“Xocalı
dərsi” filminin təqdimatı olub
Martın 29-da Beynəlxalq
Mətbuat Mərkəzində
“ARB Aran” və “Qulp Studio”nun Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə çəkdiyi “Xocalı dərsi” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər
verir ki, filmin məsləhətçisi
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov, ssenari müəllifi və rejissoru əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran əsərində Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri,
nəticələri və
beynəlxalq aləmdə
tanınması” kitabındakı
faktlardan istifadə olunub.
Filmlə bağlı
məlumat verən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik ekran əsərində 1992-ci il
fevralın 25-dən 26-na keçən
gecə erməni qəsbkarlarının dinc
azərbaycanlılara qarşı
Xocalı şəhərində
törətdiyi soyqırımının
dünya mətbuatında
necə işıqlandırıldığı
göstərilir, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən
“Xocalıya ədalət!”
beynəlxalq təbliğat
və məlumatlandırma
kampaniyası çərçivəsində
görülən işlər
və nəticədə
bir çox ölkələrin bu soyqırımını tanıması
haqqında ətraflı
məlumat verilir. Bildirilir ki, məhz bu tədbirlərdən
sonra Berlin, Sarayevo, Haaqa, Mexiko, Ankara, İzmir, İzmit, Kocaeli, Sakarya, Uşak şəhərlərində
Xocalı faciəsi qurbanlarının xatirəsinə
abidələr qoyulub.
Xocalı soyqırımı
indiyədək Meksika,
Pakistan, Kolumbiya, Çexiya,
Bosniya və Herseqovina, İordaniya,
Panama, Peru, Honduras, Qvatemala, Sudan, Sloveniya, İndoneziya, Paraqvay, Cibuti, Şotlandiya, ABŞ-ın
24 ştatı, həmçinin
İslam Əməkdaşlıq
Təşkilatı tərəfindən
tanınıb və pislənilib.
Tədbirdə çıxış edən
Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər
şöbəsinin müdir
müavini Ərəstun
Mehdiyev qeyd edib ki, bu
film Azərbaycan tarixinin
qanlı səhifələrindən
birinə həsr olunub. O, son 200 il ərzində
tariximizdə ermənilərin
Azərbaycan ərazilərinə
köçürülməsinə, onların əzəli torpaqlarımıza əsassız
iddialarına, azərbaycanlıların
deportasiyaya, etnik təmizləməyə, soyqırımlarına
məruz qalmalarına
dair kifayət qədər faktların olduğunu bildirib.
Prezident Administrasiyasının rəsmisi
qeyd edib ki, deportasiya, etnik təmizləmə, soyqırımı hadisələrindən
biri də ermənilər tərəfindən
Xocalıda törədilən
faciədir. Saxta sovet ideologiyası
nəticəsində tariximiz
unudulub, gənc nəsillər bu həqiqətlərdən zamanında
xəbər tuta bilməyib. Buna görə də ermənilər zaman-zaman xalqımıza qarşı
qanlı cinayətlər,
soyqırımı əməlləri,
Xocalı qətliamı
kimi faciələr törədiblər. Odur
ki, hər birimiz bu hadisələrdən
ibrət dərsi götürməliyik, tarixi
reallıqları araşdırmalıyıq,
erməni faşizminin
xalqımıza vurduğu
zərbələrin beynəlxalq
ictimaiyyətə çatdırılması
üçün daha çox iş görməliyik. Bununla bağlı artıq
dövlət səviyyəsində
kütləvi tədbirlər
həyata keçirilir.
1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi ərəfəsində
dövlətimizin başçısı
Sərəncam imzalayaraq
bu həqiqətlərin
obyektiv araşdırılması,
təhlil olunması və beynəlxalq ictimaiyyətə çatdırılması
üçün vəzifələr
müəyyən edib.
Dövlətlə yanaşı, tarixçilərin,
siyasətçilərin, KİV-lərin, QHT-lərin də Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasına öz töhfələrini
vermələri önəmlidir.
Ərəstun Mehdiyev qeyd edib
ki, görülən işlərdən danışanda
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
2008-ci ildən həyata
keçirilən “Xocalıya
ədalət!” kampaniyası
xüsusi qeyd olunmalıdır. Bu kampaniya
çərçivəsində həyata keçirilən
işlər Xocalı
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasına
mühüm töhfə
verib. Prezident Administrasiyasının rəsmisi bildirib ki, təqdimatı keçirilən film Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
işinə stimul olacaq. O, gələcəkdə
“Xocalı dərsi” sənədli filminin əsasında bədii
film də çəkilə
biləcəyini qeyd edib.
Sonra film nümayiş etdirilib. Filmdə erməni
işğalçılarının Xocalıya hücum etdiyi gecə dörd gün meşədə gizlənən
bir ailənin çəkdiyi əzablardan
da söhbət açılır. Hadisənin
canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri
xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən
danışır, anası,
atası və 16 yaşlı kiçik bacısının meşədə
öldüklərini bildirir.
Xocalıdan olan ailənin
sağ qalan üzvlərini ermənilər
əsir götürüb,
bir müddətdən
sonra Azərbaycan tərəfinin apardığı
danışıqlar nəticəsində
onlar azad ediliblər.
Sənədli filmdə
Xocalı soyqırımının
dünyada tanıdılması
və erməni faşistlərinin cəzalandırılmasının
zəruriliyi barədə
fikirlərini bölüşən
Azərbaycan Prezidentinin
köməkçisi Əli
Həsənov Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən “Xocalıya
ədalət!” kampaniyasını
yüksək qiymətləndirir.
Filmin nümayişindən
sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
professoru Elçin Əhmədov, “Xocalı Soyqırımını Tanıtma”
İctimai Birliyinin sədri Şamil Sabiroğlu, bu təşkilatın Qadınlar
Şurasının sədri,
Xocalıdan olan köçkün Ayna Novruzova, Cəbrayıl rayonunun Tatar kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sərfinaz Mərdanlı ekran əsəri ilə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər azərbaycanlılara
qarşı soyqırımı törədən Ermənistanın
gec-tez mütləq layiqli
cəzasını alacağına, ordumuzun
torpaqlarımızı işğaldan azad edəcəyinə əminliklərini
vurğulayıblar.
Azərbaycan.-
2018.- 30 mart.- S.5.