Bahar döyür qapını bənövşənin ətriylə

 

Novruz şəffaflığın, bütövlüyün, bərabərliyin, birliyin bayramıdır. Respublikamızın hər yerində millətindən asılı olmayaraq, bütün insanlar bu bayramı qeyd edirlər. Şabran rayonunda da onu əsrlərdən qoşalaşıb gələn adətlərlə keçirirlər.

Multikultural dəyərlərə söykənən respublikamızda yaşayan bütün xalqlar Novruzu müxtəlif adətlərlə qarşılasalar da, hamısı Azərbaycan ənənələrindən qidalanır. Şabranda yaşayan dağlı, ləzgi, Mesxeti turkləri, tatlar bayramın keçirilməsinə martın əvvəllərindən başlayırlar. Kiçik çillə qurtaran kimi günaşırı qonşularqohum ailələr bir yerə yığışar, öncə çərşənbələrə hazırlıq görərlər. Simsar qohumlar arasında deyişmələr keçirər, bayatı deyər, çalıboynayarlar. Elə birinci çərşənbədə evbaşı pul yığıb buğda alarlar. Yaşca böyük olan ailələrdən birinin başçısı önə çıxıb həmin buğdanı eyni miqdarda ailələrin sayı qədər hissələrə bölər. Qadınlar evdən gətirdikləri boşqablarda səməni qoyarlar.

Beləcə bahara doğru çərşənbələr yol alır. Su, od, yeltorpaq çərşənbələrində camaat axşamlar bir yerə yığışır. Şabranlılar belə düşünürlər ki, Novruz başlayandan gecələr qısalmağa başlayır. Öncə günəş səhərlər səməni ilə üzləşir və yerlərə onun yaşıllığı naminə daha isti havasını göndərir. Digər tərəfdən bərəkət rəmzi olan yaşıl ləçəklər eldə, obada, vətən torpağının hər tərəfində dolaşan pis ruhları qovur.

Son çərşənbə ərəfəsində axşam bir yerə yığışanda siyahı hazırlayarlar. Həmin siyahıda imkansız, şəhid ailələri, hamilə qadınlar xüsusi olaraq nəzərə alınar. Daha sonrakı yerlərdə yoldaşı səfərdə olan, övladları təhsil (ali) alanlaryeni ailə quranlar yer alar. Kimin imkanı nəyə çatarsa, onu gətirəcəyinə söz verər. Bir də görürsən ki, onlarla ailənin dolanışığı üçün xeyli ərzaq yığıblar. Bayramdan bir gün əvvəl hamı gücü çatanı gətirib kimi nəzərə alıblarsa, verərlər ona. Orada da hamının “payı”nı səliqə ilə qablaşdırıb üstünə adlar yazılır. Son çərşənbə axşamı həmin “pay” siyahı ilə evlərə daşınır.

Tatlar Novruzu üç gün qeyd edirlər. Belə ki, martın 19-u günü səhər kəndin xanımları bir yerə yığışaraq qərara gələrlər ki, builki səməni horrasını tutaq ki, filankəs bişirsin. Bayram axşamı kənd camaatı evlərindəki səməniləri gətirər həmin şəxsin həyətinə. Səliqə ilə onları masanın üstünə düzərlər. Səməniləri xüsusi qaydada hazırlanmış toxmacla qabların içində əzirlər. Daha sonra odun ocağı (onun tamı tamam başqa cürdür) qalanar. İri qazanlarda qadınlar səməni horrasını bişirməyə başlayar. Döyülüb əzilmiş səməninin suyunu süzüb boşaldırlar həmin qazanlara. Qazan dolandan sonra ocaq qalanar. Bişirmə “əməliyyatı” hardasa 12-14 saat çəkir. Bu vaxtın sonunadək bir nəfər əlində taxtadan hazırlanmış oxlovla onu qarışdırır. (Bu oxlovlar da xüsusi qaydada hazırlanır. Bir qədər qalın olan oxlovlar lapatka sapını xatırladır.) Dayanmadan bulanan səməninin suyuna yalnız un əlavə olunar. Sonda həmin qarışıq halva halına gətirilir. 19 mart gecəsi bişməyə başlayan səməni horrası 20-si tezdən hazır olur.

Günorta başlayanda kəndin camaatı həmin horra bişən məhəlləyə yığışır. Səməni horrasını paylamamışdan öncə bir kənd ağbirçəyi qazanın kənarına çağırılır. Həmin insan dua eləməyə başlayır:

- Ey yeri, göyü, insanları yaradan Allah! Min şükürlər olsun ki, bu bayrama da yetişdik. Sən bizi dərddən, bəladan, pis əməllərdən qoru. Bizi sevgi dolu günlərə qovuşdur!

Amin!” sədaları hər tərəfi bürüyər. Daha sonra boşqablara doldurub bu horra - halvanı bütün kənd camaatına paylayarlar. Uşaqlar əllərindəki dolu boşqablarla həyətlərə qaçaraq onu ev yiyələrinə verərlər. Sonra yenidən camaat bir yerə yığışar. Əvvəlcədən toplanan ərzaq, geyim çantalarda imkansız ailələrə paylanar.

Axşama yaxın demək olar ki, bütün kənd sakinləri bir yerə yığışar. Musiqi sədaları altında Dədə Qorqud, Keçəl Kosa başlayırlar meydan sulamağa:

 

Günəş boylanır yenə dağların arxasından,

Toxum cücərdi yenə yaşıllıq yaxasından.

Torpaq bərəkət yeri, becərək qarış-qarış,

Bənövşəni, nərgizi asaq tər yaxasından.

Tər çiçəklər dərmişəm,

Dərib yerə sərmişəm.

Durun açın qapını,

Budur, özüm gəlmişəm.

 

Sonra Kosa bir oyun qurur meydanda gəl görəsən - böyüklü-kiçikli hamı halay qurar, yallı gedib nəğmə oxuyarlar:

 

Səməni baldan şirin,

Horrası baldan şirin.

Novruz səma bayramı,

Sevdası baldan şirin.

Ulduzlardan gələn nura baxarız,

Yerdə ildırım tək coşub çaxarız.

Səbir bizim Bahar payımız,

Biz gedəlim, yuxu yatarız,

Səhər yenə günəş ilə qalxarız.

 

Yavaş-yavaş hamı öz evinə çəkilər, hər tərəfi sakitlik bürüyər. Gecə ulduzların arasından Novruzla Bahar qoşalaşıb uçaraq yerə enər. Çünki səmaların nadir günü olan yazın ilk günündə göyün üzü açıq olur. Onun gözəlliyini görən olsa, o, bir daha yerə enməz dünyamız Baharsız olar. Buna görə hamı öz evində olur Novruz gecə ilə səhərin qovuşağında yerə enir. (Bu, sadəcə, el inancıdır.)

Səhər bir yerə yığışan adamlar sinədən deyişərlər:

 

Parla, günəşim, parla,

Bura yaxşını hayla.

Suyun, odun, yelindən

Torpağa payın payla.

Suyunu artıq eylə,

Odunu ilıq eylə,

Yelin gəzsin, dolansın,

Yerinə bolluq eylə.

 

Bayramın ikinci günü cıdır yarışları keçirirlər. Dinindən, millətindən asılı olmayaraq hamı rayon mərkəzində keçirilən at yarışlarına baxmağa axışar. Kəndlərdən gələn atlılar sıraya düzülər yarışlar keçirilər. Kimin atı hamını keçirsə, o da qalib elan olunar. Sonra hamı mərkəzdə qurulan ocağın ətrafına toplaşır nəğmələr oxuyaraq baharı vəsf edirlər. Bəşəri dəyərlərə söykənən Bahara isə millətindən asılı olmayaraq hamının ruhunda, canında oda, suya, yelə torpağa söykənərək Azərbaycana qovuşur.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2018.- 22 mart.- S.5.