Monteneqro Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir
Martın 14-də Milli Məclisin sədri
Oqtay Əsədov ölkəmizdə səfərdə olan
Monteneqro parlamentinin sədri İvan Brayoviçin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, sədr bu cür görüşlərin Azərbaycan-Monteneqro münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, əməkdaşlığımız müsbət dinamikaya malikdir. İki ölkə arasında siyasi dialoqun davamlı şəkildə aparılması, dövlət başçıları və nümayəndə heyətləri səviyyəsində mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsi, aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“İqtisadi sahədə əlaqələrimiz mövcud potensiala cavab verməsə də, bu sahədə yaxın gələcəkdə irəliləyişə nail olunacağına inanırıq. Hökumətlərarası Komissiyanın yaradılması bu fikri bir daha təsdiqləyir. Mədəni və iqtisadi əlaqələr üzrə “AzMont” Mərkəzinin fəaliyyətə başlaması birgə səmərəli fəaliyyət üçün yaxşı imkanlar açır. Bu gün Azərbaycan sərmayəsi Monteneqro iqtisadiyyatının inkişafında fəal iştirak edir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə öz töhfəsini verib. Ölkəmizin fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin reallaşması Avropanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq”, - deyə Oqtay Əsədov vurğulayıb.
Milli Məclisin sədri münasibətlərimizin daha da dərinləşməsi baxımından hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və prinsipial məsələlər üzrə aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir. Spiker ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransında Monteneqro deputatlarının iştirakının mövcud münasibətlərin dərinləşməsinə xidmət etdiyini söyləyib.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsində Monteneqronun ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk.
Spiker bu
gün Azərbaycanın nüfuzlu
beynəlxalq tədbirlərə müvəffəqiyyətlə
ev sahibliyi etdiyinə
diqqət çəkərək “Ekspo 2025”
Ümumdünya Sərgisinə
Bakının ev sahibliyi
etmək üçün namizədliyinin Monteneqro tərəfindən dəstəklənəcəyinə
ümidvar olduğunu bildirib.
Monteneqro parlamentinin sədri İvan Brayoviç İpək Yoluna Dəstək Qrupunun Bakı Konfransında iştirakından və səfər çərçivəsində ölkəmizdə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bakının gözəlliyinə məftun olduğunu dilə gətirən qonaq dost Azərbaycan xalqının əldə etdiyi nailiyyətlərə sevindiklərini bildirib. O, Milli Məclisdə deputatların fəaliyyəti üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Qeyd edilib ki, Monteneqro Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Əlaqələrimizin möhkəmlənməsi üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsini xüsusi vurğulayan qonaq iqtisadi sahədə də tezliklə yüksək göstəricilərə nail olacaqlarını söyləyib. O, ölkəsinin NATO-ya tamhüquqlu üzv olduğunu, Avropa İttifaqı ilə üzvlük barədə intensiv danışıqlar aparıldığını deyib. Bildirilib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə inanır.
Parlamentlərarası əlaqələrin inkişafının münasibətlərimizin dərinləşməsində böyük rol oynadığını söyləyən İvan Brayoviç dostluq qrupu üzvlərinin mütəmadi səfərlərini önəmli hesab edib.
Azərbaycan.-
2018.-15 mart.- S.3.