Novruz bayramı Kaliforniyada böyük təntənə ilə qeyd edilib
Novruz bayramı münasibətilə Kaliforniyanın Los-Anceles şəhərində geniş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştatının rəsmiləri, müxtəlif xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, və latino icmalarının rəhbərləri iştirak ediblər.
CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Kaliforniyada belə bir tədbiri keçirməkdən CAFA təşkilatı olaraq məmnunluğunu ifadə edən K.Məmmədova bu işdə dəstək göstərmiş bütün icma üzvlərinə dərin təşəkkürünü bildirib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, Novruz bayramı sadəcə baharın gəlişindən və təbiətin oyanışından xəbər vermir. Bu bayram həmçinin sülhün, dostluğun, mehriban birgəyaşayışın carçısıdır. Baş konsul tədbirdə iştirak edən soydaşlarımıza səslənərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının yalnız bir müstəqil dövləti var. Buna görə də bu müstəqilliyimizin daha da güclənməsi üçün harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların azərbaycançılıq ideyası ətrafında sıx birləşərək vətənimizin daha da inkişafına öz töhfələrini verməsi olduqca vacibdir.
Sonra Kaliforniya ştat senatoru Coş Nyuman, Los-Anceles şəhərinin insan resursları üzrə müvəkkili Amna Qazi və Los-Anceles Dinlərarası Şurasının sədri yepiskop Xuan Carlos Mendez çıxış edərək Azərbaycan icmasına bayram təbriklərini çatdırıblar. Onlar ən müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Novruz bayramının qeyd edilməsindən və bu gözəl mərasimdə iştiraklarından məmnun olduqlarını bildiriblər. Azərbaycanın parlaq gələcəyinin olduğunu vurğulayan natiqlər qarşıdakı illərdə Azərbaycan xalqının daha böyük nailiyyətlərə imza atacağına inandıqlarını bildiriblər.
Tədbir Azərbaycan
musiqisindən nümunələrin ifası və Azərbaycan
mətbəxinin ləziz təamlarını əks etdirən
ziyafətlə davam edib.
Gənc musiqiçilər Röya
Miriyeva və Rizvan
Əliyev tərəfindən ifa edilən
Azərbaycan mahnıları, amerikalı rəqs ustası Robin Frendin ifa
etdiyi “Tərəkəmə” və “Uzundərə”
kimi Azərbaycan xalq rəqsləri,
eləcə də Kaliforniyanın Örvayn
Universitetinin amerikalı tələbələri
tərəfindən “Sarı gəlin” xalq
mahnısı və “Bayatı-Şiraz” muğamı üzərində
qurulmuş rəqsin ifası
tamaşaçılar tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Azərbaycan.-
2018.- 20 mart.- S.14.