Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Prezidenti İlir Meta ilə görüşüb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, iki il əvvəl Albaniyanın spikeri kimi Azərbaycana səfər etdiyini xatırladan İlir Meta prezident vəzifəsində ilk dəfədir ölkəmizə gəldiyini bildirdi. Bu səfərdən məmnunluğunu ifadə edən Albaniya Prezidenti VI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxundu. Bakının beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyini bildirən Prezident İlir Meta ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən işlərə görə minnətdarlığını ifadə etdi.

İlir Meta Albaniyada TAP-ın icrası ilə bağlı işlərin uğurla getdiyini dedi. O qeyd etdi ki, Albaniyanın qazlaşdırılması üçün bu layihə çox önəmlidir.

Prezident İlham Əliyev Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığımızı daha da möhkəmləndirdiyini vurğuladı. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu layihənin əhəmiyyətinə toxundu. Enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən Prezident İlham Əliyev bir ay əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Albaniya nümayəndə heyətinin iştirakını xatırlatdı.

 

Azərbaycan.- 2018.-16 mart.- S.5.