Rosen Plevneliev: Qlobal Bakı Forumu aktual müzakirələrin aparıldığı mühüm platformaya çevrilib

 

Hər il əhəmiyyətini daha da artıran Qlobal Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı vacib müzakirələrin aparıldığı mühüm platformaya çevrilib. Forum hazırkı və keçmiş prezidentlərin, hökumət başçılarının, dünyanın tanınmış siyasətçilərinin və siyasi ekspertlərinin bir araya gəlmələri və mühüm əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar yaradır. Forumda bir çox problemlərin həlli yolları ətraflı müzakirə olunur, yeni ideyalar, təkliflər səslənir. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan Qlobal Bakı Forumu çox vacib məkandır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliev deyib.

Rosen Plevneliev bildirib ki, hazırda dünyada tolerantlığa və qarşılıqlı sülh dialoquna böyük ehtiyac var. Biz anlaşılmazlığın yayıldığı bir dünyada yaşayırıq. Bu çətinlikləri başa düşmək və aradan qaldırmaq çox vacibdir. Bu gün dünyada sülhün qorunması olduqca önəmlidir. Dialoq qurmalı, bir-birimizi anlamalı, ideyalarımızı bölüşməliyik. Bu, dahi Azərbaycan şairi Nizami Gəncəvinin də əsas fikirlərindən olub.

Sabiq Prezident ölkələrimiz arasında əlaqələrə toxunaraq Azərbaycanın Bolqarıstanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

 

Azərbaycan.- 2018.-18 mart.- S.4.