Rəssamın pərvanələri

 

Masanın üstündə şam şölələndikcə alovun ətəyindən mum əriyərək bir rübainin “Bağrına od basan pərvanələr var” misrası ilə göz yaşı kimi damcılayır. Rəssam Mircəlilin də yaratdığı tabloların qarşısında gündüzün kövrəkliyinə və gecənin həzinliyinə söykənib yanmağı var idi. Onun bir-birindən maraqlı, zəngin, bənzərsiz əsərləri tamaşaçıların qəlbinə nur saçmaq, ümid vermək, ucalıqlara qaldırmaq gücünə qadirdir. O, fırçası ilə Tanrının ecazkar rənglərindən bənzərsiz sənət nümunələrini yarada bilən dahiyanə rəssam idi. Ulu öndərin Rusiya mədəniyyətinin beşiyi sayılan Sankt-Peterburqda ali rəssamlıq təhsili almağa göndərdiyi milli kadrlardan biri idi. Naxçıvanın dağlarından qopan şaqraq gülüşü, Piterdən gətirdiyi ziyalı nəcibliyi, kökündən gələn kübarlığı vardı.

Mircəlilin qızı Ləman atasının ölümündən sonra rəssamın Bakıda keçirilən fərdi sərgisində nisgilli bir etiraf etdi: “Drayzer deyib ki, bütün dahilər əcəl qapılarını döyəndən sonra məşhurlaşırlar. Atam da dünyasını dəyişəndə böyüklüyündən xəbərsiz getdi”.

Bizim fırça ustalarının şöhrətə ucalan yolu bir qədər üzüntülüdür. Səbəblər çoxdur. İslam dininin təsiri, bu sənətin Azərbaycan mədəniyyətinə gəlişinin o qədər də qədim olmaması... Digər tərəfdən isə “müasir” və əcaib toy dəstgahlarının bütün dəyərləri sıxışdırıb kölgəyə salması. Az-çox imkanı olan hər kəs toyuna ən bahalı müğənnini səxavətlə çağırmağı şərəf saysa da, bir rəsm əsərini alıb yadigar kimi divarından asmağın nə demək olduğunu anlamaq gücündə deyil. Ona görə də ekranlardan “müğənnilər”in dəbdəbəli villaları, bahalı maşınları, ədalı və bəsit davranışları aramsız olaraq tamaşaçının əsəbləri ilə oynayır. Sanki bu ölkənin rəssam və heykəltəraşları, şair və yazıçıları yoxdur. Pikassonu, ya da yüzlərlə başqa Qərb rəssamını hamı tanıyır, dahi bilir və aramsız olaraq təbliğ edir. Amma bizim Cəlil kimi rəssamlarımıza dahi deməyə dilimiz gəlmir, etiraf edəndə də xeyirdirmi, deyib diksinənlər olur. Vaqif Mustafazadə, Müslüm Maqomayev də Azərbaycandan xaricdə daha çox sevilərdi, əzizlənərdi. Biz isə indi inanırıq...

Mircəlil Seyidovun 60-dan yuxarı tablosu Bakıda Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda tamaşaçıların ixtiyarına verilmişdi. Sərgidə çəkilişlər gedirdi və Cəlil haqqında sənədli film hazırlanırdı. Rəssamın ailəsi, yaxın dostları, yaradıcılığına rəğbət bəsləyənlər bir daha onun fırçasından pöhrələnən harmonik mükəmməlliyin şahidi oldular.

Mircəlilin əsərləri ilə görüşmək üçün vaxtın darlığına, işlərin çoxluğuna məhəl qoymadan ölkənin müxtəlif yerlərindən yüzlərlə adam gəlmişdi. Hətta Türkiyədən də gələn pərəstişkarları var idi.

Mircəlil üçün həyat suallardan və fırçasının kətana hopdurduğu rənglərin musiqisindən ibarət idi. Kimsəyə bənzəməzdi. Bir neçə beynəlxalq müsabiqənin qalibi rəssam İlham Mirzəyev Mircəlilin gənclərə tövsiyəsini xatırlatdı: “O deyərdi, gərək elə çəkəsən ki, əsərin Pikassonun tablosunun yanından asılanda belə, sıxılmayasan, çəkinməyəsən, işin də maraqlı, cəlbedici görünsün”.

M.Seyidov həqiqətən də nadir sənətkarlardan idi. Azərbaycanda rəssamlıq daha geniş inkişaf etdiyindən bizim fırça ustalarının Türkiyə rəngkarlığına da ciddi təsiri mövcuddur. Mircəlil də ömrünün bir qismini Türkiyədə yaşayan rəssam kimi orada daha çox tanınırdı, buradakından az sevilmirdi və bəlkə də daha məşhur idi. Onu rəssamlıqdan dərs verdiyi Ağdəniz Universitetinin İncə sənətlər fakültəsində bu günunutmurlar, yaradıcılığına və şəxsiyyətinə sonsuz rəğbət bəsləyirlər.

Azərbaycanda Mircəlilin şagirdlərini, ondan dərs alan rəssamları barmaqla saymaq olarsa, Türkiyədə onun yetirmələrinin sayı-hesabı yoxdur. Onun Türkiyənin adamlarının yanında nüfuzunun nə qədər böyük olmasını təsdiq edən bir maraqlı fakt var. Ahmet Muhtar Kiziltan adlı adamı M.Seyidovun məsləhəti ilə Antalyada bir qalereya - “Sənət mərkəzi” yaradır. Qalereyanın dizayn işlərində seçilən bütün rənglər Mircəlilin əsərlərindən götürülüb, eyni zamanda Ahmet Muhtar bu “Sənət mərkəzi”ndə M.Seyidovun 20 işini ziyarətçilər üçün zaldan asıb. O sənət mərkəzində Mircəlilin yetirmələri ustadlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirib, onu yad ediblər.

Rafaeli, Mikelancelonu, Vrubelionlarla başqa rəssamı dahi edən birinci öz xalqı olub, sonra onlar bütün dünyada məşhurlaşıblar. Biz də dahilərimizi tanımalı, sevməli, məşhurlaşdırmalı və qorumalıyıq. Bunun üçün mülk sahibləri onlara pul xərcləməlidirlər. Necə ki, Savva Marozovun Pikassodan aldığı iki işin dəyərinə rəssam özünə imarət ala bilir. Necə ki, bu gün Moskvada Ağalarovlar Müslümün xatirəsinə konsertlər həsr edirlər.

Sankt-Peterburqun Ermitajında, Moskvanın Puşkin muzeyində, Tretyakov qalereyasında, “Manej”dəki sərgilərdə müxtəlif vaxtlarda Mircəlilin tabloları asılıb. Dünyanın bir çox ölkələrində, şəxsi kolleksiyalarda azərbaycanlı rəssamın əsərləri qorunur. Onun Bakıda təşkil edilən fərdi sərgisi də əlamətdar bir hadisə idi. Bu sərgi təəssüratların zənginliyi, hisslərin çılğınlığı ilə tamaşaçıların yaddaşında qaldı.

M.Seyidov uzun müddət Rəssamlar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik edib, sonra Türkiyədə çalışıb. O, yaradıcılığında qollarını geniş açaraq dünyanı qucaqlamağa cəhd edir, tablolarında Qərblə Şərqin uğurlu sintezini yaradırdı. Onun əsərlərində zaman minilliklərin dərinliyindən sızan heyrətamiz rənglərlə göy qurşağı kimi bərq vura bilirdi. Dünyaya fərdi baxışı, dərin fəlsəfəsi vardı.

Rəssam ömrünün bir neçə ilini böyük mütəfəkkir, şairdramaturq Hüseyn Cavidin yaradıcılığına həsr edir. “Cavidlə İblisin dialoqu”, “Şairin yuxusu”, “Cavid dünyası” əsərlərində o, Cavidin mürəkkəb həyat fəlsəfəsini, onun faciələrdən, zamanın buxovlarından saflığa ucalan surətini yaratmaqla yanaşı, həm də özünü dərk etməyə çalışır, istedadını mükəmməlliyin zirvələrinə sarı cilalayırdı.

Nazim Hikmət necə dənizə dönmək istəyirdisə, Mircəlilin də yaradıcılığında bir dəniz mövzusu, hədsiz dəniz sevgisi vardı. Onun yaradıcılığının üçüncü bir qolu muğamla bağlıdır. Tablo var ki, onu gözlərinlə görürsən, zövq alırsan. Tablo da var ki, onu görməkdən savayı səsini, musiqisini qulaqlarınla yox, ruhunla eşidirsən. Mircəlilin əsərlərində xalqımızın min illik tarixindən, xalılardan sızan naxışlarla yanaşı, həm də həzinliyi, kövrəkliyi ilə ruhunu yandıran, səni muğamın zənguləsində özündən qoparıb keçmişinə, kökünə qaytaran misilsiz bir qüvvə, bir sehr var. Yəqin elə buna görə də M.Seyidovun əsərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bədii fondunda, Almaniya, Avstriya, ABŞ, Türkiyə, Fransa, İngiltərə və digər ölkələrin muzey və rəsm qalereyalarında, şəxsi kolleksiyalarda özünə yer almışdır.

Hər bir istedadın formalaşması üçün yaradıcı mühit vacibdir. Naxçıvan Muxtar Respublikasında yeni intellektual, yaradıcı rəssamlar nəslinin formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində muxtar respublikadan istedadlı gəncləri təhsil almaq üçün keçmiş Sovet İttifaqının ən məşhur təhsil ocaqlarına göndərirdi. Bunlardan mərhum rəssam Mircəlil Seyidov Sankt-Peterburq, Məmmədəli Ələkbərov Moskva şəhərlərindəki ali rəssamlıq məktəblərində təhsillərini başa vurub muxtar respublikaya peşəkar rəssamlar kimi qayıtdılar. Sərgilərin açılışına ulu öndərin özü gələr, rəssamların işini dəyərləndirər, onları xoş sözlər və dərin mühakiməsi ilə ruhlandırardı. Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov bu günulu öndərin qoyduğu ənənələri davam etdirir.

Azərbaycan mədəniyyəti tarixində unudulmaz iz qoyan istedadlı rəssamın bu dünyadan köçməsi də kədərli əfsanə qədər ürək yandırır. Həyat yoldaşı Südabə xanım rəssamın son anlarını belə xatırlayır:

- Onun vəziyyəti ağırlaşanda xəstəxanaya apardıq, ümid edirdik ki, hər şey yaxşı olacaq, o, yenə qalib gələcək. Cəlil reanimasiyada idi. Biz xəstəxananın dəhlizində pəncərənin yanında gözləyirdik. Göy guruldayır, şimşək çaxır, aramsız leysan yağırdı. Pəncərədən bayıra boylananda gördüm ki, şüşənin arxasında bir kəpənək çırpınır, səmaların gurultusundan, onu aramsız döyəcləyən damcılardan xilas olmaq üçün içəri atılmağa can atır. Heç nəyə gücü çatmadı. Bir neçə dəqiqədən sonra taqətdən düşən qanadlarını iri damcılar qırıb dağıdanda anladım ki, onun ömrü tükəndi. Elə bu an reanimasiyanın qapısı açıldı, onu müalicə edən həkim bizə yaxınlaşıb təəssüflə Mircəlili xilas edə bilmədiyini dedi.

Masanın üstündə şam yanır. Dahi bir rəssamın kövrək ömrünün son akkordu səslənəndə yoldaşı, qızı, oğlu onu xilas etmək üçün pərvanələr kimi başına dolanırdılar. Amma qeybdən gələn bir pərvanə özünü pəncərənin şüşəsinə çırpıb bunun mümkünsüz olduğunu bildirdi. On ilə yaxındır ki, dost bildiyim, qardaş sandığım və daim görüşünə tələsdiyim Mircəlil dünyasını dəyişib. Qalsaydı bu il 70 illiyini keçirəcəkdilər. Bu gün Mircəlilin pərvanələri: qızı, həyat yoldaşı və atasını kəlmələri ilə yox, ürəyi ilə sevən Ələkbər onun 60-dan yuxarı rəsmini göz bəbəyi kimi qoruyurlar.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 24 mart.- S.5.