Daşkənddə mətbuat konfransı olub

 

Özbəkistana gələn tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova Daşkənddə jurnalistlər üçün mətbuat konfransı keçirib.

Daşkənddə “Dünyanı gözəllik xilas edəcək” devizi altında keçiriləcək “Miss Union Fashion-2018” üçüncü beynəlxalq müsabiqəsində iştirak etmək üçün Özbəkistana gəldiyini bildirən Fəxriyyə Xələfova bu tədbirə özbək ipəyindən istifadə etməklə hazırladığı 12 milli qadın geyimi ilə qatılacağını deyib.

Modeyler-rəssam Bakıda keçirilən “Miss Union Fashion–2016” müsabiqəsi haqqında da söhbət açıb.

F.Xələfova Daşkənddəki Özbəkistan Tətbiqi İncəsənət Muzeyində olduğunu, muzeyə özbək ipəyindən istifadə edilməklə hazırladığı milli qadın geyimi bağışladığını bildirib. O deyib ki, muzeydə “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Fəxriyyə Xələfova qeyd edib ki, Özbəkistan Tarixi Muzeyində də olub, muzeyə Azərbaycan milli qadın geyimi bağışlayıb və bu, çox maraqla qarşılanıb. “Muzeyin direktoru, professor Cannat İsmayılova ilə belə razılığa gəldik ki, Azərbaycan və özbək milli qadın geyimlərindən ibarət kataloq hazırlayaq. Nəşrdə bu sahədə istifadə edilən parçalar, Azərbaycanın və Özbəkistanın regionlarına aid geyimlər, aksessuarlar, ornamentlər əksini tapacaq. Elə bilirəm ki, bu kataloq həm Azərbaycan, həm də Özbəkistanda maraqla qarşılanacaq”, - deyə F.Xələfova əlavə edib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Salonda özbək milli geyimləri, suvenirləri və müxtəlif əl işləri də nümayiş etdirilib. Müxtəlif ölkələri təmsil edən qızlar uğurları münasibətilə Fəxriyyə Xələfovanı təbrik ediblər.

Sonda qarşılıqlı olaraq suvenirlər bağışlanıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2018.- 20 mart.- S.7.