Baharın gəlişi Şəkidə təmtəraqla qeyd olundu

 

Novruz bayramı respublikamızın hər yerində olduğu kimi, qədim Şəkidə də böyük təntənələrlə qeyd olunub. Bu münasibətlə martın 20-də Şəki şəhərindəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər şənliyi keçirilib.

Bayram tədbiri qədim memarlıq abidəsi olanQala divarları”nın həyətində başlanıb. Bayram tonqalı alovlandırıldıqdan sonra pəhləvanlar və kəndirbazlar  məharətlərini nümayiş etdiriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

Sonra bayram tədbiri XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki xan sarayının həyətində bədii proqramla davam edib.

Bayram iştirakçıları qoruğun ərazisindəki V-VI əsrlərə aid Dairəvi Məbədin həyətində milli rəqsləri, idmançıların çıxışlarını izləyib, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə  baxıblar.

Bayram tədbiri “Yuxarı Karvansaraymehmanxana kompleksinin həyətində rəngarəng konsert proqramı ilə başa çatıb.

 

Ə.SƏLİMOV

 

Azərbaycan.- 2018.- 22 mart.- S.5.