Durnalar gələndə,
qorqud bişəndə...
Novruz bayramı ərəfəsində
yolumuzu respublikamızın şimal-qərb bölgəsindən
salırıq.
Məqsəd bu məkanda məskunlaşmış azsaylı
etnik toplumlardan sayılan ingiloylarla daha yaxından tanış olmaq, onların tarixi, adət-ənənələri,
məişətləri ilə bağlı
oxucularımızı məlumatlandırmaqdır. Bu məqsədlə ingiloyların daha çox məskunlaşdıqları
Zaqatala rayonunun Əliabad qəsəbəsinə gəlirik.
Əliabad rayon mərkəzindən 18 kilometr
aralı, Zaqatala-Balakən şose yolunun üstündə yerləşir.
Əvvəldən
apardığımız araşdırmalara,
topladığımız məlumatlara əsasən deyə
bilərik ki, bu toplumun hazırkı məkanda nə zamandan məskunlaşdıqları
tam bəlli deyil. Bununla belə, XIX əsrdən
başlayaraq belə bir fikir irəli sürülüb ki, guya
ingiloylar etnik mənsubiyyətə görə XVIII əsrdə
İslam dinini qəbul edən gürcülər olublar. Guya ki, ingiloy sözü “yeni” və “yol” (özlərinə
yeni yol seçənlər) sözlərinin birləşməsindən
əmələ gəlib. Ancaq “yeni yol”
fikri başqa heç bir dəlillə əsaslandırılmayıb.
Tarixi məlumatlara görə, azərbaycanlılar
ingiloyları qellər adlandırırlar. Qax
rayonunun İlisu kəndindəki ingiloyların qellər,
avarlar tərəfindən qeloylar, saxurlar tərəfindən
qelovlar adlandırılması ona əsas verir ki, ingiloy etnonimi
azərbaycanca “yeni qellər” söz birləşməsindən
yaranıb. Qellər komponenti qədim qel
etnonimi ilə əlaqələndirilir. Strabonun
məlumatına görə, qellər amazonkalıların
arasında yaranıblar. Bu faktı Plutarx
da (ikinci əsr) təsdiq edib. Qədim
gürcü mənbələrində Dağıstan xalqları
leki adlanır.
Qellərin Qafqaz
dağlarında və yaxud Şimali Qafqazda
yaşadıqları söylənilir. Bəzi tədqiqatçılar
qellərin Dağıstanın cənubunda
yaşadığını iddia edir. Bəziləri
isə Strabonun və Plutarxın amazonkalılar
adlandırdığı xalq - alazanların Alazan
çayı sahillərində yaşadıqlarını
bildirirlər. Beləliklə, müasir
ingiloylar (qədim qellər) iki min ildən çoxdur ki, eyni
bir yerdə - Alazan çayı ərazisində
yaşayırlar.
Əliabad toponimi ilə
bağlı da fərqli fikirlər var. Bunlardan biri ali-yüksək,
abad isə inkişafda olan mənasını ifadə edir. Lakin əfsanələrə
görə, vaxtı ilə burada Əli adında bir sərkərdə
məğlub olub. Ona görə də
Əlinin batdığı, məğlub edildiyi yer kimi də ifadə
olunur.
İngiloyların
türk mənşəli olduqları deyilir
Bu toplumu müəyyən mənada
başıbəlalı insanlar kimi də xarakterizə etmək
olar. Bunun da ən
birinci səbəbi onların çar Rusiyası
dövründən üzü bu yana
xristianlaşdırılması istiqamətində dəfələrlə
təsir və təzyiqlərə məruz qalmalarıdır.
Bəs, sözün əsl mənasında
hazırda bu məkanda yaşayan insanlar özlərini kimlərin
davamçısı və ya qohumu hesab edirlər? Sualımıza cavab almaq üçün Zaqatala
rayonunun Əliabad kənd sakini, uzun illər ədəbiyyat
müəllimi işləmiş, ingiloyların tarixi ilə
maraqlanan Ramiz Şabanova müraciət etdik.
O dedi: “Qəsəbəmizin 11 min 88 nəfər
əhalisi var. Olduqca qədim tarixə malikdir. Əliabadın,
ümumilikdə isə ingiloyların soy-kökü ilə
bağlı maraqlı fikirlər var. Belə ki, qədim Albaniyada
26 tayfa yaşayıb. Onlardan biri də qellər
olub. Hazırda burada yaşayan
ingiloyların həmin qellərin davamçıları
olduqları iddia edilir. Qellərin özlərinin
də soy-kökü tarixçilər arasında mübahisə
doğurur”.
R.Şabanovun fikrincə, qellər,
skiflər, saklar İşkuz Tayfa İttifaqının tərkibində
məskunlaşıblar. İşkuzlar isə türkdilli olublar.
Skif və sakların da türkdilli olmaları bəllidir.
Lakin qellərin dilləri haqqında
yazılı mənbələrdə heç bir rəsmi məlumat
yoxdur. Hazırda Əliabadda müşahidə
olunan dil qalıqlarını tədqiq edərkən fərqli
mənzərə üzə çıxır. Burada
dilin altında alt lay var. Bir qədər dərinliyə
gedərək əcdadımız olan Dədə Qorquda üz
tutaq. Dədə Qorqudda bir kəlam var: “Yağı
düşmən, nə qas-qas gülürsən?” Qas-qas sözü Azərbaycan üçün
ümumişlək söz deyil. Əliabadda
həmin kəlam qarşılığı qəhqəhə
və ya şaqqanaq gülüşdür. Daha bir kəlama
nəzər yetirək:
“İagülü ulala,
qabırğalı böyüyə.” Hazırda Əliabadda
bənövşəni iagülü adlandırırlar.
Dədə Qorqudda bu da var: “Qıpçaq Məlik Qazan
xanın anasını oğurlayıb itbaraxa apardı”. İtbarax sözü də burada xarabalıq mənasında
işlədilir. Qıpçaq Məlikin
soyunun yaşadığı yerlər də o zaman xarabalıq
adlandırılıb. Bütün qeyd edilənlər
isə ingiloyların alt dilinin türk dili olması anlamına
gəlir.
Dörd əsrlik
məscid
XVII əsrin əvvəllərində
- təxminən 1612-ci ildə burada 1500 nəfərlik
böyük məscid tikilib. Bu amil bir daha həmin
dövr üçün bu məkanın müəyyən mənada
mərkəz rolu oynamasının göstəricisidir. Çar Rusiyasının həmin əraziləri
işğal edərkən əsas məqsədi buradakı
etnik toplumu xristianlaşdırmaq olub. Bu
zaman isə həmin məkanda yaşayan insanların
danışığında gürcü dilinin bir ləhcəsi
olması əsas götürülürdü. Bu məqsədlə çarın göstərişi
ilə ingiloyları şirnikləşdirmək
üçün çoxlu imtiyazlar da verilmiş, vergilər
xeyli sadələşdirilmişdi. 1863-cü
ildə Əliabadda baş verən üsyan isə deyəsən
şər qüvvələrin gözünü qırdı.
Bəs üsyan hansı səbəbdən
baş vermişdi? Tarixi mənbələrdə verilən məlumatlara
əsasən qeyd edək ki, üsyan 1863-cü ilin iyununda
Zaqatalada başlandı. Üsyana rus
ordusunun keçmiş zabiti, əhali içərisində
böyük nüfuza sahib olan Hacı Murtuz
başçılıq edirdi. Onun ən
yaxın köməkçiləri balakənli Bürcəli və
carlı Molla Zəngi oldular. Üsyan
geniş sosial təbəqəni əhatə edirdi. Onun hərəkətverici qüvvələrini
keşkəl sahibləri, müsəlman ruhaniləri, yerli
imtiyazlı təbəqələr və müstəmləkə
əsarətinə qarşı hər bir
çıxışda yaxşı gələcəyə
ümid bəsləyən sadə xalq təşkil edirdi.
Zaqatala dairəsinin hər yerindən Xurmaoba kəndinə
gələn üsyançı dəstələr vahid
qüvvədə birləşdilər. Onlar
pravoslavlığı qəbul etmiş ingiloyları
inandırırdılar ki, dövlət gec-tez onların
xristianlaşdırılmasına sərf etdiyi bütün vəsaiti:
altı illik güzəşti, bəylərin torpaq
asılılığından azad edilmələri barədə
təəhhüdü, kilsə tikintiləri ilə
bağlı olaraq il ərzində kilsə
tərəfindən kəsilmiş aylıq məvacibi ləğv
edəcək və bunun əvəzini onlardan alacaqdır. Bütün bu izahat işlərinin nəticəsində,
çox keçmədən ingiloylar zorla
pravoslavlaşdırıldıqlarına dair şikayətlə
Qafqaz canişininə müraciət edərək yenidən İslam
dininə qayıtmaq arzusunda olduqlarını bildirirlər.
İyunun 5-dən 6-na
keçən gecə, leysan yağışı altında
üsyançılar Zaqatala qalasına hücuma
başladılar. Üsyan zamanı Zaqatala dairəsinin rəisi
Şalikov öldürüldü. Lakin top atəşləri
ilə qarşılaşan üsyançılar geri çəkilməyə
məcbur oldular. Sonrakı hücumlar da
uğursuz oldu.
Bundan sonra çar
Rusiyası və gürcü emissarları burada
xristianlaşdırma siyasəti aparmaqdan müəyyən
dövr ərzində uzaqlaşdılar.
Novruz oxşar və
fərqli tərəfləri ilə
Dədə Qorqud dastanı
Azərbaycan xalqının mənəvi pasportudur. Qorqud
sözünün mənası isə bildiyimiz kimi “od, bərəkət
paylama” deməkdir. Əliabadda Novruz
bayramı Qorqud bayramı adlanır. Həmçinin
bu əziz bayramda qorqud deyilən yemək də bişirilir.
Burada durnalar da qorqud deyə
çağırılır. Durnalar gələndə,
qorqud bişəndə burada Novruz bayramı keçirilir.
Əgər Novruz bayramının arxaik
forması bu etnik qrup tərəfindən qorunub saxlanıbsa,
onların soy-kökü haqqında düşünməyə
dəyər.
1960-cı illərə qədər
Əliabadda Novruz bayramı martın 22-dən mayın 1-dək
olan dövrdə keçirilə bilərmiş. Hər kəsin
də sərbəst şəkildə bayram keçirmək səlahiyyəti
olmazmış. Bu məqsədlə hər il kənd sakinləri arasından hörmətli
bir insan seçilər və o, qapı-qapı gəzərək
hər evin maddi vəziyyəti ilə maraqlanarmış. Əgər şəxsin yaza buğdası
qalıbsa, əkinini əkibsə, bağ-bağatını səliqəyə
salıbsa, çəpərləri çəkibsə, bayrama
kəsməyə cöngəsi var idisə. onda ona bayram keçirməyə icazə
verilirdi. Hər nəsil toplaşıb
ayrılıqda bir bağda süfrəsini qurar və bayramı
keçirərmişlər.
Bundan başqa, həmin nəsil
onlarla küsülü olan adamları da birgə bayram
keçirməyə çağırardılar. Əks halda
onun bayramı qəbul olunmurdu. Hətta küsülü
olduğu adam xəstə yatırdısa
belə ona yemək aparmalı idi. Bir sözlə,
insanlar hər şeydən uzaq olan əkinçilik
bayramlarını qeyd edərmişlər. Hazırda isə respublikanın hər yerində
olduğu kimi, Əliabadda da əsasən hamının bir yerə
cəm olması bayram gününə təsadüf edir.
Qorqud yeməyi isə yenə də bişirilir.
Bəs, qorqud yeməyi necə bişirilir?
Sualımıza cavab olaraq R.Şabanov deyir: “Qorqudun
hazırlanması bir qədər mürəkkəbdir. Buna baxmayaraq, əliabadlılar bu işi sevə-sevə
görürlər. Əvvəlcə
buğda təmizlənir və yuyulub qurudulur. Sonra dingdə döyülür. Ardınca
inəyin soyulub təmizlənmiş və qurudulmuş
ayaqları suya atılaraq qaynadılır və onun içərisinə
buğda və soğan əlavə edilir. Ora
mütləq qoz ləpəsi da tökülür. Bayrama gələn insanların hamısı qorqud yeməyinə
dəvət olunur”.
Əliabad dövlət
dəstəyindən bəhrələnir
Əliabad qəsəbə ərazi
inzibati dairəsi üzrə nümayəndə Həsən Həsənov
da söhbətə qoşulur. O, qəsəbənin və burada
yaşayan insanların daim dövlət qayğısı ilə
əhatə olunduqlarını deyir. Konkret olaraq Prezident
İlham Əliyevin 5 avqust 2017-ci il tarixli sərəncamı
ilə iyirmi üç min nəfər əhalinin
yaşadığı 7 yaşayış məntəqəsini
birləşdirən Zaqatala rayonunun
Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan - Əliabad
avtomobil yolunun tikintisi üçün 8,9
milyon manat ayırması böyük razılıqla
qarşılanıb.
Əliabad qəsəbəsi ərazisində
keçən il kənd təsərrüfatının
bütün sahələri üzrə nəzərəçarpacaq
irəliləyişə nail olunub. Belə ki, qəsəbə
sakinləri 1120 hektar sahədə buğda, 400 hektar sahədə
arpa, 130 hektar sahədə kartof, 300 hektar sahədə tərəvəz,
60 hektar sahədə bostan əkiblər. Müvafiq olaraq həmin
sahələrdən cari ildə 4745 ton taxıl, 5360 ton dən
qarğıdalı, 1626 ton kartof, 3096 ton tərəvəz, 722
ton bostan məhsulu yığıblar. Eyni zamanda 78 hektar sahədən
63,3 ton quru tütün və 19 nəfər kümçü
tərəfindən 1750 kiloqram barama təhvil verilib.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 4 avqust
2017-ci il tarixində Qax şəhərində
barama, tütün və fındıq istehsalının
inkişafı məsələlərinə dair respublika
müşavirəsində bu sahələrin dirçəldilməsi
üçün cənab Prezident tərəfindən vacib tapşırıqlar
verilib. Bu baxımdan da Əliabad qəsəbəsində
2017-ci ildə bu sahələrin dirçəldilməsi istiqamətində
vacib naliyyətlər əldə olunub. Belə ki, Zakir
İsayev, Ədalət Sulxayev və başqaları 78 hektar ərazidə
tütün becərərək “Azərtütün” MMC-yə
63,3 ton quru tütün təhvil veriblər.
Fındıq
istehsalının artırılması məqsədilə
2017-ci ildə 700 hektar yeni bağ sahələri
salınıb.
Fermerlər tərəfindən yeni bağ sahələrinin
salınması işləri davam edir.
Heyvandarlıq sahəsinin
inkişafına da xüsusi diqqət verilib. Xüsusən
də heyvandarlıqla məşğul olan xırda fermer təsərrüfatların
yaradılmasında nəzərəçarpacaq irəliləyişlər
olub. Dövlət
başçısının tapşırığına əsasən
heyvandarlığın daha da inkişaf etdirilməsi və
stimullaşdırılması məqsədilə süni
mayalandırma yolu ilə alınmış hər baş buzov
üçün 100 manat subsidiya verilməsi işi davam
etdirilib. 2017-ci ildə Əliabad qəsəbəsində
bu yolla alınmış 276 buzova görə 27600 manat subsidiya
verilib.
Rayon icra hakimiyyəti
başçısının “Təmizlik, abadlıq və
yaşıllaşdırma üçaylığının
keçirilməsi haqqında sərəncamına uyğun
olaraq qəsəbədaxili ərazilərdə 3 min ədəddən
çox, magistral yol kənarlarında isə 100 yeni ağac
tingi basdırılıb.
4 tam orta məktəb
və 3 bağça
Əliabad qəsəbə
inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
rayonun iri nümayəndəliklərindən biridir. Qəsəbənin
ümumi ərazisi 6089 hektardır. Bundan
xüsusi mülkiyyətdə 4692 hektarı əkin sahələridir.
Qəsəbə əhalisinin əsas məşğuliyyəti
əkinçilik, maldarlıq, bağçılıq və tərəvəzçilikdir.
Nümayəndəliyin ərazisində
Əliabad bələdiyyəsi, 2 rabitə şöbəsi,
2000 nömrəlik EATS, Melioservis idarəsi, həftə
bazarı, baytarlıq məntəqəsi, 4 tam orta məktəb,
xəstəxana və doğum evi, 3 uşaq
bağçası, mədəniyyət evi, 1 kitabxana,
yanğınsöndürmə bölməsi, Cümə məscidi
və İslam Kolleci fəaliyyət göstərir.
Qəsəbədə 4 ədəd
tam orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə
təxminən 1200 nəfərə yaxın şagird təhsil
alır.
Qəsəbədə 3
uşaq bağçası fəaliyyət göstərir. Bu
bağçalarda 121 uşaq tərbiyə olunur. Ümumiyyətlə, bağçaların fəaliyyəti
qənaətbəxşdir. Həmçinin
qəsəbədə 1 mədəniyyət evi və 1
kitabxana fəaliyyət göstərir. Əliabadda
15 çarpayılıq xəstəxana və doğum evi də
işlək vəziyyətdədir.
Əliabad qəsəbə ərazisində
həftə ərzində və eyni zamanda həftəlik
mal-qara bazarı fəaliyyət göstərir. Bu
bazarların fəaliyyət göstərməsinin qəsəbə
sakinlərinin və ətraf kəndlərin əhalisinin
istehsal etdikləri kənd təsərrüfatı məhsullarının
və mal-qaralarının satışının
reallaşdırılmasında müsbət əhəmiyyəti
vardır. Bu bazarlarda bilavasitə
istehsalçılar özləri məhsullarını
satır və təkrar istehsal üçün büdcələrini
formalaşdırırlar.
Qeyd olunanlarla yanaşı, icra
nümayəndəsi qəsəbədə içməli və
suvarma suyuna olan tələbatı aradan qaldırmaq
üçün əlavə artezian quyularının
qazılmasına, qəsəbəarası yolların
asfaltlaşdırılmasına, yüksək və
aşağı gərginlikli elektrik dirəklərinin dəyişdirilməsinə,
mərkəzləşdirilmiş içməli su şəbəkəsinin
və kanalizasiya sisteminin yaradılmasına da böyük
ehtiyac olduğunu dedi.
Sosial layihələr
uğurla icra olunur
Əliabad bələdiyyəsinin
sədri Cəfər Əliyev isə bildirdi ki, büdcəyə
uyğun olaraq qəsəbənin inkişafı
üçün əllərindən gələni etməyə
çalışırlar. Məqsəd sosial problemlərin həllinə
nail olmaqdır. Əsasən kənd və qəsəbədaxili
yolların rahatlığı diqqətdə saxlanılır.
Keçən il 1 körpü tikilib. Ərazidə keçirilən bütün tədbirlərə
bələdiyyə dəstək verir. 2 fevral
- Gənclər Günü, məzunlarla görüş, ulu
öndərin anadan olması və anım tarixlərində fərqli
idman yarışları keçirilir. Qaliblər
mükafatlandırılır. 1 iyun
uşaqlar günü də diqqətdə saxlanılır.
Məişət tullantılarının
toplanması, basdırılması, məhv edilməsi də bələdiyyəyə
aid olan fəaliyyət sahələridir.
Qəsəbədəki 3
uşaq bağçasında (hər birində 45-50 uşaq)
bütün uşaqlara yeni ildə xüsusi hədiyyələr
ayrılır.
Uşaqların marağını təmin etmək
üçün hər il müxtəlif tədbirlər
təşkil olunur, Şaxta baba və keçəl, kosa hər
kəsi lazımi səviyyədə əyləndirir.
XXI əsrin ilk qərinəsində tarixin dərin qatlarından gəlib günümüzə qədər varlığını qoruyub saxlayan bir məkana üz tutduq. O məkana ki, Əliabad adı çəkiləndə görənlər, eşidənlər buranı həmişə rəğbətlə xatırlayır, yenidən həmin obanı ziyarət etməyə can atırlar. Bu da oradakı insanların səmimiyyətindən, qonaqpərvərliyindən, daxilində yaşayıb dəstəyini gördüyü dövlətə sədaqətindən və ətrafdakı digər toplumlarla normal birgəyaşayışlarından qaynaqlanır. Məhz ona görə də düşündük ki, halallığı hər şeydən uca tutan, zəhmətinə, qabarlı əllərinə güvənən belə insanları tanımağa da dəyər, tanıtmağa da...
Əli SƏLİMOV
Azərbaycan.-
2018.- 18 mart.- S.1; 7.