Birinci vitse-prezident Mehriban
Əliyeva diplomatik missiya
rəhbərlərinin həyat yoldaşları ilə görüşüb
Martın 20-də - Novruz bayramı
günündə Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin
həyat yoldaşları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:
-Əziz qonaqlar.
Əziz dostlar.
Mən hamınızı salamlayıram və Novruz bayramı, həmçinin fürsətdən istifadə edərək bu yaxınlarda qeyd olunan Beynəlxalq Qadınlar Günü münasibətilə Sizə təbriklərimi çatdırıram. Novruz Azərbaycanda ən qədim və sevimli bayramlardan biridir. Novruz yazın rəmzidir və mən sizin hər birinizə və ailələrinizə cansağlığı, böyük xoşbəxtlik və sevgi arzulamaq istərdim. Mən, həmçinin sizin burada - Azərbaycanda təmsil etdiyiniz ölkələrə hörmətimi ifadə etmək, xalqlarınıza sülh və əmin-amanlıq arzu etmək istərdim. Mən “HOMS Qrupu Səfir Xanımları Cəmiyyəti”nin fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin şəxsi səviyyədə fəaliyyətiniz ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.
Əziz dostlar, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub. Bu gün müasir Azərbaycanda biz fəxr edirik ki, ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq və multikulturalizm mərkəzlərindən biri kimi yaxşı tanınır. Bu il bizim üçün çox əlamətdar bir ildir. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın əsasını qoydu. Əfsuslar olsun ki, o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun verilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün müasir Azərbaycanda biz dövlətçilik, demokratiya və hüquqların bərabərliyi ənənələrini qoruyub saxlayırıq. Müasir Azərbaycanda qadınlarımız həyatımızın müxtəlif sahələrində çox fəaldırlar. Onlar siyasi, iqtisadi və sosial sahələrdə fəaldırlar. Müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz çətinliklərə baxmayaraq, Azərbaycan öz sürətli inkişafını təmin edə bildi. Biz siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm addımlar atmışıq. Bu gün Azərbaycan təkcə region üçün deyil, həm də Avropa üçün əhəmiyyət kəsb edən infrastruktur, enerji və nəqliyyat sahələrində bir çox genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşir və Azərbaycan həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda ölkələrdən biridir.
Əziz dostlar, bu gün əfsuslar ki, bütün dünyada çox sayda münaqişə, müharibə, yüz minlərlə günahsız insanın öldürülməsinin şahidi olduğumuz bir dövrdə sülh və əmin-amanlığı təmin etməyin yolunun dialoq və qarşılıqlı hörmət olduğunu nümayiş etdirmək çox vacibdir. Buna görə, Azərbaycan qarşılıqlı anlaşma və dialoq üçün beynəlxalq platformanın yaradılmasına bu qədər sadiqdir. Mən bir daha sizin hamınıza humanitar sahədə fəal mövqeyinizə, xeyriyyəçilik sahəsində fəaliyyətinizə görə minnətdarlığımı ifadə etmək istərdim. Mən tam əminəm ki, mehribanlıq və səxavətlilik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir. Mən bir daha sizə dərin təşəkkür edirəm. Sizin hamınızı salamlamağa çox şadam. Mən Novruz bayramı münasibətilə bir daha təbriklərimi çatdırıram. Bir daha sizin hər birinizə və ailələrinizə xoşbəxtlik arzulamaq istərdim və ümid edirəm ki, görüşümüzdən, Azərbaycan mətbəxi və gözəl Azərbaycan musiqisindən zövq alacaqsınız. Xoş gəlmisiniz. Novruz bayramınız mübarək!
Görüşdə Fələstin Dövləti səfirinin xanımı Rohayu Binti KUTEP Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarının adından çıxış edərək, Novruz bayramı münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etmək imkanının onlar üçün böyük şərəf olduğunu bildirdi. Mehriban Əliyevanın diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşmək təşəbbüsünü yüksək dəyərləndirən Rohayu Binti Kutep Novruz bayramının insanları sülhə və həmrəyliyə səslədiyini vurğuladı. Qeyd etdi ki, bu bayram dostluğu təcəssüm etdirərək, yardıma ehtiyacı olanlara dəstək verməyi təlqin edir.
Azərbaycan haqqında fikirlərini bölüşən Fələstin Dövləti səfirinin xanımı ölkəmizin gənc müasir dövlət olduğunu dedi. Bildirdi ki, Azərbaycan həm gələcəyə istiqamətlənən ölkədir, həm də minillərlə yaşı olan tarixini, zəngin irsini və mədəniyyətini qoruyub saxlayır. Rohayu Binti Kutep Azərbaycanda hökm sürən tolerantlığı yüksək dəyərləndirdi, burada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığını vurğuladı. Fələstin Dövləti səfirinin xanımı dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və inkişaf arzuladı, Novruz bayramı münasibətilə bir daha təbriklərini çatdırdı.
Sonda Birinci vitse-prezident Mehriban ƏLİYEVA əməkdaşlıq, o cümlədən humanitar sahədə əlaqələrə bir daha toxunaraq dedi:
-Əminəm ki, daha güclü əməkdaşlıq qurmaq üçün bizim xüsusilə humanitar sahədə böyük potensialımız var. Çünki mən sizin xeyriyyəçilik fəaliyyətinizdən məlumatlıyam. Mən hər zaman onu dəstəkləyirəm. Qeyd etdiyim kimi, həqiqətən də inanıram, bu, elə bir sahə, elə bir fəaliyyətdir ki, çox şeyi dəyişə, çox problemlərin həllinə kömək edə bilər. Mən hər zaman sizin humanitar sahədə, xeyriyyəçilik sahəsində fəaliyyətinizi dəstəkləməyə hazıram. Mən hər zaman sizi görməyə, sizinlə görüşməyə çox şadam. Novruz bayramı münasibətilə təbriklərimi, ən xoş arzularımı çatdırıram. Böyük xoşbəxtlik və sevgi arzulayıram. Sağ olun.
Görüşün sonunda xatirə şəkli çəkdirildi.
Diplomatik
missiya rəhbərlərinin həyat
yoldaşlarına Novruz sovqatları təqdim
olundu.
Azərbaycan.-
2018.- 22 mart.- S.1; 3.