Bənzərsiz Novruz mərasimi: “Padşah oyunu

 

Xalqımızın ən əziz bayramlarından olan Novruz ölkəmizin hər yerində məhəbbətlə, təntənə ilə qeyd edilir. Adət-ənənələri, inancları ilə zəngin olan bu bayramda icra edilən oyun və mərasimlərin bir çoxu əsrlər boyu folklorumuzda yaşadılaraq günümüzə qədər gəlib çatıb. Novruz bayramı ilə bağlı olan belə mərasimlərdən biri də “Padşah oyunudur. QarabağdaPadşah oyunu”, Qubadlıda “Şah bəzəmə”, OrdubaddaXan bəzəmə” adı ilə tanınır. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) İlaxır çərşənbədə, Cəbrayılın kəndlərində, Ordubad rayonunda isə Novruz bayramı günlərində - martın 21-22-də keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri Beyləqan rayonunun Günəşli kəndində keçirilən Novruz şənliyinin, o cümlədən “Padşah oyununun iştirakçısı olub. Keçən əsrin ortalarında Cəbrayıl rayonunun Sirik kəndindən Beyləqana gələn bütün sakinlər bayram şənliyində iştirak edir. Həmin gün respublikanın müxtəlif bölgələrində yaşayan siriklilərin də bayramı Günəşli kəndində qeyd etməsi ənənə halını alıb.

Bayrama bir neçə gün əvvəl hazırlaşan cavanlar kəndin stadionunda xüsusi mağar qururlar. Kəndin qız-gəlinləri bayram mərasiminə əllərində xonça və səmənilərlə gəlirlər.

Mərasim başlayandaşahmusiqi sədaları altında, “vəzir-vəkil”in, “fərraş”ların əhatəsində məclisə daxil olur. Stadionda Novruz tonqalı qalanır, kənd sakinləri dövrə vurub yallı gedirlər. Sonraşah” “vəzir-vəkil”in, “fərraş”ların müşayiəti ilə mağara gələrək, “taxt”ında oturur və “səlahiyyət”lərinin icrasına başlayır.

Padşah oyununda “şah”ı “fərraş”lar qoruyur. Mərasimdə “şah” danışmır, “vəzir” isə müəyyən “əmr”lər verir, yanındakı adamlar onun “əmr”lərini icra edirlər. Əmrlərə tabe olmayan, qaydaları pozanlar “fərraş”lar tərəfindən tutularaq “padşah”ın hüzuruna aparılır və “cəzalandırılır”. Məclisdə adamlar əsasən “pulla cərimələnir”. Pullar “xəzinə”də yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunur. Bəzən isə “şah”ın əmri ilə cəza verilən adamı şallaqlayır və ya kəndirə bağlayaraqdar ağacı”ndan asırlar.

Çal-çağırlı bayram mərasimi gecə saatlarınadək davam edir.

Əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan, hazırda Beyləqan rayonu Günəşli kəndində yaşayan Vaqif Əhmədov bildirib ki, kənd sakinləri əsrlər boyu Novruz adətlərini qoruyub saxlayıblar: “Sovet dövründə “Padşah oyununu keçirməyə icazə verilmir, dini don geyindirilirdi. Lakin kənd sakinləri qadağalara baxmayaraq, bu ənənəni yaşadıblar. Bayram keçirilən gün nəinki kənd sakinləri, eləcə də ətraf kəndlərdən və rayonlardan da gəlib mərasimdə iştirak edirlər. Bu bayramda bir-birindən narazı, küsülü insan qalmır”.

Kəndin digər sakini Arif Zamanov deyir ki, hamı bayramda çox həvəslə iştirak edir. Müəyyən səbəblərə görə respublikanın müxtəlif yerlərində olan kənd sakinləri də həmin gün elimizin bu gözəl bayramına qatılır, hər kəs deyir-gülür, rəqs edir. Bayramın qaydalarına görə bəzi insanlar məcazi mənada cəzalandırılır ki, bu da mərasimin maraqlı olması üçündür.

Padşah oyunu” mərasimi Beyləqan rayonunun Günəşli kəndi ilə yanaşı, Bakı şəhərində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlər tərəfindən də qeyd edilir. Ancaq Cəbrayılın Sirik kəndində keçirilən mərasimlər daha maraqlı, daha şən və təmtəraqlı olardı. Bu Novruz günündə ən böyük arzumuz işğal altındakı bütün torpaqlarımızın tezliklə azad edilməsi və növbəti bayramları ata-baba yurdumuzda qeyd etməkdir” - deyə A.Zamanov vurğulayıb.

 

Azərbaycan.- 2018.- 23 mart.- S.4.