VI Qlobal Bakı Forumu
çərçivəsində Beynəlxalq Kitab
Sammiti keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində martın 18-də 7-ci Beynəlxalq Kitab Sammiti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, milli inkişafda, mədəni irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusuna həsr olunan Sammitin açılış sessiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin moderatorluğu ilə keçib. Sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən danışıb.
Rumıniya ilə Azərbaycanın Milli kitabxanaları arasındakı əməkdaşlıqdan bəhs edən Rumıniya Baş nazirinin müavini Ana Birçall tezliklə ölkəsində Azərbaycan Mərkəzinin açılacağını bildirib. O, həmçinin gənclərə kitab sevgisinin aşılanmasının vacibliyini vurğulayıb.
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç elektron kitabların müasir insanların həyatındakı rolundan bəhs edib. O, gəncliyində kitaba olan münasibəti indiki dövrlə müqayisə edib, eyni zamanda, kitabxanaların müasir standartlara cavab verməsinin vacibliyini vurğulayıb.
Latviyanın sabiq Prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Sovet dövründə kitab senzurasından və müəyyən kitabları müzakirə etməyin çətinliyindən bəhs edən keçmiş prezident ölkəsində uşaqlar və gənclər arasında kitaboxuma ənənəsinin olduğunu bildirib.
Makedoniya Respublikasının Prezidenti George İvanov ideyalar, fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövrlərində kitabların yandırılması faktına toxunan Prezident bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yox.
Kitabxana
Assosiasiyaları və İnstitutları Beynəlxalq
Federasiyasının sabiq prezidenti
İnqrid Parent
kitabxanaların rolundan danışıb. O, kitabların
insanlara daha sekulyar, daha humanist olmasında kömək etdiyini bildirib. Kitabların məlumat daşıyıcısı
olduğunu vurğulayan
İ.Parent kitabxanaların
problemləri, onların
həlli yollarından
da bəhs edib.
Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku tarix boyu kitabların məhv edilməsini xatırladaraq, nasistlər,
həmçinin sovetlər
dövründə kitablara
qarşı bu əməllərin həyata
keçirildiyini deyib. O, kitabın
çox şeyi dəyişmək gücündə
olduğunu, nəsillər
arasında dialoq yaratdığını vurğulayıb.
Beynəlxalq Kitab Sammiti açılış
sessiyasından sonra
panel müzakirələrlə davam edib.
Kitabxana Assosiasiyaları
və İnstitutları
Beynəlxalq Federasiyasının
sabiq prezidenti İnqrid Parentin moderatorluğu ilə “Kitab və mədəni
irsimizin qorunması” mövzusunda keçirilən
sessiyada Konqres Kitabxanasından Mary Jan Deeb
kitabın bəşəriyyətin
irsi olduğunu deyib. Konqres Kitabxanasının bu istiqamətdə gördüyü işlərə
toxunan Mary Jan Deeb dünyada baş verən müharibələrin
kitabxanaların fəaliyyətinə
təsirini vurğulayıb.
Xüsusilə də İraqdakı
müharibə nəticəsində
xeyli sayda kitabxananın zərər
çəkdiyini bildirib.
O, həmçinin təbii
fəlakətlərin kitabxanalar
üçün acı
nəticələrindən danışıb. Natiq müasir
kitabxanaların hazırkı
problemlərinə toxunub,
kitabxanaların bərpası
və tikintisinin əhəmiyyətini vurğulayıb.
Mary Jan Deeb Əfqanıstandakı
kitabxanaların vəziyyətinin
yaxşılaşdırılması və lazımi avadanlıqlarla təchiz edilməsi istiqamətində
Konqres Kitabxanasının
həyata keçirdiyi
işləri qeyd edib, bütün ölkələrdəki kitabxanaların
qorunub saxlanılmasına
dəstək göstərdiklərini
bildirib.
İnternet arxivinin təsisçisi Briyuster Kahle rəqəmsal kitabxana materiallarının toplanması
və qorunub saxlanılması üçün
gördükləri işlərdən
bəhs edib. B.Kahle dünya
kitabxanalarındakı kitabların
hamısının tamamilə
rəqəmsallaşdırılmadığı
üçün həmin
kitabxanalara girişin olmamasının hələ
də əsas problemlərdən olduğunu
bildirib. O, rəqəmsal
oxucularla işləməyin
vacibliyini, müəllif
hüquqları məsələsinin
nəzarətdə saxlanılmalı
olduğunu deyib.
Dünya Bankının keçmiş
baş məsləhətçisi
Nadere Çamlo dahi Azərbaycan şairi Nizami Gəncəvinin fikirlərinə
əsaslanaraq deyib ki, bilik hər
kəsə açıq
olmalıdır. Cəmiyyətin əsas iştirakçısı
olan qadınların təhsil almaları və kitabların ötürülməsindəki rolundan danışıb.
Nadere Çamlo ümid etdiyini bildirib ki, gələcəkdə
qadınlar daha çox kitab oxuyacaq, tərcümə edəcək və onları gələcək
nəsillərə ötürəcəklər.
Qeyd edək ki, Beynəlxalq
Kitab Sammitinin məqsədi milli-mədəni
kimliyin və insan sivilizasiyasının
qorunmasında kitabın
və kitabxanaların
rolunu vurğulamaqdır. Sammit
ABŞ Konqres Kitabxanası və Misirin İsgəndəriyyə
Kitabxanasının birgə təşəbbüsü ilə
2012-ci ildən keçirilir.
İsmayıl Seragəldinin təşəbbüsü ilə
I Beynəlxalq Kitab Sammitində Azərbaycanı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
təmsil edib. Sammit Vaşinqton (2012), Sinqapur
(2013), Paris (2014), İsgəndəriyyə
(2015) kimi dünya mədəniyyətinə
qlobal təsiri olan
şəhərlərdə təşkil edilib.
Azərbaycan.-
2018.-20 mart.- S.10.