Zaqatalalılar Novruzu təntənə ilə keçirirlər

 

Martın 20-də xalqımızın tarixi qədər qədim, müqəddəs və əziz el bayramı olanNovruz” münasibətilə  Zaqatala qalasında şənlik təşkil olunub. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Novruz” şənliyinin əvvəlində Bahar qızı, kosa və keçəl faytonla musiqi sədaları altında rayonun girişindən şənliyin keçirildiyi Zaqatala qalasınadək gediblər. Yol boyu zaqatalalıları salamlayan Bahar qızı yazın gəlişi münasibəti ilə hamını el şənliyinə səsləyib.

Zaqatalalıların bu tarixi məkanında keçirilən el şənliyində bayram tonqalı qalanıb. Rəsm əsərlərinin və digər sənətkarlıq nümunələrinin sərgisi təşkil olunub. Qədim  adət-ənənələrimiz nümayiş etdirilib, at yarışları tədbirin rəngarəngliyini daha da artırıb. Bayram tədbirlərində incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin, kəndirbazların və pəhləvanların çıxışları, eləcə də ayrı-ayrı milli adət-ənənələr, mətbəx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq həyatımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramının ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğulayıb. Novruz bayramının UNESCO-nun dünya xalqlarının mədəni irsi siyahısına daxil edilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd edib. Daha sonra rayon rəhbəri bu əziz el bayramı münasibəti ilə bütün zaqatalalılara cansağlığı diləyib,  xoş arzularını bildirib.

Bir neçə saat davam edən el şənliyi hər kəsin ruhunu oxşamaqla bayram ovqatını artırıb.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 22 mart.- S.5.