Sərhədçilər Novruzun gəlişini
təntənə ilə qeyd edirlər
Azərbaycan xalqının tarixi mədəni irsinə bağlılığının təntənəsi və mənəviyyat xəzinəmiz olan Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrində və hərbi hissələrində silsilə tədbirlər davam etdirilir.
Elə bu münasibətlə də Dövlət Sərhəd Xidmətinin Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları və işçiləri üçün möhtəşəm bayram konserti təşkil olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin və rəqs ansamblının yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanmış, musiqiçilərin və solistlərin canlı ifaları, rəqs ansamblının parlaq çıxışları böyük maraqla izlənilmişdir.
Konsert proqramının ilk hissəsində dahi bəstəkar Üzəyir Hacıbəylinin “Arşın mal alan” operettasının motivləri əsasında qurulmuş musiqili tamaşa nümayiş etdirilmişdir. Milli musiqi mədəniyyətimizin ən uca zirvəsində yer tutan “Arşın mal alan” əsərinin 105 illik yubileyinə həsr olunmuş tamaşada Əsgər rolunda DSX nümunəvi hərbi orkestrinin solisti Fəxri Kazım Nicat, Süleyman rolunda DSX nümunəvi hərbi orkestrinin solisti Tural Ağasıyev, Gülçöhrə rolunda Azərbaycan Respublikasının əməkdar artisti Afaq Abbasova, Asya rolunda Elnarə Xəlilova, Soltan bəy rolunda Murad Əlibəyli, Vəli rolunda DSX-nin rəqs ansamblının baş xoreoqrafı Fərid İbrahimov, Telli rolunda Günel Əliyeva çıxış etmişlər.
Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərlik etdikləri yaradıcı kollektivin böyük uğuru olan musiqili tamaşa tədbir iştirakçılarının sürəkli alqışları ilə qarşılanmışdır.
Konsert proqramının davamında rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistlərinin, həmçinin bayram gecəsinin xüsusi qonaqları Azərbaycan Respublikasının əməkdar artistləri Afaq Abbasovanın və Çinarə Şirinin, tanınmış estrada müğənniləri Elnarə Xəlilovanın və Dilarə Kazımovanın ifasında Azərbaycan və əcnəbi bəstəkarların əsərləri bayram gecəsini xüsusilə yaddaqalan etmişdir.
Nümunəvi hərbi orkestrin ilk dəfə olaraq milli geyimlərdə çıxış etməsi isə bayram tədbirinin Novruz ab-havasını daha da artırmışdır. Xüsusi zövqlə hazırlanmış konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük məmnunluqla qarşılanmışdır.
Şəxsi heyətdə xüsusi bayram əhval-ruhiyyəsi yaradan, hərbi qulluqçuların milli ruhda tərbiyələndirilməsi və mənəvi-psixoloji vəziyyətlərinin daha da yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edən bu cür tədbirlərin Dövlət Sərhəd Xidmətinin bütün sərhəd zastavalarında və digər sərhəd mühafizə bölmələrində təşkil olunması nəzərdə tutulmuşdur.
E.HADIYEV
Azərbaycan.-
2018.- 17 mart.- S.8.