Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik

 

Martın 17-də VI Qlobal Bakı Forumunun üçüncü gününün ilk panel iclası “Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik” mövzusuna həsr edilib. İclasa Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko moderatorluq edib.

AZƏRTAC xəbər verir k, Katerina Yuşenko iclasın mövzusunun aktuallığından, gənclərin cəmiyyətdə fəallığından danışıb. O bildirib ki, yaşlı nəsildən fərqli olaraq gənc nəsil daha fəaldır, sosial mediada daha fərqlidir. Onların təhsil sistemi də fərqlidir, habelə səyahət etmək üçün daha çox imkanları var. Gənclər fərqliliyə daha çox meyil edirlər. Təsadüfi deyil ki, yaşlı nəsil də onlara baxıb fərqli olmağa çalışır.

Panel iclasda inklüziyaeksklüziya, texnologiya və idarəetmə, gənclərin müxtəlif sahələrdə təmsilçiliyi məsələləri müzakirə edilib. Gənc liderlər Forum iştirakçıları ilə birlikdə qlobal boşluqlar barədə sual-cavab şəklində fikirlərini bölüşüblər.

Qeyd edilib ki, eksklüziyanı öyrənmək üçün ayrıca təhsil lazım deyil. Bu gün müxtəlif ölkələrdə irqi, dini, milli, gender, miqrasiya, əlillik və digər məsələlərlə bağlı ayrı-seçkilik halları müşahidə edilir. İnsanlar cəmiyyətdə ortaq cəhətlərlə bağlı birlik nümayiş etdirməli, fərqli cəhətləri isə öyrənməlidirlər. Habelə sosial modellik, iqtisadi gəlirin təkrar bölgüsü məsələlərinə yenidən baxılsa, daha faydalı olar. Elə bir dünyada yaşamalıyıq ki, hər kəs özünü öz ölkəsində əmin-aman hiss etsin. İnklüziya təşviq edilməli, təcrid etmək halları aradan qaldırılmalıdır.

Texnologiya və idarəetmə məsələsi ilə bağlı çıxış edən gənc liderlərin fikrincə, bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Belə ki, texnologiya hökumətlərin daha effektiv, innovativ olmasına kömək göstərər, dəqiqliyi təmin edər. Habelə bu texnologiyalardan istifadə edilməsi üçün işçi qüvvəsi yaradılmalı, iqtisadi dəyişiklik, o cümlədən işsizliyin aradan qaldırılması məsələsinə diqqət yetirilməlidir. Tədqiqatçı kimi düşünməyi erkən yaşdan təbliğ etmək lazımdır. Sosial mediadan daha çox informasiyanın əldə edilməsi üçün istifadə edilərsə, bu, hökumətlə cəmiyyət arasında boşluğu aradan qaldıra bilər. Eyni zamanda, sosial mediadan yalan xəbərlərin yayılması halları da nəzərdən qaçırılmamalı, onların qarşısının alınmasında fəallıq göstərilməlidir.

Gənclərin cəlb olunması və təmsilçiliyi məsələləri ilə bağlı çıxışlarda gənc zəkaların cəmiyyət həyatında müxtəlif sahələrə, o cümlədən siyasi proseslərə, ekoloji, iqtisadi, səhiyyə və digər sahələrə cəlb edilməsinin, onlar üçün imkanlar yaradılmasının aktuallığı vurğulanıb. Cəmiyyətin demokratikləşdirilməsində gənclərin rolu qeyd edilib. Boşluqların aradan qaldırılmasında gənclər təşkilatlarının fəaliyyətinin əhəmiyyəti bildirilib.

Çıxışlarda bu gün dünyada gənclərin proseslərə cəlb edilməsində mövcud olan boşluğun doldurulması məsələsinin mümkünlüyü bildirilib. Qeyd olunan problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın müsbət təcrübəsi diqqətə çatdırılıb.

 

Azərbaycan.- 2018.-18 mart.- S.4.