Sumqayıtda Novruz növrağı

 

Azərbaycanın iqtisadi xəritəsində xüsusi çəkiyə malik olan Sumqayıtda həyata keçirilən layihələr nəticəsində şəhərin siması tamam dəyişmişdir. İnkişaf edən Sumqayıt Cənubi Qafqazın iri sənaye şəhərinə çevrilmişdir. Son bir ildə burada yeni müəssisələr açılmış, insanların sosial rifah halı xeyli yaxşılaşmışdır.

Sumqayıt ölkəmizin günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Xarüqələr məkanına çevrilən, əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan  Sumqayıt eyni zamanda sürətli inkişafın əsas ünvanlarından biridir. Şəhərin sabaha hesablanan inkişaf prosesləri sürətli proqram əsasında aparılır. Sumqayıtda yeni müəssisələrin açılışında ölkə rəhbərinin şəxsən iştirak etməsi isə onun bu şəhərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sumqayıta səfəri zamanı  burada  həyata keçirilən layihələri  ölkə rəhbəri  yüksək qiymətləndirmiş, şəhər barədə öz fikrini belə bildirmişdir: “Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir. Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci sənaye mərkəzidir”.

Sumqayıtda hər bayramı bir-birindən maraqlı töhfələrlə qarşılamaq, qədim adətlərimizi müasirlik baxımından yeni çalarla təqdim etmək  ənənə şəklini alıb. Bu mərasim və şənliklər respublikamızda öz ilkliyi ilə də fərqlənir.  Xalqımızın milli bayramı olan Novruzu qarşılamaq üçün tədbirlərə hələ ilk çərşənbələrdən  başlanılıb. Fevralın sonlarından başlayaraq təkcə təbiətin deyil, insanların da əhvali-ruhiyyəsində bir oyanış, yüksəliş var. Şəhərdə ilk çərşənbələrdən başlayaraq bayramın əvvəlki illərdəkindən fərqli şəkildə keçirilməsi nəzərə çarpırdı. Reklam tablolarında səməni, şəkərbura, paxlava, Bahar qızının şəkilləri hamının diqqətini cəlb edirdi. 

 Həm ümumşəhər miqyasında, həm də ayrı-ayrı məhəllələrdə, küçələrdə, evlərdə, maarif, mədəniyyət və səhiyyə ocaqlarında  çərşənbələrdə  tonqallar alovlanır, insanlar gecə yarıdan keçənədək şənlənirdi. Artıq bir neçə gündür ki, Keçəl    Kosa qara zurnanın sədaları altında şəhəri dolaşır, evlərin qonağı olur, məktəblərdə şagirdlərlə görüşüb maraqlı söhbətlər aparırlar. Şəhərimizin qonaqları üçün hazırlanmış boxçadan hədiyyələr də ayrılıb paylanırdı.

Novruz bayramı günü  ümummilli lider Heydər Əliyevin adını daşıyan park  izdihamlı idi. Yaşından asılı olmayaraq hər kəs  gəzintidə iştirak edirdi.

Sumqayıtdakı Heydər Əliyev Mərkəzinin qarşısı isə qələbəlik idi. İnsanlar bura toplaşdıqca hər tərəfi şənlik sədaları bürüyürdü. Hamı bir-birini təbrik edirdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli  Məclisin deputatları, ölkəmizdəki səfirliklərin nümayəndələri, əmək qəhrəmanları ulu öndərin möhtəşəm abidəsinin qarşısından hərəkətə gəldi. Minlərlə insan parkın qaşısında ucalan  bayrağımızın önündən keçərək  Kimyaçılar sarayına yaxınlaşdı.   

Buraya toplaşanları salamlayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov   meydanın ortasındakı tonqalı alovlandırdı.

Yüksələn alov dilimləri sanki insanların sevincini  göylərə qaldırırdı. İdmançıların çıxışları iştirakçılar tərəfindən maraqla izləndi. Daha sonra ayrılmış səhnədə insanlar Sumqayıtın görməli yerlərinin canlı maketini yaratdılar. Bir anlıq hamının gözü qarşısında ərsəyə gələn bulvar, şahmat məktəbi və şəhərin gerbi  tamaşaçılar tərəfindən alqışlandı.

Daha sonra sarayın qarşısında qurulmuş çadırlara doğru  irəliləyən iştirakçılara tariximizin müxtəlif dövrlərini əks etdirən səhnələr, tarixi eksponatlar təqdim edildi. Musiqi sədaları hamını valeh etdi. İştirakçılar sacda yenicə bişən lavaşdan, bükmədən daddılar,  maraqlı diskussiyalar apardılar.

Başqa bir tərəfdə Qarabağ döyüşləri qəhrəmanlarının fotostendi, məktəblilərin oynadıqları döyüş səhnələri, hərbçilərimizin nümunəvi çıxışları hamının diqqətini cəlb etdi. Vurğulandı ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək, insanlar doğma yurdlarına qayıdacaqlar.

Həmçinin çadırlarda Azərbaycan mətbəxinin təamları, Novruzun atributları olan paxlava və şəkərburanın müxtəlif çeşidləri də maraqla qarşılandı. Xanımlar onların hazırlanmasını canlı şəkildə iştirakçılar qarşısında nümayiş etdirdilər. Tədbirdə şimal bölgəsinin rayonlarından gələn qonaqların sərgiləri nümayiş etdirildi.

Daha sonra iştirakçılar sarayın qarşısında yerləşən açıq səma altında canlı konsertə tamaşa etdilər. Axşam yandırılan tonqallar bu mərasimi daha da rövnəqləndirdi. Xalq gəzintisi gecə yarıdan keçənədək davam etdi.

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2018.- 20 mart.- S.7.