Bakı Novruzu büsatla
qarşılayır
Yurdumuza bahar gəlir. Fəsillərin tacı, təbiətin nazlı gözəli Bahar... Şəhərdə, kənddə, eldə-obada, hər evdə-ocaqda böyükdən-kiçiyə hamı neçə vaxtdır yazın gəlişini gözləyir, baharı qarşılamağa hazırlaşır. Bahar, yaz deyəndə ilk növbədə Novruz yada düşür.
Baharın, yazın sinonimidir Novruz.
Xalqımızın bahar sevgisinin, yaz sevincinin rəmzidir Novruz.
İndi evlərdəki, ailələrdəki bahar əhvali-ruhiyyəsi, xoş ovqat böyük bir ümumxalq bayramına, el şənliyinə qovuşmaqdadır. Novruz hər kənddə, hər bölgədə fərəhlə qeyd olunmaqdadır. Dağlarımızın başından, meşələrimizin ətəklərindən, bağlarımızın yanından keçib gələn, bulaqlarımızın zümzüməsini, çaylarımızın, şəlalələrimizin şaqraq səsini, bənövşələrin və novruzgüllərinin ətrini özü ilə gətirən bahar Bakıya addımlayır.
Paytaxt şəhərimizdə Novruzun Azərbaycan torpağına qədəm basması təntənə ilə qeyd ediləcək, əsl büsata çevriləcək. Novruz şənliklərinin mərkəzi isə qədim, nağıllı-əfsanəli İçərişəhərdən başlayaraq dünyanın ən əsrarəngiz bulvarlarından, parklarından birinin salındığı Xəzər sahilinədək uzanacaq.
İndi
bu böyük şənliyin
məşqi gedir. Keçəl,
kosa, rəqqaslar, aşıqlar, Azərbaycanın
müxtəlif bölgələrindən gəlmiş el sənətkarları öz
məharət və sevinclərini xalqa necə
çatdıracaqlarını bir daha götür-qoy edir, sınaqdan keçirirlər. İnsanlara daha çox sevinc və zövq bəxş etmək üçün
ciddi hazırlaşırlar. Çünki Novruzu nə
qədər şən və firavanlıqla qarşılasan, il də o qədər uğurlu və xeyir-bərəkətli olar.
Azərbaycan.- 2018.- 18 mart.- S.7.