Xalqın əziz bayramı

 

Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular oyadır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır.

Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu il fevralın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan olunmuşdur. Ölkə rəhbəri hər dəfə təbriklərində xüsusi vurğulayır ki, keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur: “Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri mühüm mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir”.

 

Əsrlərin “mirasına” yönələn təhlükə

 

Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda misilsiz nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni irsə, ənənələrə müəyyən təhlükə meyilləri də özünü qabarıq şəkildə göstərir. Tarixdən məlumdur ki, hər hansı milləti asılı, məsum vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq, yaxud da kökündən, soyundan uzaqlaşdırmaq yetərlidir. Xalqların qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını sağlam ruhda qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv inkişafına təsir göstərmək, onun genetik yaddaşını, kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya qüdrətli şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu ağır və məsuliyyətli işi məhz ulu öndər Heydər Əliyev üzərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük himayədarı qismində çıxış etmişdir. Böyük rəhbər nitqlərində xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın mənəvi dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual problemlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, inteqrasiyalar bir çox hallarda əsrlərin mirasına - milli-mənəvi dəyərlərə qarşı yönəlir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü də məhz bu təhdidi düzgün qiymətləndirməsi, onun potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Ulu öndərin vətəninə, xalqına, millətinə, ənənələrinə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrilmiş, əslində, xalqın genetik yaddaşını qorumuşdur. Xalqın milli düşüncə sisteminin bədii-poetik modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər böyük rəhbərin dəyərlərimizə həssas münasibətindən irəli gəlməklə yanaşı, ictimai şüurun oyanmasına da xidmət etmişdir. Təbii ki, görülən işlər sadəcə qayğı olmaqla məhdudlaşa bilməz - bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə əmanət edilməsi, azərbaycanlı məfkurəsinin, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş, məqsədyönlü addımlar idi.

 

Milli-mənəvi dəyərlərimizin böyük himayədarı

 

Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində - Azərbaycana birinci rəhbərliyi dövründə xalqda milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün aşkar-gizli tədbirlər həyata keçirmişdir. Azərbaycan KP MK-nın 1970-ci il 20 mart tarixli plenumunda çıxış edən Heydər Əliyev kütləvi informasiya vasitələrinin bu sahədəki fəaliyyətindən narazılığını ifadə edərək demişdir: “Bəzən mətbuat, radioteleviziya işçiləri iqtisadiyyatın, mədəniyyətin və məişətin inkişafına, xalqın mənəvi həyatına aid mühüm məsələləri lazımi səviyyədə işıqlandırmağı bacarmırlar”. Böyük rəhbərin bu tarixi çıxışından sonra mətbuatda, televiziyaradioda xalqın mədəni dəyərlərini, adət-ənənələrini, folklorunu, ədəbiyyatını təbliğ edən materiallar çoxalmış, ədəbi irsimizi tərənnüm edən “Bulaq”, “Klassik irsimizdən” kimi verilişlər ortaya çıxmış, ana dilinin təbliği istiqamətində real addımlar atılmışdır.

Novruz sovetlər birliyi dövründə dini bayram kimi qadağalar altında olsa, dövlət səviyyəsində keçirilməsə , ulu öndər bu bayramı xalq arasında sevilərək yaşadılmasını təmin etmişdir. Folklorşünaslıq sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi təsiri dolayısı ilə olsa da, önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq Heydər Əliyevin xeyir-duası ilə rəsmi şəkildə qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, zəngin irsimizə, tariximizə böyük məhəbbət yaratmış, milli özünüdərki gücləndirmişdir. Novruz adət-ənənələri o dövrdə bədii əsərlərdə, filmlərimizdə özünə yer tapmışdır. Hər dəfə “Dəli Kürfilmini seyr edərkən Novruz bayramının necə təbliğ olunduğunu əyani şəkildə görürük. Məhz müdrik rəhbərin qayğısı ilə həmin illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir” deyən ulu öndər bu bayramı milli ideologiyamızın ana sütunu kimi dəyərləndirmiş və onu əbədiləşdirmişdir.

 

Dövlət səviyyəsində ümumxalq şənlikləri

 

2000-ci ildə Novruz şənliklərində iştirak edən ulu öndər Heydər Əliyev deyirdi: “Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir, öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar, plov da var idi... Kimisə tapmaq olmazdı ki, bu bayramın əlamətlərindən o günlərdə istifadə etməsin və bayramı qeyd etməsinlər”.

1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Azərbaycanda yaşanan təlatümlü proseslər Novruzun əsl xalq bayramı kimi yüksək əhvali-ruhiyyədə keçirilməsinə imkan vermədi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir çox faciələr aradan qaldırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı. İctimai-siyasi sabitlik təmin olundu, insanların maddi rifah halı ildən-ilə yaxşılaşdı və bundan sonra xalqımız Novruz bayramını yüksək əhvali-ruhiyyədə qeyd etməyə başladı.

Novruz dövlət səviyyəsində qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, ən dəyərli ideoloji-siyasi təsir amilinə çevrildi. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq insanlara ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı.

Ulu öndər hər zaman bildirirdi ki, Novruz sosial durumundan, statusundan asılı olmayaraq hamı tərəfindən yüksək səviyyədə keçirilən və sevilən bir bayramdır. Bu bayram cəmiyyətdə mənəvi dəyər və meyarların aşınmasına yol vermir, yad təzahürlərə qarşı barışmaz mövqeyi ilə seçilir. Ümummilli lider özünəməxsus müdrikliklə həm də Novruzun fəlsəfi məzmununu açmış, onun insanların mənəvi cəhətdən saflaşmasındakı rolunu önə çəkmişdi. “Ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qarşılıqlı tellərin möhkəmlənməsi, umu-küsünün, kin-küdurətin, qəzəb-nifrətin aradan qaldırılması, cəmiyyətdə xoş münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış ənənələridir” deyən Heydər Əliyev hesab edirdi ki, Novruz Azərbaycanın milli etnoqrafik dəyərlərini özündə birləşdirən, onları dünyanın qloballaşma meydanına bütün əlvanlığı ilə çıxarmaqla fəlsəfi ritual mahiyyəti kəsb edən milli bayramdır.

Ulu öndər xalqın milli irsinə, folkloruna həm də düşmənə qarşı ümumxalq müqavimətini, səfərbərliyini təmin edən ideoloji-siyasi təsir vasitəsi kimi yanaşmışdır. Çıxışlarında həmişə Azərbaycanın torpaqlarının işğalı faktına xüsusi yer ayırmış, xalqın birliyi və iradəsi ilə problemin milli maraqlara uyğun şəkildə həllini tapacağına sarsılmaz inamını ifadə etmişdir.

Ümummilli liderin əsasını qoyduğu ənənəyə uyğun olaraq bu gün Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları müxtəlif ölkələrdə də geniş qeyd edilir. Bu mərasimlərdə yaranan xoş ünsiyyət azərbaycanlıları bir-biri ilə sıx şəkildə bağlayır, hər bir soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hislərini və duyğularını gücləndirir. Novruz bayramı azərbaycanlıları vətənə, milli köklərə daha sıx bağlayır.

Azərbaycan Prezidenti ulu öndərin layiqli siyasi varisi kimi milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, bu sıradan da xalqımızın böyük bayramı olan Novruzun yüksək səviyyədə qeyd olunmasına çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirir. Yüksək mənəviyyat xəzinəsi sayılan bahar bayramı milli mədəni sərvətlərimizin zənginliyini dolğun şəkildə ifadə edir. O, böyük mənəvi gücə malikdir, insanlar arasında qardaşlıq duyğularını möhkəmləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsinə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun UNESCO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır.

Xüsusi vurğulamaq lazımdır ki, Novruz bayramının bütün dünyada Azərbaycanın zəngin irsi kimi tanıdılması və UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətənpərvəlik fəaliyyəti nəticəsində mümkün olmuşdur. Heydər Əliyev Fondu Novruz günlərində aztəminatlı ailələrə bayram sovqatları paylayır, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edir, sağlamlıq imkanları məhdud uşaqlarla görüşlər təşkil edir, xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün şənliklər keçirir, məktəblərdə, uşaq bağçalarında olur, onları bayram hədiyyələri ilə sevindirirlər.

Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT-nin 21 martı Beynəlxalq Novruz Günü elan etməsi bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.

Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz daşıdığı bütün məna və rəmzləri ilə yurdumuzun tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Xalqımız bu ilNovruz bayramını yüksək ovqatla qarşılayır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 20 mart.- S.1; 12.