Azərbaycanda meşələrin qorunması və bərpası
istiqamətində görülən işlər bir çox ölkələrə
nümunədir
21 mart Beynəlxalq
Meşələr Günüdür
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr (meşə və ağaclar) Günü elan edib. Bu tarixi gün respublikamızda da təntənə ilə qeyd olunur, bütün meşə tiplərinin ekoloji vacibliyi, onların qorunması və artırılması gündəmə gətirilir. Xatırladaq ki, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi iki dəfədən çox azalıb.
Azərbaycanda meşələrin
ümumi sahəsi 1021 min
hektardır. Bu da respublika ərazisinin
11,8 faizini təşkil edir. Ölkəmizin meşə
ehtiyatının 49 faizi
Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının
(Naxçıvan MR ilə
birlikdə) payına düşür. Azərbaycanda
adambaşına düşən
meşə sahəsi
0,12 hektardır. 261 min hektar meşə
fondu sahəsi Ermənistan silahlı birləşmələri tərəfindən
işğal edilib.
“İnsan
təbiətdən öyrənir,
onun vasitəsi ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir,
təzələnir, təmizlənir”
kimi müdrik fikri ifadə edən böyük dövlətçilik təcrübəsinə
malik, dünya şöhrətli siyasətçi
Heydər Əliyev respublikaya rəhbətliyinin
hər iki dövründə Azərbaycan
meşələrinin qorunmasını
və inkişafını,
ekoloji problemlərinin
həllini daim diqqətdə saxlamışdır. Ötən əsrin
70-80-ci illərində ulu
öndərin tövsiyəsilə
bölgələrin mavi
yanacaqla təmin edilməsi və yeni su-elektrik stansiyalarının yaradılması
meşələrə əlibaltalı
hücumların qarşısının
alınmasında mühüm
rol oynamışdır.
Təbii ehtiyatlardan səmərəli istifadə,
meşə-bərpa işləri,
salınan min hektarlarla
meşə massivləri,
milli parklar, qoruqlar, digər yaşıllıqlar və
təbiət yasaqlıqları,
yaradılan dəryaçalar,
nəhəng su anbarları, süni göllər, əlavə
meşə ərazilərinin
və yaşıllıq
zolaqlarının salınması
meşəçiliyin inkişafına
yüksək töhfələr
vermişdir.
Görkəmli təbiətşünas
alim, akademik Həsən Əliyev ötən əsrin ortalarında, hələ bugünkü informasiya-kommunikasiya
texnologiyalarının mövcud
olmadığı, texnogen
proseslərin belə qlobal xarakter almadığı bir dövrdə özünün
məşhur “Həyəcan
təbili” kitabında
yazırdı: “Həyatda
dərsə də gecikmək olar, bazara da... Amma təbiətin
fəryadına gecikmək
olmaz. Çünki təbiətin fəryadına
gecikmək böyük
faciələr yaradar.”
Bu gün bəşəriyyəti
düşündürən bu faciəvi problemlərdən bəlkə
də birincisi ekoloji durumla bağlıdır. Bu problemlərin səbəbləri
müxtəlif vasitələrlə
dünyada meşələrin,
yaşıllıqların məhv
edilməsidir. Kütləvi qırıntılar nəticəsində
meşələrimiz xeyli
seyrəlmiş, bir çox nadir ağaclar azalmışdır. Erməni işğalında
olan min hektarlarla meşələrimiz isə
ekoloji genosidə məruz qalmışdır.
Dünya
ictimaiyyətinə də
yaxşı məlumdur
ki, Azərbaycan torpaqlarının 20 faizə
qədəri neçə
illərdir Ermənistan
silahlı qüvvələrinin
işğalı altındadır.
Həmin
ərazilərdə bitən
460 növdən çox
yabanı ağac və kolun 70-i dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə,
ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, meşə
üzümü, Eldar
şamı, adi xurma, söyüdyarpaq
armud və s. növ ağaclar ermənilər tərəfindən
məhv edilərək
dünya florası xəzinəsindən silinmək
üzrədir. Mühafizə olunan 890 min hektar təbiət ərazilərinin
42997 hektarı erməni
işğalçılarının tapdağı altındadır.
Dağlıq Qarabağ
müharibəsi nəticəsində
Azərbaycanın Bəsitçay
Dövlət Təbiət
Qoruğu, Arazboyu Dövlət Təbiət
yasaqlığı, Qaragöl
Dövlət Təbiət
Qoruğu, Laçın
rayon Dövlət Təbiət
yasaqlığı, Qubadlı
rayon Dövlət Təbiət
yasaqlığı və
Daşaltı Dövlət
Təbiət yasaqlığının
ərazilərində olan
qiymətli ağac və biomüxtəlifliyin
bütün növləri
bu gün də talan edilir.
İşğal olunmuş
rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar
qiymətli meşə
sahələri, 152 ədəd
təbiət abidəsi
və 5 ədəd geoloji obyekt qalmışdır. Ermənilər bu təbiət abidələrinin əksəriyyətini
tamamilə məhv etmişlər.
“Qırmızı
kitab”a daxil edilmiş (Kəlbəcər
rayonu) 968 hektar ərazini əhatə edən ayıfındığı
ağacları kütləvi
şəkildə qırılaraq
xaricə satılır. Rayon ərazisində 4 mindən
artıq müxtəlif
növ bitki vardır ki, bunlardan 200-ə qədəri
dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər
tərəfindən talan
olunaraq müxtəlif
ölkələrə daşınır.
Bu isə bitkilərin
həmin ərazilərdə
kökünün kəsilməsinə
səbəb olur.
Bundan başqa, Ermənistan ordusunun əsgərləri tərəfindən
qəsdən törədilmiş
yanğınlar nəticəsində
96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin
meşə sahələri
yanaraq məhv olmuşdur.Şuşa şəhərindən
cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə
yerləşən, Titon
yaşıl əhəng
daşlarından ibarət
uzunluğu 114 metr olan “Xan Mağarası”
amansızlıqla məhv
edilir, bəziləri digər məqsədlər
üçün istifadə
olunur.
Məmnunluq doğuran odur ki, ümummilli lider ölkədə ətraf mühitin qorunması, təbii sərvətlərin artırılması,
zənginləşdirilməsi, ekologiyanın, meşənin
mühafizə edilməsi
sahəsində apardığı
islahatlar, gördüyü
səmərəli dövlət
tədbirləri bu gün uğurla davam etdirilir. Son illər Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü
və təşkilatçılığı
ilə ətraf mühitin mühafizəsi,
xalqımızın ekoloji
cəhətdən saf
və təmiz həyat tərzi keçirməsi üçün
yaşıllaşdırma tədbirləri
həyata keçirilir.
Onun təşəbbüsü
və iştirakı ilə hər il respublikamızda
milyonlarla ağac və kol əkilir,
meşələr və
yaşıllıqlar bərpa
edilir, yeni parklar, yaşıllıqlar
salınır.
Respublikamızın təbiəti çox zəngin və rəngarəngdir. Ekoloji tarazlığı, ətraf mühitin mühafizəsini təmin
etmək təkcə bu sahədə çalışanların işi
deyil, hamının müqəddəs borcudur.
Bütün sərvətlərini bizə səxavətlə
bəxş edən ana təbiətə laqeyd münasibət bəsləməyə haqqımız
yoxdur. Meşələrin qorunub gələcək
nəslə çatdırılması
ümumdövlət əhəmiyyətli
məsələ kimi dəyərləndirilir. Odur ki, Azərbaycan meşələrinin
daha da zənginləşməsinə,
ətraf mühitin mühafizəsinə öz
layiqli töhfələrimizi
verməliyik.
Təqdirəlayiq haldır ki, son illər ölkə ərazisində meşə
massivlərinin qorunmasına
və onun əhatə dairəsinin genişləndirilməsinə dövlət
tərəfindən xüsusi
diqqət göstərilir. 2017-ci ildə
meşəbərpa və
meşə ilə örtülü ərazilərin
artırılması məqsədilə
10152,2 hektar sahədə
meşəbərpa işləri
görülüb, 4002,2 hektar
sahədə aqromeşələr,
o cümlədən cənub
bölgəsində 55 hektar
ərazidə sitrus bağları salınıb,
digər ağaclar əkilib. Ölkə üzrə 6150 hektar
sahədə meşələrin
təbii bərpa işləri aparılıb.
53,9 hektar sahəyə
toxum səpilib, 31,76 hektar sahədə 1427,8
min ədəd toxmacar
və 47,19 hektar sahədə 3410 min ədəd
çilik basdırılıb.
Tinglik sahələrində
35361,454 min ədəd müxtəlif
çeşiddə əkin
materialları yetişdirilib
ki, bunun da 6046,97 min ədədi
meyvə tingləridir.
Yaxın gələcəkdə
meşə massivlərinin
və yaşıllıqların
əhatə dairəsini
daha da genişləndirmək
məqsədilə Bakının
Abşeron rayonu ərazisində Qala-Türkan
avtomobil yolunun, Salyan rayonu ərazisində
Xıdırlı qəsəbəsinin,
Hacıqabul rayonu ərazisində Kalmaş yolunun ətrafında, Qaradağ rayonu Ələt qəsəbəsi
ərazisində meyvə
ağaclarından ibarət
aqrobağların salınması
üçün yeni ərazilər müəyyənləşdirilib.
Ekoloji tarazlığın
qorunmasını və
ətraf mühitin mühafizəsini dövlət
fəaliyyətində həmişə
önə çəkən
Azərbaycan Prezidenti çıxışlarının birində demişdir: “İnsanın yaxşı
həyatını təmin
edən amillərdən
biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır . İnsanların sağlamlığı, ekoloji
vəziyyət, udduğumuz
hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik...” Uğurlu
ekoloji siyasətin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri,
bitki örtüyü,
yüzlərlə parkı,
qoruğu və yasaqlığı var. Milli
parkların, qoruqların,
yasaqlıqların ərazisi
genişləndirilir və
yeniləri salınır.
Qısa müddət ərzində
beynəlxalq normalara uyğun olan Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri genişləndirilib.
Bu məsələdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
və dəstəyi ilə həyata keçirilən layihələrin
də mühüm rolu var. Bütün bunlar bir daha
təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın
qorunması ilə bağlı əsasını
qoyduğu ənənə
bu gün uğurla davam etdirilir. Ölkəmizdə
hər il
aidiyyəti qurumlar tərəfindən meşəbərpa
tədbirləri həyata
keçirilir, yeni meşə sahələri
və yaşıllıqlar
salınır, qiymətli
ağac və kol bitkilərinin qorunması və artırılması sahəsində
işlər görülür.
Həyata keçirilən ekoloji layihələr Azərbaycanın
bütün regionlarını
əhatə edir. Hazırda vətəndaşların
ağacəkmə aksiyalarında,
yaşıllıqlar salınmasında
fəal iştirakı
bunun əyani göstəricisidir. Ekspertlərin fikrincə, bu gün Azərbaycanda ekoloji mühafizə, meşələrin qorunması
və bərpası istiqamətində görülən
işlər bir çox ölkələrə
nümunədir.
Rəhman SALMANLI,
Azərbaycan.- 2018.-20 mart.- S.10.