Kürdəmirdə Novruz şənliyi keçirilib

 

Kürdəmirdə Novruz bayramı münasibəti ilə təşkil olunmuş el şənliyi yüksək səviyyədə təşkil edilib. Tədbirin kontingenti də çoxşaxəli olub. Burada Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri də iştirak ediblər. Əmək kollektivləri, ağsaqqallar, ziyalılar, rayon sakinləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də rayonda məskunlaşmış məcburi köckün və qaçqın ailələri də şənliyə rəng qatıblar.

Tədbir iştirakçıları rayonun bütün kəndlərinin novruz adətləri və qədim əşyalarlı ilə tanış olublar. Karrar, Köhünlü, Cəyli, Atakişili, Muradxan kənd sakinlərinin nümayiş etdikləri qədim əşyalar, habelə novruz atributları daha yaddaqalan olub. Qədim muzey əşyaları, xalçapalazlar, misgərlik əşyaları hər kəsdə maraq oyadıb. Xalça toxuyan, cəhrə əyrən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları da alğışlarla qarşılanıb. Kosa və keçəlin məshəkələri, onların şən zarafatları əsl bayram ovqatı yaradıb. Pəhləvanların bir-birindən maraqlı çıxışları, gənclərin qol güclərinin nümayiş etdirməsi, milli oyunların göstərilməsi hamıda marağa səbəb olub. Kəndirbazın və onun keçisinin çıxışları isə daha maraqlı idi. Onların rəngarəng nömrələri, xalq rəqsləri alqışlarla qarşılanıb.

Məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri baharın, Novruzun əlvan çalarlarını əks etdirməklə baxanların zövqünü oxşayıb. İdmançılar, sinələrində ağır daşları oynadan pəhləvanlar, maraq dolu həyəcan yaradan kəndirbazlar, qədim milli oyun mərasimləri, milli adət və ənənələri əks etdirən digər meydan tamaşaları insanlarda xoş hisslər oyadıb. Bir-birindən gözəl xalq musiqi və rəqsləri, muğam və aşıq mahnıları bayram ab-havasına xüsusi rəng qatıb.

Bayraq Meydanının mərkəzində ucaldılmış Novruz tonqalı Dədə Qorqudun iştirakı ilə yandırılıb. Bahar qız “Cəngi” sədaları altında rayon ictimaiyyəti və əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Dədə Qorqud xalqa öz Novruz arzularını söyləyərək elə-ulusa xoşbəxtlik arzulayıb.

Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edərək onlara uğurlar arzulayıb. Xalqımızın ən qədim bayramlarından biri olan Novruzun evlərə sevinc, şadlıq gətirdiyini, Novruzla bağlı nəğmələr, mərasimlər, tamaşalar isə şifahi xalq yaradıcılığımızın ayrılmaz hissəsi olduğunu bildirib.

Bayram mərasimi incəsənət ustalarının iştirakı ilə verilən maraqlı konsert proqramı ilə davam edib.

 

Əli SƏLİMOV

 

Azərbaycan. - 2018.- 22 mart.- S.5.