Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin
açılış mərasimi olub
Birinci
vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib
Martın 30-da Bakıda,
İçərişəhərdə Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzinin açılış mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün - ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Onu həm Azərbaycanda, həm də xaricdə tanıyır, sevir və görkəmli yazıçı kimi yüksək qiymətləndirirlər.
Xalq Yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi martın 30-dan etibarən İçərişəhərdə fəaliyyətə başlayır.
Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış oldu.
Yazıçının
həyat yoldaşı Anna İbrahimbəyova Birinci
vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, burada Maqsud
İbrahimbəyovun muzeyi, yazıçının
kitabxanası və ədəbiyyat otağı yerləşir.
Ədəbiyyat otağında yazıçının
müxtəlif illərdə həm rus, həm Azərbaycan
dillərində nəşr olunan, həm də
36 xarici dilə tərcümə edilən kitabları təqdim
olunur. Burada, həmçinin yazıçının əsərlərinin
dərc olunduğu bütün dərgilər toplanıb. Bundan başqa, eksponatlar arasında Maqsud İbrahimbəyovun
ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahələrində
əldə etdiyi nailiyyətlərə görə müxtəlif
vaxtlarda təltif olunduğu orden və medallar, digər
mükafatlar, deputat mandatları, fəxri fərmanlar, həmçinin
2012-ci ildə yazıçının Nobel mükafatına
namizədliyinə dair sənəd də var.
Maqsud İbrahimbəyov iki azərbaycanlı zadəgan ailəsinin xələfi olub: atası Məmmədibrahim Əhməd oğlu İbrahimbəyov, anası Fatma Ələkbər qızı İbrahimbəyova-Məşədibəyova. Yaradıcılıq Mərkəzində Məşədibəyov və İbrahimbəyov ailələrinin fotoşəkilləri, eləcə də onlara məxsus qədim məişət əşyaları təqdim edilir. Mərkəzdə, həmçinin Maqsud İbrahimbəyova məxsus silah kolleksiyasının nümayiş olunduğu zal var. Maqsud İbrahimbəyov silah kolleksiyası toplayırdı. Onun kolleksiyasında dünyanın müxtəlif ölkələrindən gətirilən və ya dostları tərəfindən hədiyyə olunan qədim silahların nadir nümunələri var. Burada kitabxana və konfrans zalı da yerləşir.
Birinci vitse-prezident Mehriban Əliyeva Yaradıcılıq Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı.
Anna İbrahimbəyova Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Xalq Yazıçısının “Qoy, o bizimlə qalsın” və “Ondan yaxşı qardaş yox idi” kitablarını hədiyyə etdi.
Sonra Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun sədri olduğu və zadəgan nəslindən olan şəxslərin şəcərəsini tanıtmaq və yaddaşlarda qoruyub saxlamaq məqsədini daşıyan Əsilzadələr Məclisinin 2006-cı ildə imzaladığı, İlham Heydər oğlu Əliyevin və Mehriban Arif qızı Əliyevanın Əsilzadələr Məclisinin üzvü olduqlarını təsdiqləyən şəhadətnamələri Birinci vitse-prezidentə təqdim etdi. Şəhadətnamələrdə qeyd edilir ki, bu sənədin sahibinin bütün nəsli Azərbaycanın Əsilzadələri cərgəsində hesab olunur.
Qeyd edək ki, 2016–2017-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Mərkəzin binasında əsaslı bərpa və konservasiya işləri aparılıb. Azərbaycan Prezidentinin 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən indi bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzinin fəaliyyəti gənc yazıçılara dəstək, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği, yaradıcı gənclər üçün kreativ mühitin yaradılması və xarici ölkələrin mədəniyyət təşkilatları ilə əməkdaşlığa yönəlib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərkəzin açılış mərasimində çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli Anna xanım.
Xanımlar və cənablar,
əziz dostlar.
Bu gün bizim sevimli
paytaxtımızın mərkəzində, qədim
İçərişəhərdə görkəmli Azərbaycan
yazıçısı Maqsud İbrahimbəyovun
Yaradıcılıq Mərkəzi açılıb. Bu, çox əlamətdar
və rəmzi məna daşıyan hadisədir. Ona görə əlamətdardır ki, bu Mərkəz
ölkəmizin mədəni, ədəbi, mənəvi,
ictimai-siyasi irsinə mühüm töhfələr verən
böyük insanın, görkəmli Azərbaycan
yazıçısının xatirəsini əbədiləşdirir.
Eyni zamanda, bu, çox rəmzi məna
daşıyır. Səbəbini izah etmək
üçün mən sizə bu evin tarixi haqqında qısa
məlumat vermək istəyirəm. Bu,
çox maraqlıdır. Dinləyin: Maqsud İbrahimbəyovun
Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina
1914-cü ildə onun babası, neft sənayeçisi Ələkbər
Məşədibəyov üçün məşhur memar
Əhmədbəy Zivərbəyov tərəfindən
inşa olunub. Yazıçının anası,
1924-cü ildə güllələnən Məşədibəyovun
7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə də buradan
köçürülüb. İnqilabdan
sonra XX əsrin 70-ci illərinədək bina kommunal mənzillərin
olduğu yaşayış evi kimi istifadə edilib. 1941-1945-ci illərdə - Böyük Vətən
müharibəsi dövründə isə binanın zirzəmisi
bomba sığınacağı kimi fəaliyyət göstərib.
1978-ci ildən bu binada Sülhü Müdafiə
Komitəsi yerləşib. 1983-2016-cı
illərdə həmin komitəyə Maqsud İbrahimbəyov rəhbərlik
edib. Komitə vətənpərvərliyin
təbliği ilə, xeyriyyəçiliklə, uşaqlara,
yoxsul ailələrə və müharibə veteranlarına
yardım göstərməklə məşğul olub. 1993-cü
ildən Maqsud İbrahimbəyovun sədrlik etdiyi
dünyanın peşəkar yazıçılarını
birləşdirən yeganə beynəlxalq təşkilatın
bir hissəsi olan Azərbaycanın “PEN klub”u bu binada fəaliyyət
göstərib. 1999-cu ildən binada Maqsud
İbrahimbəyovun Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi
ilə yaratdığı “Əsilzadələr Məclisi” fəaliyyət
göstərib. Bina 2001-ci ildən
İçərişəhər Dövlət Qoruğunun
tarixi abidələr siyahısına daxil edilib. 2016-2017-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi
ilə binada əsaslı təmir və bərpa işləri
aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin
2018-ci il 1 fevral tarixli Sərəncamı
ilə bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
yaradılıb.
Əziz dostlar, bina hörmətli
Maqsud müəllimin ailəsi tərəfindən ailə
üçün inşa olunub. Yüz ildən artıq
müddət keçəndən sonra biz böyük bir
insanın, görkəmli yazıçı Maqsud İbrahimbəyovun
Yaradıcılıq Mərkəzini açdıq. Hesab edirəm ki, indi biz hamımız tarixi ədalətin
təntənəsinin şahidləriyik və bu, çox
gözəldir. Son dərəcə parlaq,
çoxşaxəli, qeyri-adi, hədsiz istedadlı insan -
Maqsud müəllim təəssüf ki, artıq iki ildir
aramızda yoxdur. O, əsl vətənpərvər idi.
O, bütün qəlbi ilə Azərbaycana, öz
torpağına bağlı idi. O, cəsarətli vətəndaş
mövqeyi olan insan idi. O, öz ideallarını və prinsiplərini
bütün həyatı boyu dəyişməyib. O, uzun
ömrünü səmimi, hər şeylə maraqlanan, biganəlikdən
uzaq bir insan kimi yaşadı. O, həyatdan getdi, ancaq onun əsərləri,
böyük bədii-mənəvi irsi - kitabları, pyesləri,
ssenariləri, esseləri qaldı. Onun hər bir əsəri
bu günümüz və dünənimizlə heyrətamiz dərəcədə
səsləşir və şübhə etmirəm ki, sabah da aktual olacaq. Onun hər bir əsəri
yaşayır. Buna görə də Maqsud
müəllim yaşayır. İnsanlar -
onun dostları, yaxınları, doğmaları, onu sevən,
ona hörmət edən, həyatının bütün mərhələlərində
onun yanında olan insanlar qalır. Ən əsası
da, Maqsud müəllimin ilham pərisi Anna xanım
buradadır. Anna xanım, mən təşəbbüsünüzə
görə sizə dərin minnətdarlığımı
bildirmək istəyirəm. Çünki
məhz sizin təşəbbüsünüz sayəsində
bu gün bu Mərkəz açılır. Mən sizinlə daha yaxın ünsiyyətdə
olduğum bu bir neçə ildə sizə böyük
hörmət bəsləyirəm, sizi çox sevirəm.
Amma bu Mərkəzin yaradılması üzərində
sizinlə birlikdə işləyərkən sizin iradi qüvvənizə,
səbrinizə heyran qalmışam. Çünki
mən başa düşürəm ki, bu şəxsi əşyaları,
arxivləri yığmaq, onları sistemləşdirmək
asan deyildir. Bu gün də sizin
üçün asan deyil. Bu gün siz yəqin
ki, ikili hisslər keçirirsiniz. Bir tərəfdən,
sevimli və doğma insanın yanınızda olmamasından
doğan qüssə və ağrı, digər tərəfdən,
yəqin sevinc hissi keçirirsiniz ki, bu ocaq, bu ev,
bu Mərkəz var.
Mən, ilk növbədə,
bu Mərkəzin yaradılmasında iştirak edənlərin
hamısına təşəkkür etmək istəyirəm. Heydər
Əliyev Fondunun əməkdaşlarına xüsusi minnətdarlığımı
bildirmək istəyirəm. Çünki
biz hamımız böyük məhəbbət və məsuliyyətlə
bu işə yanaşdıq. Bu Mərkəz Maqsud müəllimin
adına layiq olmalı idi. Arzulayırdıq
və əlbəttə çalışırdıq ki, biz hər
şeydən əvvəl binanın tarixi simasını bərpa
etməklə yanaşı, onun daxilində hər zaman Maqsud
müəllimin özünün yaratdığı atmosfer
hiss olunsun. O, əsl istedadlı insan kimi elə müsbət
enerji aşılayırdı ki, onunla bir dəfə ünsiyyətdə
olduqdan sonra sanki sehrlənir və onun yanında olmaq istəyirdin.
Mən çox ümid edirəm ki, bu ev də
belə olacaq. Ona görə, bir daha demək istəyirəm,
bizim hörmətli Maqsud müəllimin Yaradıcılıq
Mərkəzini məhz bu evdə açmağımız
tamamilə ədalətlidir. Çox istəyirəm
ki, burada onun bəyəndiyi, yaratdığı və
yaşadığı mühit olsun. Düşünürəm
ki, bu yer istedadlı gənclərin müxtəlif
görüşlərinin keçirildiyi, azərbaycanlı
yazıçıların, ədiblərin dəstəkləndiyi,
ədəbi-bədii gecələrin təşkil olunduğu məkan
olacaq. Yəni, mən ümid edirəm, sadəcə
ümid etmirəm, həm də bilirəm ki, Mərkəzə
Anna xanım rəhbərlik edəcək. Ona görə
də əminəm ki, başqa cür ola
da bilməz. Burada məhz Maqsud müəllimin
arzu etdiyi kimi olacaq. Ruhu şad olsun!
Mən sizin hamınıza,
ilk növbədə, Anna xanım, sizə xoşbəxtlik,
cansağlığı arzulayıram. Qoy, siz uzun illər
sağlam, gümrah, bugünkü kimi gözəl
olasınız və hamıdan artıq sizə məlum olan və
təəssüf ki, Maqsud müəllimin həyata keçirməyə
macal tapmadığı ideya və fikirlərini gerçəkləşdirəsiniz.
Çox sağ olun.
***
Yazıçının həyat
yoldaşı Anna
İBRAHİMBƏYOVA Maqsud İbrahimbəyovun xatirəsinə
göstərilən hörmətə və Mərkəzin
yaradılması ilə bağlı dəstəyə görə
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya təşəkkürünü bildirərək
dedi:
-Əziz dostlar, nə
yaxşı ki, siz gəlmisiniz. Çox sağ
olun.
Mən Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzini yaradan Heydər Əliyev
Fonduna çox minnətdaram. Mehriban xanım, dəstəyə,
iştiraka, Maqsud müəllimə, onun
yaradıcılığına olan gözəl münasibətə
görə çox sağ olun. Mən isə
öz növbəmdə çalışacağam ki, bura
maraqlı olsun və sizin hamınız buraya məmnuniyyətlə
gələsiniz.
***
Sonra Xalq
Yazıçısının həyat və fəaliyyətini
əks etdirən fotolardan ibarət videoçarx nümayiş
etdirildi.
Videoçarx Maqsud
İbrahimbəyovun “Uzun ömür yaşayın və qoy
sizin ömrünüzün hər günü sevinclə dolu
olsun” sözləri ilə yekunlaşır.
Yazıçının
dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun
birinci müavini Mixail QUSMAN çıxışını
Maqsud İbrahimbəyova müraciətlə başladı. “Burada sənin dostların,
səni sevənlər toplaşıblar”, - deyən Mixail Qusman
“Əsilzadələr Məclisi”nə rəhbərlik edən
Maqsud İbrahimbəyovun özünün həm genetik, həm
ruhən zadəgan nəslindən olduğunu vurğuladı.
TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini vətənpərvərliyin
və xeyriyyəçilik fəaliyyətinin təbliği,
uşaqlara, yoxsul ailələrə və müharibə
veteranlarına yardım göstərməklə məşğul
olan Azərbaycan Respublikasının Milli Sülh Komitəsinin
rəhbəri Maqsud İbrahimbəyovun bu sahədəki fəaliyyətinə
toxundu və “Sənin kimi insanlar olmadan bu dünyanı xilas
etmək mümkün deyil” söylədi.
Bakı Musiqi Akademiyasının
rektoru, Xalq Artisti Fərhad BƏDƏLBƏYLİ
yazıçı ilə hər görüşdə bir–birilərinə
şeirlər həsr etdiklərini bildirdi və iyirmi il bundan əvvəl Maqsud İbrahimbəyova
yazdığı şeirini oxudu.
Qeyd edək
ki, Xalq Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən
tərzdə qeyri-adi və gündəlik hadisələr haqda
yazırdı, personajlarının mənəvi
dünyasını dərindən tədqiq edərək,
xasiyyətlərini oxucuya çatdırırdı. Bir
çox əsərlərində yazıçı ümumbəşəri
problemlər kontekstindən
çıxış edərək, öz ənənələri
ilə güclü olan Şərq insanının həyat tərzini
göstərirdi. Ötən əsrin 60-cı illərində ədəbiyyata
qədəm qoyan nəslin nümayəndəsi kimi o,
müasirlərinin rəngarəng, dolğun obrazlarını
yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının
dərin hörmət və ehtiramını qazanıb. Maqsud
İbrahimbəyovun yaradıcılığında Azərbaycan
xalqının milli xüsusiyyətləri, adət-ənənələri,
xüsusilə Bakının özünəməxsus
koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb.
Azərbaycan.-
2018.- 31 mart.- S.1-2.