Qubadlılılar bayramı yüksək əhvali-ruhiyyə
ilə qarşılayırlar
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı, eləcə də ilin dörd çərşənbəsi Qubadlı rayonunun sakinləri tərəfindən hər il təntənəli surətdə qeyd edilir. Mart ayı girəndən Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə olmuş, onlara bayram sovqatları paylamışlar. Bu il də qubadlılılar Novruz bayramını qeyd etmək üçün məcburi köçkünlərin kompakt məskunlaşdıqları ərazidə, Sumqayıt şəhərindəki Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında bayram şənliyinə yığışdılar.
Rayonun mədəniyyət işçiləri tərəfindən xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərin şəxsi əşyaları nümayiş etdirildi. Onlar barədə əfsanələr xatırladıldı, bayatılar və nəğmələr səsləndirildi.
Sərginin sıra ilə düzülən kitab guşəsində yenicə çapdan çıxan nəşrlər, açıqcalar iştirakçıların xüsusi olaraq diqqətini cəlb etdi. Belə ki, burada Qubadlının tarixini özündə əks etdirən kitablar barədə məlumat verildi. Həmçinin nəşr tarixi keçən əsrin əvvəllərinə gedib çıxan kitablar da sərgi iştirakçılarının marağına səbəb oldu. Bildirildi ki, tariximizin bir hissəsi olan bu kitablar qorunmalı, nəsildən-nəslə ötürülməlidir.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Şənlikdən öncə alovlandırılan tonqal ətrafında toplaşan məcburi köçkünlərlə görüşən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov onları bayram münasibətilə təbrik etdi. M.İsaqov vurğuladı ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıllara baş çəkmək, onlara bayram sovqatı vermək savab sayılır.
M.İsaqov qeyd etdi ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atılır. Bu kontekstdə ölkə rəhbərinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq sərəncam və tapşırıqları ilə qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması üçün xeyli sayda tədbir həyata keçirilib. Qubadlılılar dövlət başçısının siyasətini dəstəkləyir və tam əmindirlər ki, tezliklə Novruzu doğma yurdda qarşılayacaqlar.
Tədbirdə çıxış edən sakinlər ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiq qaldıqlarını bildirdilər. Belə bir inam ifadə edildi ki, tezliklə ölkə rəhbərinin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Şənliyə dəvət olunmuş tanınmış incəsənət xadimləri ilə yanaşı, rayonun “Bərgüşad” ansamblının, incəsənət xadimlərinin ifalarında hazırlanmış konsert proqramı, Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri, məktəblilərin ifasında xalq rəqsləri maraqla qarşılandı.
Bayram
tonqalı ətrafına toplaşanlar
xalqımıza xoş arzularını dilədilər.
Azərbaycan.-
2018.- 20 mart.- S.7.