Novruz bayramı xoş ovqat
yaradıb
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan Novruz bayramı ənənəvi olaraq İsmayıllı rayonunda da xüsusi təmtəraqla qeyd edilib. Bütün ismayıllılılar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mərkəzi meydanda təşkil olunmuş tədbirə toplaşıb.
Bayram şənliyində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri təmsil olunublar. Həmçinin orta-ixtisas, ümumtəhsil, səhiyyə, mədəniyyət və digər idarə müəssisə və təşkilatların kollektivləri, rayona gəlmiş qonaqlar, eləcə də rayon sakinləri möhtəşəm tədbirdə iştirak ediblər.
Bayram tonqalı alovlandırıldıqdan sonra tədbir iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, qədim adət-ənənələri özündə ehtiva edən Novruz bayramı həmişə xalqımız tərəfindən təntənə ilə qeyd olunur. Qədim zamanlardan başlayaraq Novruz bayramında müxtəlif tədbirlər həyata keçirilir. İcra başçısı onu da vurğulayıb ki, bu bayramın yüksək səviyyədə qeyd olunmasına ulu öndər Heydər Əliyev böyük önəm verirdi. Hər zaman ümummilli lider Novruz bayramının tarixi və milli ənənələrimizə uyğun şəkildə keçirilməsinə ən yüksək səviyyədə şərait yaradıb. Bu gün isə həmin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Bir tərəfdə yarışan pəhləvanlar, digər tərəfdə bəzədilmiş rəngarəng Novruz xonçaları, dadlı-təamlı milli mətbəx nümunələri, həmçinin şən və maraqlı konsert proqramı ilə çıxış edən incəsənət ustaları mərkəzi meydanı bayram ovqatına bürümüşdü.
Bayram şənliyində tədbir iştirakçıları və qonaqlar rayonun özünəməxsus milli mətbəxindən ləziz təamlarından dadıblar. Tədbirə xüsusi rəng qatan Kosa və Keçəlin duzlu-məzəli söhbətləri alqışlarla qarşılanıb. Ümumilikdə isə Novruz şənliyi hər kəsə xoş və unudulmaz anlar yaşadıb.
Əli SƏLİMOV
Azərbaycan.-
2018.- 23 mart.- S.4.