Ədəbiyyatda Novruz adət-ənənələri
Xalqımızın minillik tarixini, adət-ənənələrini özündə əks etdirən Novruz bayramı maraqlı mövzulardan biri kimi rəssamların, kinorejissorların, bəstəkarların, yazıçıların və şairlərin də diqqətini çəkir. Klassik şairlərimizdən başlayaraq, bugünümüzədək bədii əsərlərində Novruz adət-ənənələri, müxtəlif mərasimlər təsvir edilməkdədir. Ədəbiyyatşünas F.F.Qasımzadə “Novruz - bahar bayramı” adlı kitabında Xaqani Şirvaninin şeirləri, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemaları, Qazi Bürhanəddinin qəzəlləri, Kişvərinin yaradıcılığı, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin əsərləri, Mikayıl Müşfiqin “Bayram axşamı” şeiri, Hüseyn Cavidin və başqa görkəmli şair və yazıçılarımızın əsərlərindən nümunə gətirərək Novruz bayramının yazılı klassik və son dövr ədəbiyyatımızda əks olunduğunu göstərirdi. XI əsr Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ında, orta əsr şairlərimizdən Sururinin, Şahinin, Həqirinin də öz yaradıcılıqlarında Novruz bayramını vəsf etdiklərindən söz açır, həmçinin Mirzə Fətəli Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah - caduguni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsərlərində Novruz bayramı ilə bağlı məqamları diqqətə çatdırırdı.
Bir dövr gəldi ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini məhv etmək istədilər. Həmin tədbirlər sırasında xalqın qədim Novruz bayramının yaddaşlardan silinməsi də var idi. Lakin buna nail ola bilmədilər. Sovet hakimiyyətinin ən qəddar vaxtlarında da xalq öz bayramını keçirdi. O vaxtlar yaranan ədəbi-bədii nümunələrdə də Novruz adət-ənənələri, müxtəlif mərasimləri təsvir edilirdi.
Yazıçı İsmayıl Şıxlı məşhur “Dəli Kür” romanını 1957-ci ildə yazmağa başladı və 1967-ci ildə tamamladı. Hadisələr XX əsrin əvvəllərində - xalqımızın milli oyanış dövründə kiçik bir Azərbaycan kəndi olan Göytəpədə baş verir. Ədəbiyyatımızda ən yaxşı tarixi roman janrı nümunələrindən sayılan “Dəli Kür”də həm də ailə-məişət məsələlərindən bəhs edilir. Müəllif Novruzu qeyd etməyə hazırlaşan bir kəndin bayram təlaşını, həyəcanını da ustalıqla qələmə alıb: “Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi”.
Bayram axşamı qapı pusmaq, iynəlik
salıb bəxt sınamaq...
Kəndin başqa gənc qızları kimi evdə o yan-bu yana qaçan, anasına və gəlinlərinə əl-ayaq verən Pakizə axşamın tez düşməsini gözləyirdi. Bir azdan Kürün üstünə qanadını gərən axşam kölgəsi sürünə-sürünə kəndə doğru yerisə də, pəncərələrdə solğun işıqlar görünsə də, heç kəs evə girmək istəmirdi. Yaxındakı həyətlərdən birində yandırılan tonqal sanki işarə idi. Ardınca bütün qonşular tonqallara od vurdular. Kənd şəfəqlərə qərq oldu. Cavanlar lopaları yandırıb damların üstünə sancdılar. Fişənglər alovlandı. Oğlanlar bəhsə girişdilər. Onlar öz güclərini göstərir, fişəngləri var qüvvələri ilə yuxarı tolazlayırdılar. Kəndi ahəngdar bir uğultu bürümüşdü. Bu mənzərənin fonunda yazıçı kəndin uşaqlarını da unutmurdu. Onlar da əl-ələ verib tonqalların ətrafında oynayırdılar”. Müəllifin təsvir etdiyi qədim kənddə o gecə hər şey nağıllardakı kimi qəribə idi: “Tonqallar qorlandıqca qığılcım göydə oynayırdı. Bu hal çox davam etmədi. Tonqallar yandı, lopalar söndü, fişənglər öləzidi. Xoş bir yaz axşamı kəndin üstünə qanadını gərdi. Səs-küy azaldı”. Hamı evə çəkildi. Bundan sonra Novruzun daha maraqlı mərasimləri başlayırdı: “Bayram axşamı qapı pusmaq, iynəlik salıb bəxt sınamaq qızların adəti idi. Oğlanlar isə baca-baca gəzərdilər. Onlar balaca heybələrini götürüb damın üstünə çıxar, iplə bacadan içəri sallayardılar. Adət üzrə ev sahibi heybəyə şirniyyat qoymalı idi”. Yazıçı iynəlik salmanı belə təsvir edirdi: “Qızlardan biri gülə-gülə iri bir badyanı su ilə doldurub ortalığa qoydu. “Gəlin iynəlik salaq”. Onlar iki iynə götürdülər. Uclarına pambıq doladılar. Sonra Pakizənin xalasına üz tutdular: “Ay xala, sən de, bu iynə kimin olsun?”. Arvad qızlara xeyli baxdı. Gözünü yaşı on altını ötmüş Fatmaya zillədi: “Qoy onun olsun, hamınızdan böyükdür - dedi. - Oğlanı da özünüz bilərsiniz”. Qızlar iynələri suya saldılar. Pakizə də onlara qoşuldu. Ancaq bir şey başa düşmədiyindən təkrar soruşdu: “Bu iynənin biri Fatmadır, bə o biri kimdir?”. “Onu özü bilər. Ürəyində hansı oğlanı tutubsa, odur”. İynələr suda üzməyə başladı. Qızların nəfəsi suya toxunduqca iynələrdən gah biri qaçır, o biri qovur, gah da əksinə, qaçan dayanır, qovan qaçırdı. Qızlar öz ürəklərində belə hesab edirdilər ki, əgər iynələr birləşsə, demək, oğlanla qız göruşəcək və evlənəcəklər”.
Qeyd edək ki, 1969-cu ildə kinorejissor Hüseyn Seyidzadə İsmayıl Şıxlının ssenarisi əsasında eyni adlı bədii film çəkdi. “Dəli Kür” filmində Novruz bayramı ilk dəfə ekrana təmtəraqla çıxarıldı. O dövrdə Azərbaycanda maarifçilik ideyalarının xalq kütlələri içərisində yayılması prosesindən bəhs edən səhnələrin içərisində Novruz bayramı maraqlı epizod kimi tamaşaçıya xoş təsir bağışladı. Filmdə Novruz bayramının xalq tərəfindən böyük coşqunluqla qeyd olunmasını əks etdirən kütləvi səhnələr, güləş səhnəsi, Çernyayevski ilə kəndli oğlanın yumurta döyüşdürməsi, bacadan şal sallamaq, üzüksalma mərasimləri və digər etnoqrafik lövhələr olduqca diqqətçəkicidir.
Yaza qovuşmağın sevinci
Novruz bayramına yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə istər bədii, istərsə də elmi yaradıcılığında geniş yer verib. “Bayatı düşüncələrim”, “Xıdır Nəbi”, “Novruz” və başqa məqalələrində erkən düşüncədə mövsümlə əlaqədar mərasim nəğmələrinin geniş yayıldığına diqqəti çəkirdi. İlin soyuq qış aylarından başlayaraq qeyd edilən xalq arasında “Novruzqabağı nəğmələr” adı ilə tanınan nəğmələr üç yerə ayrılırdı - “Çillə nəğmələri”, “Çərşənbələr” və “Xıdır Nəbi” nəğmələri. Əzizə xanım “Xıdır Nəbi” bayramı haqqında yazırdı: “Çox-çox uzaq keçmişlərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, Kiçik çillənin qurtardığı son gündə. Yəni, 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub”. Tədqiqatçı “Unudulmuş əziz günlərimizdən” adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: “Çillə çıxarma bayramı təbiətlə bağlıdır. Ən uzun gecə şəbi-yelda gecəsində qaranlıqla bağlı tapmacalar, yanıltmacalar, rəvayətlər söylənər, əylənər, şeirlər oxuyardılar. 40 günlük Böyük çillə dekabrın 21-də girir, yanvarın 31-də qurtarır və 20 günlük Kiçik çillə başlanır”.
El arasında çillə çıxarmaq, çilləyə düşmək, çillə kəsmək kimi ifadələr mövcuddur. Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: “Əhd edən evin sahibəsi gecəyə qonaqlar dəvət edir, evdə kişilərdən biri də qalmır. Bir qoyun kəsilir, həmin qoyunun ətindən gecə səhərə qədər müxtəlif yeməklər bişirilir. Hamı oynayıb, şənlənər, mahnılar oxuyub, lətifələr söyləyər, tapmaca, yanıltmac deyib, üzük falına baxıb, noxud falı açırdılar. Yuxuya getmək olmazdı. Çillə çıxarmaq bayramı üçün qarpız saxlayarmışlar, həmin günü böyük süfrə açar, qarpızı kəsərmişlər:
Qovub qışı, ayazı,
Kəsdik çillə
qarpızı...”.
Əzizə xanım dörd çərşənbənin hər biri haqqında ayrıca məlumatlar verib. Onun sıralamasında birinci əsl çərşənbə “Su” çərşənbəsidir. Bulaqlardan, çaylardan saf, təmiz su gətirib su çərşənbəsi xonçasının ortasına qoyulur. Bu çərşənbədən başlayaraq şam yandırır, plov bişirir, yumurta boyayır, tonqal qalayırdılar. Su dolu camın üstünü örtüb, “üzük fal”ına baxardılar.
O, ilk tonqalların ikinci çərşənbədə - Od çərşənbəsində çatıldığını, şamların yandırıldığını yazırdı: “...şamlar hərənin öz adına yandırılır, tonqallar qalanırdı. Od nəfəsi havanı isidir, insanı günahlardan təmizləyirdi. Bütün çərşənbələrdə yumurta döyüşdürmə adəti vardır. Uşaqlar od-günəş rəmzi xına yaxardılar. Oğlanlar, qızlar ürəklərində niyyət tutub, tonqalın üstündən atılırlar”.
Əzizə Cəfərzadə tariximizin müxtəlif mərhələlərində baş verən hadisələrdən bəhs edən roman, povest və hekayələrində də xalqın arzu-istəklərini, qayğılarını, adət-ənənələrini, folklorunu, məişətini, bayramlarını, bir sözlə, etnoqrafiyasını əks etdirirdi. O, deyirdi: “Millətimin mənliyini təsdiq edən, qədimliyini, ululuğunu özündə daşıyan nə varsa saxlanmasını, unudulmamasını istəmişəm. Odur ki, öyrəndiklərimi yeri düşdükcə yazılarımda qoruyuram. Özümüzlə heç nə aparmamalıyıq. Bildiklərimizi millətin gənc nəslinə qaytarmalıyıq”.
XIX əsr ədəbi fikir ideologiyasının qabaqcıllarından olan şair Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” əsəri də etnoqrafik mərasimlərlə zəngindir. Romanda çəngi məclisi, toy və yas mərasimləri, tasıldöydü, şeir məclisi - “Beytüs-səfa”, çillə çıxarmaq, orucluq bayramı adətləri, müsəlla, qaravəlli, Novruz-ilaxır çərşənbə adətləri, ümumi ibadət və digər mərasimlər təsvir edilib.
Əsərdə Novruz adətlərinin təqdimatı olduqca maraqlıdır. Bayram ərəfəsində və ilaxır çərşənbədə Şirvan camaatının bayramı necə keçirdikləri əks olunub. Romanda falabaxma adəti də öz əksini tapıb. Onlardan biri üzük falıdır. İlaxır çərşənbə günü kəndin qızları bir evə yığışıb, üzüklərini xeyriyə, yəni, içi su ilə dolu mis qaba atır və sıra ilə bayatı deyərək bir-bir üzükləri çıxarırlar. İnanca görə, bayatının məzmunu üzüyü çıxan qızın gələcəyi ilə bağlı olur. Bu əsərdə də Subi, Gülnisə, Töhfə, Ziynət, Kəbutər, Zeyvənisə, Gülbikə Qəmzəgilin evində toplaşır, üzük falına baxırlar. Bir-bir bayatı deyir, üzükləri xeyridən çıxarırlar. Birinci bayatını Kəbutər deyir:
Ağac başında Əli,
Altında yaşıl xəli.
Allah muradın versin -
Ya Məhəmməd,
ya Əli!..
Qəmzə xeyridən Gülbikənin
üzüyünü çıxarır. Fal yaxşı
çıxdığı üçün hamı sevinir, Gülbikəni təbrik edir. Bayatı demək sırası Gülsümə gəlir.
O, deyir:
Əzizim əli bağlar,
Döşənib xalı
bağlar,
Sidqi dürüst olanın,
Kəmərin Əli bağlar...
Qəmzə bu dəfə Subinin üzüyünü
çıxarır. Qızlar onu
təbrik edirlər.
Üzükləri sıra ilə
xeyridən çıxarırlar.
Qəmzənin falı pis çıxır. Bayatı
bəd gəlir:
Şirvanda xan olmuşam,
Çində xaqan olmuşam.
Əlim yerdən
üzülüb,
Yernən yeksan olmuşam.
Qəmzə məyus olur və fal düz
çıxır. Atası onu
sevdiyinə - Məhəmmədə
vermir. Qız xəstələnir. Qəmzənin anası onu
bu bəladan qurtarmaq üçün bütün loğmanlara, təbiblərə müraciət
edir, amma çarə tapılmır.
Göründüyü kimi, hər bir əsər, əslində, müəllifinin
mənsub olduğu xalq, onun adət-ənənələri,
inancları, arzuları,
ümidləri haqqında
məlumat mənbəyidir. Novruz mərasimlərinin
və mövsüm nəğmələrinin yaşadılmasında
da ədəbiyyatın
rolu təqdiqəlayiqdir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2018.- 24 mart.- S.4.