Ermənistanın Azərbaycana məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir

 

Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinin və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür. Ermənistanın işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayı yolla özü bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır. Buna baxmayaraq, işğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması, talan və məhv edilməsi halları dəqiqliklə müəyyən olunub.

Beləliklə, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən 738 tarixi abidə, 83500-dən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 maddi-mədəniyyət resursu talan edilibvandalizm obyektinə çevrilib. Cəbrayıl rayonunda XVII əsrə aid məscid kompleksi, Şuşa şəhərində XVIII əsrə aid Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, XIX əsrə aid Ağdam məscidi nəinki dağıdılıb və talan edilib, donuzmal-qara yerləşdirməklə tövlə edilib və təhqir obyektinə çevrilib. Həmçinin Şuşa şəhərində Vaqifin Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb və talan edilib.

İşğal olunmuş Xocalı, Kəlbəcər, Laçın, Xocavənd və digər rayonlarda yerləşən və erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, arxitektura xüsusiyyətləri dəyişdirilərək erməni kilsə abidələri kimi təqdim edilir. Kəlbəcər rayonu ərazisində yerləşən orta əsrlərə aid Gəncəsar və Xudavəng alban xristian kilsələri xüsusilə qeyd edilməlidir. 2003-cü ildən etibarən Azıx mağarasında və Ağdam ətrafında qeyri-qanuni arxeoloji qazıntılar aparılır.

Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus mədəni irseyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayı” və yaXan sarayı” adlı saraylar kompleksivar. Yerevandakı Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

Mədəniyyət və Turizm NazirliyiXarici İşlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” adlı müfəssəl hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunub.

Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barədə mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015-ci, 2016-cı və 2017-ci illərdə Küveyt, Özbəkistan və Kotdivuarda keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasında qəbul olunub.

Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə faktaraşdırıcı missiyanın təşkil olunması məsələsini beynəlxalq səviyyədə dəfələrlə qaldırıb. Maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vəhşiliklərə görə daşıdığı məsuliyyətini dərk edən Ermənistan hər bir vəchlə buna imkan vermir. Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin yanvar ayında UNESCO-nun baş katibi Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüşü zamanı UNESCO-nun işğal olunmuş ərazilərimizə faktaraşdırıcı missiya göndərməsi məsələsini bir daha qaldırıb.

Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqaya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. İkinci Protokolun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixiya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi və qarşısının alınması kimi öhdəliyini təsbit edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti daşıyır.

Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi birgə səylərlə Ermənistanın işğal olunmuş ərazilərimizdə, o cümlədən Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi maddi-mədəni irsə qarşı vandalizm əməllərini beynəlxalq səviyyədə təqdim etməkdə davam edəcək.

 

Azərbaycan.- 2018.- 28 mart.- S.4.