətdə deyilir: “Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin bir daha təşkil etdiyi Qlobal
Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha
müxtəlif və daha da demokratik olmasını təmin etməklə
bağlı konkret təkliflərə və təşəbbüslərə
dair dərin müzakirələrə imkan yaradacaq. Builki tədbir
üçün seçilmiş “İnklüziv cəmiyyətlərin
qurulması üçün fərqliliklərin aradan
qaldırılması” mövzusu gələcək
addımları aydın şəkildə göstərir.
Müxtəlifliyə hörmət, digər mədəniyyətlərlə
mütəmadi şəkildə qarşılıqlı əlaqə,
bütün insanların bərabər ləyaqətini qəbul
etmək hər yerdə sülhün və sabitliyin təmin
olunması, eyni zamanda, qeyri-tolerantlıq və ekstremizm riskinin
qarşısının alınması üçün əsas
elementlərdir. Terrorçuların törətdikləri vəhşiliklər
bizi aktual və kompleks çağırışla üzləşdirir.
Bu çağırışa cavab vermək üçün
biz təhlükəsizliyi təmin etməliyik. Lakin biz, eyni
zamanda, birgəyaşayış və dialoq mədəniyyətini
təşviq və inkişaf etdirməliyik. Qlobal Bakı
Forumu kimi tədbir qarşılıqlı anlaşmanı təbliğ
etməklə və gücləndirməklə məhz bu
istiqamətdə irəliləyir. Buna görə də mən
Qlobal Bakı Forumunun təşkilatçılarını təbrik
edirəm və bütün iştirakçılara ən
xoş arzularımı çatdırıram”.
***
Səfirə təşəkkür
edən İsmail Serageldin dedi:
- İndi isə Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş naziri Zati-aliləri xanım
Tereza Meyin müraciətini oxumaq üçün Birləşmiş
Krallığın Azərbaycandakı səfirini dəvət
etmək mənim üçün şərəfdir.
***
Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı
səfiri xanım Karol Krofts Birləşmiş Krallığın
Baş naziri Tereza Meyin müraciətini oxuyaraq dedi:
- Zati-aliləri cənab Prezident.
Çox hörmətli xanım
Birinci vitse-prezident.
Hörmətli qonaqlar, xanımlar və
cənablar.
Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının
Baş naziri Zati-aliləri Tereza Meyin müraciətini sizin
üçün oxumaq mənim üçün şərəf
və üstünlükdür.
Müraciətdə deyilir: “Mən
altıncı ildir ki, Qlobal Bakı Forumunu təşkil etdiyinə
və bu qədər görkəmli hazırkı və sabiq
dünya liderlərini bir araya gətirdiyinə görə Azərbaycanı
və Zati-aliləri Prezident Əliyevi təbrik edirəm.
Builki Qlobal Bakı Forumunun mövzusu – “İnklüziv cəmiyyətlərin
qurulması üçün fərqliliklərin aradan
qaldırılması” bütün iştirakçı
ölkələrin rəğbətini qazanacaq. Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi dialoqun inkişafı və bu
gün dünyanın üzləşdiyi müxtəlif aktual
problemlərlə bağlı təcrübə mübadiləsinin
aparılması üçün əlverişli
platformadır. 1918-ci ildə yaradılan Azərbaycan
Respublikasının 100 illiyi bu il tamam olur. Azərbaycanın
bu əlamətdar günü tam suveren və müstəqil
dövlət kimi bir daha qeyd etməsi təbiidir. Birləşmiş
Krallıq və Azərbaycan 1992-ci ildə diplomatik münasibətlər
yaradılandan bu günədək güclü və məhsuldar
əlaqələr qurub. Uzunmüddətli enerji əlaqələrimizlə
yanaşı, biz geniş spektrdə mühüm məsələlərdə
sıx əməkdaşlıq edirik. Qarşıdakı illərdə
biz bu əməkdaşlığı dərinləşdirməyə
və gücləndirməyə davam edəcəyik.
Mən Azərbaycana və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinə bu tədbirdə və
bütün dünyada inklüziv cəmiyyətlərin
inkişafına imkan yaratmaqla bağlı mühüm
müzakirələrinizdə uğurlar arzulayıram”.
***
Roma Papası Fransiskin müraciətini
oxuyan İsmail Serageldin dedi:
- İndi isə Roma Papası Əlahəzrət
Fransiskin Vatikandan göndərdiyi müraciəti oxumaq şəxsən
mənim üçün böyük şərəfdir.
Əlahəzrət yazır: “VI Qlobal
Bakı Forumunda iştirak edən hər kəsi salamlamaqdan
çox məmnunam. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkil etdiyi Forumun səmərəli olması və
ümumi işə töhfə verməsi üçün
xoş arzularımı çatdırıram”.
***
İsmail Serageldin Rumıniyanın
Baş naziri xanım Viorika Dançilanın müraciətini
oxumaq üçün bu ölkənin Baş nazirinin
müavini xanım Ana Birçallı dəvət etdi.
Xanım Ana Birçall Baş nazir
Viorika Dançilanın müraciətini oxuyaraq dedi:
- Zati-aliləri Prezident Əliyev.
Birinci vitse-prezident xanım Əliyeva.
Hörmətli qonaqlar, xanımlar və
cənablar.
Rumıniyanın Baş nazirinin
müavini olaraq, Baş nazir xanım Viorika Dançilanın
bu müraciətini çatdırmaq mənim üçün
şərəfdir.
Müraciətdə deyilir: “Bu
müraciəti son illərdə ümumi
çağırışlarımızı müzakirə
etmək, qiymətləndirmək və həll yolu tapmaq
üçün əsl qlobal platformaya çevrilmiş Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil
olunmuş bu nüfuzlu tədbirin - VI Qlobal Bakı Forumunun
bütün iştirakçılarına çatdırmaq mənim
üçün şərəfdir. Son altı ildə liderlər,
mütəfəkkirlər və alimlər qlobal gündəlikdə
duran ən aktual problemlərin həlli ilə bağlı
fikir mübadiləsi aparmaq üçün Bakıda bir araya
gəlirlər. Mən bu il belə yerinə düşən və
aktual mövzu seçdiyinə görə Nizami Gəncəvi
Beynəlxalq Mərkəzini təbrik etmək istərdim.
İnklüziv cəmiyyətlərin qurulması
üçün fərqliliklərin aradan
qaldırılması bizim hamımız, siyasətçilər
üçün cəmiyyətimizin quruluşunun gücünə
və çevikliyinə söykənən görülməli
işlər siyahısında prioritet məsələ olaraq
qalır. Bu gün biz dünyanın bir-biri ilə qarşılıqlı
şəkildə əlaqəli və mürəkkəb təbiətindən
irəli gələn çətin proseslərin öhdəsindən
gələrkən geniş düşünməli və
bütün mümkün ilham mənbələrinə
müraciət etməliyik. Bu il həm Rumıniya, həm də
Azərbaycan müstəqilliyinin 100 illiyini qeyd edir. 1918-ci ildən
sonrakı illərdə Rumıniya o dövrün ən
yaxşı standartlarına cavab verən plüralist və
tolerant cəmiyyət qurmaq və inkişaf etdirmək
üçün davamlı səylər göstərib.
Yüz il bundan əvvəl Azərbaycan da regionda parlamentli
demokratiya və qadınların səs vermək hüququ sahəsində
yüksək standartlar yaradıb. Bu, qeyd olunan cəmi bir
neçə məqamdır. Bu rəmzi məqamda həmin
nailiyyətləri xatırlatmağı məqsədəuyğun
və ümidverici hesab edirəm. Cəmiyyətlərimizin
inklüzivliyini daha da gücləndirmək istiqamətində
səylərimizi davam etdirmək bu gün həmişə
olduğundan daha vacibdir. Bu, bəzən çətin, lakin hər
zaman nəticə verən gündəlik səylərdir. Əks
halda tolerantlıq, müxtəlifliyə hörmət, harmoniya
kök sala bilməz. Onları sadəcə təqlid etmək
olmaz. Onlar həmişə gənc nəslə aşılanmalıdır.
Xanımlar və cənablar, Şərq
ilə Qərbin kəsişməsində yerləşən,
dünyəvi və multikultural cəmiyyətə malik olan Azərbaycan
bu gün etibarlı regional aktor kimi mühüm rol oynayır.
Prezident möhtəşəm açılış nitqində
nailiyyətləri xatırlatdı. Mən hesab edirəm ki, Azərbaycanın
bizim hamımızla bölüşəsi mühüm təcrübəsi
var. Bizim Qara dəniz və Xəzər dənizi ilə həmsərhəd
olan regionumuzun daha çox belə müsbət təcrübəyə
ehtiyacı var. Bu günün və sabahın problemlərinə
doğru cavabları yalnız birlikdə tapa bilərik. Əminəm
ki, VI Qlobal Bakı Forumu bizi bu məqsədə bir addım da
yaxınlaşdıracaq. Mən sizə səmərəli
müzakirələr arzulayıram və təşəkkür
edirəm. Mən Rumıniyanın belə möhtəşəm
toplantıda iştirakına şərait
yaratdığına görə təşkilatçılara
minnətdaram. Sizin hamınıza uğurlar arzulayıram və
sizi salamlayıram. Təşəkkür edirəm”.
***
İsmail Serageldin: Təşəkkür
edirəm. İndi isə mən BMT-nin baş katibi Zati-aliləri
Antonio Quterreşin müraciətini çatdırmaq
üçün BMT-nin Azərbaycan Respublikasındakı
rezident əlaqələndiricisi Qulam İshaqzaini dəvət
etməkdən böyük məmnunluq duyuram.
***
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətini
oxuyaraq dedi:
- Sabahınız xeyir
Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri İlham Əliyev.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Zati-aliləri Mehriban Əliyeva.
Zati-aliləri, hörmətli qonaqlar,
xanımlar və cənablar.
BMT-nin Azərbaycandakı nümayəndəsi
olaraq, baş katib Antonio Quterreşin “İnklüziv cəmiyyətlərin
qurulması üçün fərqliliklərin aradan
qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumuna
müraciətini çatdırmaq mənim üçün
şərəfdir.
Müraciətdə deyilir: “Mən VI
Qlobal Bakı Forumunun iştirakçılarını
salamlamaqdan məmnunam. Böyük
çağırışlar və qlobal ixtilafların olduğu
bir zamanda mən cəmiyyətlər arasında körpülərin
qurulmasında, tolerantlığın, mədəniyyətlərarası
dialoqun və anlaşmanın təbliğində
oynadığı rola görə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzini təbrik edirəm.
Mən sizin builki tədbirdə əsas
diqqəti sağlam planetdə hamı üçün daha
yaxşı dünyanın qurulması istiqamətində
universal və transformativ yol xəritəsi olan 2030-cu il
Dayanıqlı İnkişaf Gündəliyinin əhəmiyyətli
bir hissəsinə - inklüziv cəmiyyətlərin
yaradılması hədəfinə yönəltməyinizi
alqışlayıram.
Dayanıqlı İnkişaf Məqsədlərinin
16-cı maddəsi insan haqları, qanunun aliliyi, şəffaf,
səmərəli və təhtəlhesab təsisatlara
hörmətə əsaslanan sülhsevər və inklüziv
cəmiyyətlərin təbliğinə
çağırır. Bu məqsədə çatmaq və
silahlı münaqişələrin qarşısını
almaq üçün biz narazılıq, hüquqlardan məhrum
etmə və bərabərsizliklərin kökündə
duran səbəblərlə məşğul olmalı, hər
bir fərdin ləyaqət və hüquqlarını
müdafiə etməliyik.
Sizin gənclərə daha çox
imkanların yaradılması və bugünkü təhdidlərlə
mübarizədə elmin və texnoloji innovasiyaların rolunu
da əhatə edən müzakirələriniz bizim birgə səylərimizə
töhfə verə bilər. Sülhməramlı və
dayanıqlı gələcəyə sadiqliyinizə görə
sizə təşəkkür edirəm”.
***
Sonra Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra
Vike-Freyberqa çıxış edərək dedi:
- Azərbaycan Respublikasının
Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Zati-aliləri xanım Əliyeva.
Zati-aliləri, dövlət və
hökumət başçıları, əziz qonaqlar.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
və inklüziv cəmiyyətlərin əziz dostları.
Biz Bakı Forumunda sayı ildən-ilə
artan iştirakçıları əhatə edən dostluq
mühitində bir araya gəlmişik. Buna görə mən
təşkilatçıların - Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədrlərinin və İdarə Heyətinin
adından artıq bir neçə ildir bizə sadiq olan hər
kəsə dərin minnətdarlığımı bildirirəm.
Mən bizə bu il ilk dəfə olaraq qoşulan hər kəsi
səmimi qəlbdən salamlayıram.
Bizim müzakirə etdiyimiz mövzu
elə bir məsələdir ki, burada anlaşılmazlıqlar
və fərqli interpretasiyalar fərqli baxışların əsas
mənbəyidir. Bu da qruplar və millətlər arasında
fikir ayrılığına, münaqişələrə, bəzən
də zorakılığa gətirib çıxarır. Nizami
Gəncəvinin hələ XII əsrdə yaxşı rəhbərin
xüsusiyyətləri və ölkənin yaxşı idarə
olunması ilə bağlı dərindən
düşündüyü və bunu poetik şəkildə
ifadə etdiyi ədalətli cəmiyyət
konsepsiyasının yaradılması hər bir cəmiyyətin
daxilində əsrlər və min illərlə vaxt tələb
edib. Dünyanın istənilən ölkəsində vətəndaşların
istədiyi təbiətin onlara verdiyi normal ömrü təmin
edəcək sülh və təhlükəsizlikdir. Onlar, həmçinin
ən azı qənaətbəxş yaşayış və
mümkün olsa, əgər işləyirlərsə və
nə isə etməyə hazırdırlarsa gələcəkdə
maddi rifah gözləyirlər. Lakin hər şeydən əvvəl
birgə və inklüziv cəmiyyət təbiətin
qaçılmaz olaraq hər növə bəxş etdiyi
müxtəlifliklərə hörmət edir və insanlar
istisna deyil. Bioloji aləmdə təkamülü
mümkün edən də məhz bu müxtəliflikdir.
İnsanın xüsusiyyətlərinin və
istedadlarının müxtəlifliyi bir qrup adam
üçün lazım olduğundan çox
üstünlüklərə, bir çoxları
üçün isə layiq olmadığı repressiyalara yol
açan bütün maneələri, bütün
şüşə tavanları, cəmiyyətin müxtəlif
təbəqələrini ayıran bütün divarları
aradan qaldırmaqla cəmiyyətlərə inkişaf etməyə
imkan verir. İnsan ləyaqətinə hörmət o demək
deyil ki, biz cəmiyyətlərin eyniləşdirilməsini,
qarışdırılmasını, onların ortaq
aşağı göstəriciyədək kiçilməsini
istəyirik ki, Prokrustun yatağında olduğu kimi heç
kimə başqa birindən hündür olmağa icazə
verilməsin və ölçülərə uyğun gəlməyənlər
normaya uyğunlaşdırılmaq üçün qəddarcasına
dartılıb uzadılsın. Ədalətli cəmiyyətin
təməlində müxtəlifliyə hörmət,
müxtəlifliyin ümumi işə müsbət töhfələr
kimi qəbul edilməsi, danışıqlar nəticəsində
hər kəsi sevindirməsə belə, qane edəcək
dialoqun axtarılması və bizim sülh içərisində
yaşamaq imkanımız, Prezidentin qeyd etdiyi kimi, təbii
ehtiyatlara sahib olan ölkələrdən bu ehtiyatları
olmayan, lakin əvəzində ayrı şeylər verə biləcək
ölkələrə təbii ehtiyatları nəql etməyə
imkan verən sərhədləri aşan infrastruktura malik olmaq
dayanır.
Biz heç kəsin arxada
qalmadığı, hər bir ölkənin qonşuları ilə
dialoq apara bildiyi inklüziv cəmiyyətlərin olduğu
dünyanın axtarışındayıq. Bu, elə bir cəmiyyətdir
ki, köhnə, dondurulmuş münaqişələr və
davamlı ədalətsizliklər təkcə aidiyyəti olan
tərəflərin deyil, hamımızın diqqət mərkəzində
olsun. Çünki bizim planetimiz ani kommunikasiya vasitələrinə
görə bəzi mütəfəkkirlərin dediyi kimi, sadəcə
hamar deyil, planetimizin ölçüləri planetin müxtəlif
hissələrinə əlçatımlıq nöqteyi-nəzərindən
azalır. Bu planetdə baş verən hər bir hadisənin
bizə aidiyyəti var - iqlim, təbii müxtəliflik,
dünyada hökm sürən ədalət. Çünki ədalətsizlikdən
əziyyət çəkən istənilən ölkə
qonşuları, həmin region və dünyanın qalan hissəsi
üçün təhlükəyə çevrilir.
Xanımlar və cənablar, sizin
hamınıza üç gün ərzində səmərəli
və maraqlı debat və müzakirələr keçirməyi
arzulayıram. İndi isə sizi müzakirələrdə
iştirak etməyə dəvət edirəm və tribunaya
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
İsmail Serageldini dəvət edirəm. Bizim sizinlə
paylaşmaq istədiyimiz çox vacib bir mərasimimiz var. Bu
da Nizami Gəncəvi mükafatının təqdim
olunması mərasimidir.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldin dedi:
- Mərkəzin ideyalarını təcəssüm
etdirən fəaliyyətinə görə Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin İdarə Heyəti tərəfindən
verilən bir neçə mükafatımız var. Beləliklə,
birinci beynəlxalq mükafatımız qlobal layihələrin,
təhsilin, elmin və mədəniyyətin inkişafına
verdiyi töhfələrə görə Zati-aliləri Mehriban
Əliyevaya təqdim olunur.
***
Həmsədrlər Vayra Vike-Freyberqa
və İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
qızıl medalını Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya təqdim etdilər.
Yüksək mükafata görə təşəkkür
edən xanım Mehriban Əliyeva dedi:
- Hörmətli cənab Prezident.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
hörmətli həmsədrləri.
Xanımlar və cənablar, əziz
qonaqlar və dostlar.
Əvvəla, məni qızıl
medala layiq gördüyünüz üçün Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinə dərin təşəkkürümü
bildirmək istəyirəm. Ali ümumbəşəri dəyərləri,
bəşəri ideyaları, qarşılıqlı
anlaşmanı və sülhü təşviq edən Mərkəzdən
bu mükafatı almaq mənim üçün böyük
şərəfdir.
Uzun əsrlər boyu Azərbaycan
müxtəlif dinlərin və xalqların nümayəndələrinin
birlikdə sülh şəraitində yaşadığı
diyar olub. Multikulturalizm və etnik zənginlik ənənələri
bizim ən böyük sərvətimizdir. Biz adət-ənənələrimizi
qoruyub saxlayırıq və dünyaya açığıq.
Bu gün biz müasir Azərbaycandan, öz müstəqilliyini
bərpa etdikdən sonra ölkəmizin təsirləndirici
nailiyyətlərindən söhbət açdıq. Həyatını
doğma Vətənimin inkişafına və çiçəklənməsinə
həsr etmiş bir şəxs kimi mənim və
xalqımız üçün parlaq nümunə olan Azərbaycan
Respublikasının Prezidentinə təşəkkürümü
bildirmək istəyirəm. Çox sağ olun, cənab
Prezident. Mən Sizin komandanızın bir üzvü olmaqdan
qürur duyuram.
Mən bu mükafatı Heydər Əliyev
Fondu tərəfindən görülən işlərə
verilmiş qiymət hesab edirəm. Mən 14 ildə birlikdə
çalışdığımız, elm, təhsil, mədəniyyət
və sosial sahələrdə bütün
ideyalarımızı və layihələrimizi gerçəkləşdirməyə
kömək edən hər bir insana “Çox sağ olun!” deyirəm.
Nəhayət, mən bir daha Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədrlərinin böyük səylərini qeyd etmək
istəyirəm. Sizin fəaliyyətiniz sayəsində Mərkəz
çox mühüm beynəlxalq platformaya çevrilib. Cənab
Serageldin, sizin təcrübəniz, biliyiniz gənc nəsli
dünyaya daha da açıq olmağa və üfüqlərini
genişləndirmək üçün təhsil və bilik dəyərlərindən
istifadə etməyə ilhamlandırır. Xanım
Vike-Freyberqa, siz dünyada olan bir çox qadınlar
üçün parlaq nümunəsiniz. Biz Azərbaycanda
xalqlar və ölkələr arasında dialoqun qurulmasında
fəaliyyətinizi və səylərinizi, məşhur Azərbaycan
şairi Nizami Gəncəvinin irsinin təşviqinə
verdiyiniz töhfələri yüksək qiymətləndiririk.
Çox sağ olun, əziz xanım Vike-Freyberqa. Qeyd etməliyəm
ki, siz çox cazibədar xanımsınız.
Yekunda mən bütün
qonaqlarımızı salamlamaq və onlara Azərbaycana
“Xoş gəlmisiniz!” demək istəyirəm. Ümid edirəm
ki, bizim gözəl paytaxtımızın qonaqpərvərlik
və dostluq ab-havasından həzz alacaqsınız. Çox
sağ ol Nizami Gəncəvi Beynəlxalq Mərkəzi!
Çox sağ ol Azərbaycan!
***
İsmail Serageldin: İndi isə
böyük məmuniyyətlə digər mükafatın
qalibini təqdim etmək istəyirəm - İordaniyanın
Kralı II Abdulla. Bu mükafat əlahəzrətə sülhə,
beynəlxalq təhlükəsizliyə və sabitliyə
töhfələrinə görə verilir. İordaniyanın
Kralının adından mükafatı qəbul etmək
üçün əlahəzrət şahzadə Raad bin Zaed
səhnəyə dəvət olunur.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
mükafatı şahzadə Raad bin Zaedə təqdim olundu.
Şahzadə Raad bin Zaed
çıxış edərək dedi:
- Zati-aliləri, Prezident İlham Əliyev.
Hörmətli Birinci vitse-prezident
Mehriban Əliyeva.
Zati-aliləri, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvləri, VI Qlobal Bakı
Forumunun iştirakçıları.
Bu əlamətdar anda ali mükafata
layiq görüldüyü üçün
İordaniyanın Kralı Əlahəzrət II Abdullanın
adından Zati-aliləri, Prezident İlham Əliyevə və
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Mükafat
Komitəsinə dərin təşəkkürümü və
minnətdarlığımı böyük məmnuniyyətlə
çatdırıram. Bu mükafat dünyada sülh, beynəlxalq
təhlükəsizlik, sabitlik, ədalət və dünya
miqyasında insan iztirablarının aradan
qaldırılması rəmzini daşıdığı
üçün böyük əhəmiyyətə malikdir.
Burada mən sosial və iqtisadi inkişafın bütün
istiqamətlərini özündə ehtiva edən,
İordaniya Haşimilər Krallığı ilə Azərbaycan
Respublikası arasında uğurla davam edən qardaşlıq
münasibətlərini vurğulamaq istəyirəm.
Mənim Bakıya ilk səfərim
1990-ci illərə təsadüf edir. Lakin dünən
gördüklərim məni çox heyrətləndirdi.
Çünki mən Zati-aliləri Prezident İlham Əliyevin
müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm
tərəqqi və inkişafın şahidi oldum. Müasir
dünyamızın mühüm məsələlərini
müzakirə etmək üçün çox yaxşı
təşkil olunmuş fəal, təşəbbüskar və
dinamik Forumun iştirakçılarına qoşulmaq məni məmnun
edir.
Sonda mən Zati-aliləri cənab
Prezident İlham Əliyevə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinə dəstək çərçivəsində
atdığı addımlara görə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Əmin ola bilərsiniz ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi rifaha, maariflənməyə,
qarşılıqlı anlaşmaya, dialoqa və sülhə
doğru müsbət meyillərin
stimullaşdırılmasında öz rolunu oynamağa davam edəcək.
Təşəkkür edirəm.
***
İsmail Serageldin: İndi isə
böyük məmnuniyyətlə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin mükafatına layiq görülmüş
üçüncü və sonuncu qalibimizi təqdim etmək
istəyirəm. Mükafat humanitar və mədəniyyət
sahələrində göstərdiyi səylərə görə
xanım Marianna Vardinoyannisə təqdim olunur.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
mükafatı ELPIDA Assosiasiyasının və Marianna
Vardinoyannis Fondunun prezidenti xanım Marianna Vardinoyannisə təqdim
edildi.
Mükafata görə minnətdarlığını
bildirən xanım Marianna Vardinoyannis dedi:
- Zati-aliləri, cənab Azərbaycan
Respublikasının Prezidenti.
Zati-aliləri xanım Mehriban Əliyeva.
Əlahəzrət, Zati-aliləri,
xanımlar və cənablar.
Bu xüsusi mükafata layiq
görülməyim mənim üçün böyük
sevinc və şərəf hissi doğurur. Bu mükafat mənim
üçün xüsusilə həm də ona görə dəyərlidir
ki, o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən
verilir və Azərbaycanın sosial həmrəylik, beynəlxalq
dialoq və humanizm dəyələrinə verdiyi önəmi əks
etdirir. Bu mükafat daha yaxşı dünya üçün
olan ümidlərin rəmzidir, sülh, dostluq və harmoniya
dünyasının qurulması üçün
hamımızın işimizi və səylərimizi ithaf
etdiyimiz ortaq baxışımızdır. Bu mükafatı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən
doktor Vayra Vike-Freyberqadan və cənab İsmail Serageldindən
almaq şərəfi məni çox təsirləndirir.
Onlara fəaliyyətimə qiymət verdikləri, mədəniyyətlər,
ənənələr naminə yoldaşlarımla birlikdə
işimi davam etdirmək məqsədilə mənə
böyük dəstək olduqları üçün ürəkdən
dərin təşəkkürümü bildirmək istəyirəm.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
İdarə Heyətinin üzvü kimi mən Mərkəzin
fəaliyyətinə və xalqlar arasında əməkdaşlıq
və dostluq körpülərini yaradan təşəbbüslərinə
möhtəşəm dəstək göstərdiyi
üçün Zati-aliləri, cənab Prezident İlham Əliyevə
minnətdaram. Mən ölkələr arasında dostluq və
dialoq naminə davamlı səylərinə və
baxışlarına, habelə Azərbaycan xalqının həyatına
inkişaf və rifah gətirmək məqsədilə
gündəlik fəaliyyətinə, eləcə də
ölkənin milli lideri olan mərhum atası Heydər Əliyevin
irsini davam etdirdiyinə görə ona təşəkkürümü
bildirirəm. Mən, həmçinin böyük
baxışa sahib olan, mənim UNESCO-da əziz dostum və həmkarım
olan Zati-aliləri xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı
və hörmətimi bildirmək istəyirəm.
Görüşdüyümüz ilk andan bəri o, ELPİDA
Assosiasiyasına və onkologiya xəstəxanamıza səfər
etməklə təşəbbüslərimizə dəstək
vermişdir. Onun yüksək humanistliyi, dərin həssaslığı,
qəlbindən qaynaqlanan məhəbbət həqiqətən
də bənzərsizdir. UNESCO ilə uzunmüddətli əməkdaşlığımız
ərzində mənə onun qətiyyətini görmək
şərəfi nəsib olub və onun necə gözəl
dost olması mənə çox dərindən təsir edib.
Mən çox xoşbəxtəm ki, həyatımda belə
bir insana rast gəlmişəm. Biz Bakıdakı Respublika
Talassemiya Mərkəzi vasitəsilə xəstəxanaların
birləşməsi proqramında iştirak edən ilk ölkələrdən
biri olduğumuz üçün çox şadıq.
Hörmətli dostlar, mən bu
xüsusi mükafatı həyatımın ən vacib və məndə
dərin iz buraxan məqamı hesab edirəm. Hətta bu, məni
daha çox ona görə sevindirir ki, mükafat Azərbaycanın
gözəl paytaxtı Bakı şəhərində verilir.
Mən bu mükafatı xərçəngdən əziyyət
çəkən uşaqlara ithaf etmək istəyirəm.
İyirmi səkkiz il onlara yaxın olan bir insan kimi, uşaqlar
mənim əqlimin və qəlbimin nadir ilham və qətiyyət
mənbəyinə çevriliblər. Gəlin, hamımız
bütün dünya uşaqları üçün
alqışlarımızı əsirgəməyək.
Çox sağ olun.
***
İsmail Serageldin: Çox sağ
olun, əziz dostlar. Zati aliləri, xanımlar və cənablar.
Cənab Prezident, bu
açılış sessiyasında iştirakınızla bizə
şərəf verdiyinizə görə çox sağ olun.
***
Açılış mərasimindən
sonra VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam
etdirib.
Üç gün davam edəcək
bu mötəbər tədbirə 50-dən çox ölkədən
500-dən artıq nümayəndə, o cümlədən
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
olan sabiq dövlət və hökumət
başçıları, beynəlxalq təşkilatların rəhbərləri,
tanınmış ictimai-siyasi xadimlər, alimlər
qatılıblar.
Forum çərçivəsində
martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil
olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə
Kitabxanasının birgə təşəbbüsü ilə
keçiriləcək Sammitdə milli inkişafda, mədəni
irsin qorunmasında və ötürülməsində, gələcəyin
formalaşmasında kitabın əhəmiyyəti, eləcə
də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi
mövzuları müzakirə olunacaq.
Azərbaycan.-
2018.-16 mart.- S.1-4.